Sailə Salahova: “Cənnətin əgər təsviri varsa,bu gün bax, budur”

Cəmiyyət

28 May 2023-cü il – Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunan Laçın və Kəlbəcər rayonlarına səfəri çərçivəsində Laçın şəhərinə qayıdan əhali ilə görüşü və onlara evlərinin açarlarının təqdim edilməsi mərasimi ilə tarixi yazıldı.

Bu il “Müstəqillik günü” Azərbaycan xalqı üçün ikiqat bayram abu-havasında keçdi. Çünki həmin tarixdə xalqımız Cümhuriyyətimizin ildönümünü qeyd etməklə yanaşı, Zəngilanın Ağalı və Tərtərin Talış kəndlərindən sonra Laçın şəhərinə də məcburi köçkünlərin dönüşünü qeyd etdi. “Böyük Qayıdış”ın tərkib hissəsi olan bu köç dövlətimizin prinsipial yanaşmasının və qətiyyətinin də göstəricisi idi. Ölkə başçımız sakinlərlə görüşündə vurğuladı ki, iyun ayının sonuna qədər köç prosesi davam edəcək və birinci mərhələdə Laçında 4 minə yaxın əhali yaşayacaq. Bu, otuz ildir ki, yurd həsrətində olan laçınlılara və ümumilikdə xalqımıza verilən müjdə idi. Artıq hər ötən gün əzəli torpaqlarımıza “Böyük Qayıdış”ın addım səsləri daha da gur eşidilir. Artıq Azərbaycan xalqı üçün kədərin və zülmün dövranı bitib. İndi biz ancaq qalibiyyətlərə, nailiyyətlərə, xoş xəbərlərə sevinirik. Ən xoş xəbərlərsə heç şübhəsiz Qarabağımızla bağlı olanlardır.
31 il öncə May ayı mədəniyyət incimiz olan Şuşanın və Qarabağın açarı olan Laçının işğalı ilə əlamətdar idi. Cəmi on gün ara ilə bu iki qədim şəhərimizin işğal altına düşməsi ölkəmiz üçün misli görünməmiş bir fəlakət idi. Çünki, Laçının işğal altına düşməsi ilə köhnə Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistan arasında birbaşa əlaqə yarandı və bununla Laçın dəhlizi vasitəsilə Qarabağa gətirilən silah, döyüş sursatı və hərbi qüvvələr hesabına erməni təcavüzünün miqyası daha da genişləndi, ətraf rayonların taleyi təhlükə altına düşdü. Laçının işğalı həm də ona görə vacib idi ki, bu, artıq müharibənin sadəcə “Dağlıq Qarabağ”la məhdudlaşmayacağının və daha böyük miqyaslı işğalçılıq niyyətlərinin olduğunun sübutu idi. Maraqlıdır ki, köhnə Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən yaşayış məntəqələrimizdən birinci işğal altına düşən Laçın rayonu Vətən Müharibəsində hərbi-siyasi yolla azad olunan sonuncu ərazimiz idi. Laçının azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması prosesi tam başa çatdı.

Beləliklə, bu gün may ayı Laçın rayon sakinlərinin yurda dönüşü ilə əlamətdardır. 28 may tarixində Azərbaycan Prezidenti laçınlılarla görüşərək onları doğma yurdlarında salamladı və onlara həsrətlərini çəkdikləri torpaqlarında əbədi yaşayacaqları evlərinin açarlarını təqdim etdi. Bununla yanaşı, sakinlərlə görüşündə ölkə başçımız geniş məzmunlu açıqlamalar verərək, gələcəyə dair bir çox mesajlar səsləndirdi. Azərbaycan Prezidentinin fikirlərində xüsusi diqqət çəkən məqamlardan biri heç şübhəsiz, Qarabağda yaşayan erməni əsilli əhalinin ölkəmizə reinteqrasiyası ilə bağlı səsləndirdiyi fikirlər idi. Vurğulandı ki, onlar Azərbaycan qanunlarına tabe olaraq, Azərbaycanın loyal normal vətəndaşı kimi, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə ataraq və “parlament”i buraxaraq torpaqlarımızda yaşaya bilərlər. Eyni zamanda, o da qeyd edildi ki, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər.

Dövlət başçımızın nitqində daha bir vacib məqam isə sülhlə bağlı səsləndirdiyi fikirlərdən ibarət idi. Cənab Prezident qeyd etdi ki, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında, ədalətli olmalıdır. Ölkə başçımızın da vurğuladığı kimi, sülh müqaviləsi imzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf, danışıqlar masasında, sərhəddə güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da, Azərbaycan rahat və təhlükəsizlik şəraitində yaşamağa davam edəcəkdir. Ancaq buna rəğmən bu gün Azərbaycan bütün regionda sülhü, təhlükəsizliyi təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin siyasəti, Prezidentimizin qətiyyəti və ortaya qoyduğu aydın, konkret mövqe onu göstərir ki, Azərbaycan bundan sonra da regional təhlükəsizliyi təmin etmək üçün ehtiyac duyulan bütün addımları atacaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir