Sən demə hər “ya Əli!” deyən müsəlman deyilmiş

Cəmiyyət

Kubra Məhərrəmova yazır…

Dünən gecədən ölkəni silkələyən iki xəbər gəldi. Biri Şamaxı yolunda qəzaya düşən bir avtobus məktəblinin xəbəri, digəri isə 15 yaşlı azərbaycanlı qızın Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq etməyi. 

Hər iki xəbər bizi üzsə də, ikincisinin daha qorxulu olması haqqında düşünürəm. 

Deməli məsələ nədən ibarətdir? Qısaca olaraq bizim 15 yaşlı qızımız (adı şərti olaraq Fidan göstərilib), erməni xüsusi xidmət orqanlarının əməliyyatının mərkəzində dayanaraq onların dediklərini bir-bir həyata keçirib. Özü də Bakıda. 

Bu məsələni də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yüksək peşəkarlıqla ifşa edib. Mütləq şəkildə qeyd etmək lazımdır ki, DTX həm müharibə dövründə, həm də müharibədən sonrakı dövrdə bir-birindən çətin əməliyyatlar keçirərək parlaq nəticələr göstərib. 

Qayıdaq Fidana. Deməli erməni tərəfi Fidana şirnikləndirici təkliflər edərək, onu revanşist qüvvələrin, erməni faşistlərin əlində oyuncağa, hətta Njde Qareginin təbliğatçısına çevrilib. 

Fidana radikal, nasist Haytarakan qrupunun aparıcı siması Artur Martirosyan və onun tərəfdarları müxtəlif təyinatlı tapşırıqlar verib. Yeniyetmə qızın aldığı ilk tapşırıq Qaregin Njdenin şəklini əlində tutaraq öz təsvirini çəkmək, özü də bunu Bakıda, insanların daha çox olduğu ünvanlarda etmək olub. Onlar bununla da kifayətlənməyiblər. Fidandan hər dəfə daha artıq təxribat xarakterli hərəkətlər etməsini istəyiblər. 

O da bir neçəsini edib. 

Detallarlarla bu linkdən tanış ola bilərsiniz. 

İndi gəlirəm son zamanlar Azərbaycanda baş verən digər məsələlərə. 

Heç kimə sirr deyil ki, Azərbaycanda İranın, Rusiyanın və Ermənistanın maraqlarına xidmət edən adamlar mövcuddur. Onlar həmin ölkələrin xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edərək məhz həmin dövlətlərin maraqlarına uyğun hərəkət edirlər. Bu məsələlər bəzən dini pərdə altında, bəzən söz azadlığı, bəzən LGTB nümayəndələrin müdafiəsi adı altında həyata keçirilir. 

Təbii ki, bütün bu ssenarilər həmin ölkələrin siyasi texnoloqları və xüsusi xidmət orqanlarında çalışan peşəkarlar tərəfindən hazırlanır. Bizim ölkənin mental dəyərləri, düşüncəsi, kütlənin özünə xas rəftarı, sosial rifahı və digər məqamlar nəzərə alınır. 

Dünyanın hansısa nöqtəsində, başında çarşabla video müraciət edən qadının sonradan erməni olması kimi məsələlərin üstü açıldıqca insanlar anlamağa başlayır ki, sən demə hər “ya Əli!” deyən müsəlman deyilmiş. Hər “söz azadlığı” bağıran da bizim üçün özünü dağıtmırmış. Hər “qiymətlər bahalaşır” deyib üz-güzünü cıran üçün də bu maraqlı deyil. Onlar üçün maraqlı olan odur ki, onların bank hesabına vaxtı-vaxtında paralar keçirilsin və onlara tapşırılan işləri həyata keçirtsinlər. 

Bu gün belə təxribatçı məsələləri həyata keçirtmək daha asandır. Belə ki, sosial şəbəkələr üzərindən insanları manipulyasiya etmək çox asandır. “TikTok”da yayılan son videolara bir nəzər salın, nə qədər absurd, nə qədər axmaq fikirlər istəsəniz var. 

“TikTok”da səslənən fikirlərin əksəriyyətinin İrandan gələn tezislər üzərindən getdiyi aydınca bilinir. 

Rusiya və Ermənistan xüsusi xidmət orqanları isə çox vaxt “Facebook” və “Instagram” üzərindən işləyirlər. 

Son hədəf isə odur ki, Azərbaycanın bütün sosial zümrəsinə təsir edəcək effektiv nəticə alsınlar. 

Bu yolda onlar üçün heç bir maneə yoxdur. Öz məqsədlərinə görə Azərbaycanda əsrlər boyu ev-evə yaşayan milli azlıqlardan da istifadə olunur. 

İçlərindən bir-iki nəfəri öz tərəflərinə çəkib, pul və digər şirnikləndirici vədlər verməklə öz planlarını həyata keçirirlər. Ona görə də vaxtaşırı hansısa milli azlığın durduğu yerdə “narazılığı” meydana çıxır və bunun üzərindən separatçı çıxışlar səslənir. 

Təbii ki, Azərbaycanın dövlət strukturları bütün bu siqnallara vaxtında və müvafiq cavab verir. Amma bizim də bir vətəndaş kimi üzərimizə düşən məqamlar var ki, bundan yaxamızı kənara çəkməli deyilik. 

İlk növbədə özümüzü və uşaqlarımızı gözüaçıq böyütməliyik. Onlara anlatmalıyıq ki, digər xalqların nümayəndələriylə dostluq etmək olar, lakin onlar bizim dövlətimizdən, vətənimizdən və milli maraqlarımızdan daha artıq ola bilməzlər. 

İkincisi anlamayıq ki, bizi və güclü Azərbaycanı heç kim sevmir. Nə şimal, nə cənub, nə də qərb qonşumuz dövlətçiliyimizin güclənməsini istəmir. Ən azı Ermənistan üçün 90-cı illərin əvvəllərində olan gücsüz və kimsəsiz Azərbaycan uyğundur ki, öz məqsədinə nail olsun. 

Üçüncüsü isə ondan ibarətdir ki, təxribatçılıq yayan ən xırsa siqnalları gördüyümüz zaman bu barədə müvafiq orqanlara xəbər vermək vacibdir. Çünki bizim Azərbaycandan başqa Vətənimiz, dövlətimiz yoxdur. Hamımız onun keşiyində olmalıyıq.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir