12 yanvar 2026-cı il tarixində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında baş tutan Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair Dövlət Proqramına həsr olunan müşavirə özlüyündə Azərbaycan Respublikasında su ehtiyatları və su infrastruktrunun idarə olunması istiqamətində tam yeni mərhələ və bu istiqamətdə müşahidə olunan problemlərin həllinə dair yeni yol xəritəsi hesab oluna bilər. Azərbaycanda, xüsusən Bakı və Abşeron yarımadasında su təchizatı ilə bağlı bu və ya digər formada müəyyən problemlər müşahidə olunur və indiyə qədər çoxsaylı mütəxəssislər, ayrı-ayrı qurumlar məsələ ilə bağlı öz təklif və tövsiyələrini, narahatlıqlarını dilə gətiriblər, amma bu günə qədər səslənən fikirlərin heç biri cənab İlham Əliyevin dünənki müşavirədə səsləndirdiyi problemlər qədər əhatəli və dəqiq konturlara malik olmayıb.
Dövlətimizin başçısı çıxışında son iyirmi il ərzində ölkə üzrə icra edilmiş regional inkişaf proqramlarının nəticələrinə toxunaraq enerji, qazlaşma, yol-nəqliyyat və su infrastrukturu sahələrində əsas problemlərin mərhələli şəkildə həll olunduğunu qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, bu müddət ərzində həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın enerji və su təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə və iqtisadi inkişafın sürətləndirilməsinə xidmət edib. Bununla belə, Bakı şəhəri və Abşeron yarımadasında içməli su, kanalizasiya və yağış suları sistemləri uzun illər formalaşmış struktur problemləri səbəbindən xüsusi diqqət tələb edən sahə olaraq qalır.
Prezident İlham Əliyev bildirib ki, iqlim dəyişikliyi, yağıntıların azalması, su ehtiyatlarının böyük hissəsinin ölkə hüdudlarından kənarda formalaşması, eləcə də əhali və sənayenin artan tələbatı su təhlükəsizliyi məsələsini strateji müstəviyə çıxarıb. Bu baxımdan Bakı şəhərini, Sumqayıtı və Abşeron rayonunu əhatə edən, genişmiqyaslı və uzunmüddətli Dövlət Proqramının hazırlanması zəruri olub. Dövlət Proqramının əsas məqsədi paytaxt regionunun dayanıqlı içməli su ilə təmin edilməsi, su itkilərinin minimuma endirilməsi, kanalizasiya və yağış suları infrastrukturunun müasirləşdirilməsi, Xəzər dənizinin ekoloji mühitinin qorunması və su sektorunda müasir idarəetmə mexanizmlərinin tətbiqidir.
Qeyd olunub ki, 2035-ci ilə qədər icrası nəzərdə tutulan bu Proqram dövlət büdcəsi və xarici maliyyə mənbələri hesabına maliyyələşdiriləcək, nəticədə yeni su anbarlarının tikintisi, magistral və paylayıcı şəbəkələrin yenidən qurulması, sayğaclaşdırmanın tam təmin edilməsi və fasiləsiz içməli su ilə əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi mümkün olacaq. Prezident İlham Əliyev vurğulayıb ki, proqramın icrası ciddi nəzarət mexanizmləri və ictimai şəffaflıq prinsipləri əsasında həyata keçirilməli, görülən işlər cəmiyyət üçün açıq və aydın şəkildə təqdim olunmalıdır.
Qlobal iqlim dəyişikliklərinin yaratdığı su qıtlığı şəraitində Dövlət Proqramında nəzərdə tutulan dəniz suyunun duzsuzlaşdırılması və tullantı sularının təkrar emalı layihələri xüsusi strateji əhəmiyyət daşıyır. Bu yanaşma Bakının içməli suya olan tələbatının alternativ mənbələr hesabına qarşılanmasını təmin etməklə yanaşı, su ehtiyatlarının idarə edilməsində qabaqcıl beynəlxalq təcrübənin ölkəmizə transferini nəzərdə tutur. Eyni zamanda, Proqram çərçivəsində şəhər ərazisində mövcud olan subasma risklərinin mərhələli şəkildə aradan qaldırılması da əsas hədəflər sırasındadır. Yağış sularının toplanması və idarə olunması sistemlərinin modernləşdirilməsi ekoloji təhlükəsizliyin möhkəmləndirilməsinə, paytaxtın mühəndis-kommunikasiya infrastrukturunun isə daha dayanıqlı və çevik şəkildə fəaliyyət göstərməsinə imkan yaradacaq.
su ehtiyatlarının qorunması və alternativ mənbələrin yaradılması artıq seçim deyil, zərurətə çevrilib.
Dövlətlərin inkişaf strategiyalarında su təhlükəsizliyi milli təhlükəsizlik anlayışının ayrılmaz tərkib hissəsi kimi ön plana çıxır. Azərbaycanın da bu qlobal tendensiyadan kənarda qalmaması, əksinə, proseslərə qabaqlayıcı və strateji yanaşma nümayiş etdirməsi ölkənin gələcək inkişaf xəttinin əsas göstəricilərindəndir. Su qıtlığı dünyanı alternativ və dayanıqlı həll yolları axtarmağa məcbur edir. Bu çağırışlara çevik və strateji yanaşma sərgiləyən Azərbaycan su təminatı sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyur və inqilabi yeniliklərin tətbiqinə start verir. 2026-2035-ci illəri əhatə edən Dövlət Proqramının ən mühüm və strateji sütunlarından biri məhz dəniz suyunun duzsuzlaşdırılması texnologiyasının geniş miqyasda tətbiqidir. Layihənin əsas məqsədi müasir və innovativ üsullar hesabına illik 100 milyon kubmetr içməli su ehtiyatının yaradılmasıdır. Bu göstərici sadəcə texniki bir parametr deyil, Bakı və Abşeron yarımadasının uzunmüddətli su təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması deməkdir. Dəniz suyunun duzsuzlaşdırılması layihəsi tükənməkdə olan təbii mənbələrdən- çaylar və göllərdən asılılığı minimuma endirməklə, əhalinin fasiləsiz və stabil su təminatını ən yüksək səviyyəyə çatdıracaq.
Ümumilikdə qəbul edilən bu Dövlət Proqramı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın su təsərrüfatında yeni bir inkişaf mərhələsinin başlandığını nümayiş etdirir. Atılan addımlar yalnız bugünkü ehtiyaclara deyil, eyni zamanda, gələcək nəsillərin su təhlükəsizliyinin təmin olunmasına hesablanıb. İnfrastrukturun modernləşdirilməsi, şəhər və kənd yaşayış məntəqələrinin dayanıqlı su təchizatı ilə təmin edilməsi, ekoloji balansın qorunması və təbii resurslardan səmərəli istifadə ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas tərkib hissəsidir. Bu proqramın uğurla icrası Azərbaycanın sosial rifahının yüksəldilməsinə, iqtisadi dinamikasının gücləndirilməsinə və ekoloji sabitliyinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək.
Nübar Bayramova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru, YAP fəalı
