Şəmkir Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, o cümlədən rayon ictimaiyyəti əvvəlcə Şəmkir şəhərində yerləşən 20 Yanvar qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə gül dəstəsi qoydular.
Matəm əlaməti olaraq rayon ərazisində Azərbaycanın Dövlət Bayrağı endirildi, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, nəqliyyat vasitələrində səs siqnalları verildi.
Daha sonra tədbir iştirakçıları Şəmkir Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin əziz xatirəsini yad etdilər.
Anım tədbirində çıxış edərək bildirildik ki, 20 Yanvar qanlı faciəsindən artıq 36 il ötür. Həmin dəhşətli, insanlığa xas olmayan hadisələrdə qəhrəman oğul və qızlarımız Azərbaycanın suverenliyi, müstəqilliyi, azadlığı, bugünümüz, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını qurban verənlərdir.
Qeyd etdik ki, Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə məhz Ulu Öndər sayəsində ilk siyasi-hüquqi qiyməti verildi. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsi kimi səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.
Anım tədbiri çərçivəsində Şəhid ailələri ilə də görüşdə bildirdik ki, Qanlı yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına təsir göstərib. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Əminliklə deyə bilərik ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş bütün şəhidlərin ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 2020-ci ildə Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri sürətlə davam edir, Böyük Qayıdış Proqramı uğurla icra olunur.
Onu da bildirək ki, Şəmkir rayonunda ümumrayon tədbiri ilə yanaşı müxtəlif təşkilatlarda, o cümlədən rayon ərazisində yerləşən faciə qurbanlarının xatirəsinə ucaldılmış bütün abidələrdə anım tədbirləri keçirilib.














