Sahil Babayev: “Növbəti sosial islahatlar paketi üçün təkliflər hazırlanaraq təqdim ediləcək” – FOTO

Cəmiyyət

“Cari ilin I yarımilinin yekunlarına dair müşavirədə Prezident İlham Əliyevin verdiyi tapşırığa əsasən, sosial islahatların növbəti ildə də davam etdirilməsi üçün təkliflər hazırlanaraq dövlət başçısına təqdim ediləcək”.

Bu barədə müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir son illər sosial ödənişlərdəki ciddi artımları qeyd edib. O, son üç il yarım ərzində Azərbaycanda dörd milyon vətəndaşı əhatə edən üç sosial islahat paketinin icra olunduğunu deyib.

Bunun üçün yalnız dövlət büdcəsindən əlavə olaraq altı milyard manat, yəni ölkənin icmal büdcəsinin 20 faizindən çox vəsait ayrıldığını qeyd edib.

S.Babayev həmin dövrdə minimum əməkhaqqının 2,3 dəfə, əməkhaqqı fondunun 2,2 dəfə artdığını, əməkhaqqı fonduna əlavə səkkiz milyard manat yönəldildiyini bildirib.

Median əməkhaqqında 86 faiz, minimum pensiyada 2,2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verdiyini diqqətə çatdırıb.

Nazir sosial müavinət və təqaüdlərdə də 3,5 dəfə artım olduğunu deyib. Müavinət və təqaüd istiqaməti üzrə ayrılan illik vəsaitin 2018-ci ilə nisbətən 400 milyon manatdan bir milyard manat artaraq 1,4 milyard manata çatdığını bildirib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir