Sailə Salahova :Azərbaycan Silahlı Qüvvələri Ulu Öndərimizin ideyalarına sadiqdir

Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105 ilini qeyd etmək ərəfəsindəyik. Artıq üçüncü ildir ki, Silahlı Qüvvələrimiz alnı açıq və qürurla peşə bayramlarını qeyd edirlər. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Milli Ordumuzun bu müddətdə şərəfli tarix keçmişdir. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə – Qarabağ Zəfəridir. 44 günlük müharibədə Azərbaycan dünyaya sübut etdi ki çox güclü orduya sahibdir. Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Vaxtilə hərbi kadrların azlığından əziyyət çəkən Azərbaycan son 30 ildə böyük bir inkişaf yolu keçərək dünyanın 50 ən yaxşı orduları sırasında yer almaqdadır.  

SSRİ dövründə azərbaycanlı gənclər əsasən hərbi texnikanın olmadığı, döyüş təlimlərinin aparılmadığı yerlərdə, tikinti-inşaat taborlarında hərbi xidmət keçirdilər. Bunun məqsədi azərbaycanlıların hərbi biliklərə və döyüş bacarıqlarına yiyələnməsinin qarşısını almaq idi. Ümummilli Lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məqsədyönlü siyasətin qarşısını almaq üçün tədbirlər görməyə başladı. 1971-ci ildə onun təşəbbüsü ilə C.Naxçıvanski adına ixtisaslaşdırılmış Hərbi Məktəb yaradıldı. Heydər Əliyev ordu quruculuğuna münasibətdə cəmiyyətdə yeni bir təfəkkür formalaşdırdı, insanlarda orduda xidmətə yeni bir münasibət yarandı, əvvəlki dövrlərdə orduya olan etimadsızlıq, ordunun ayrı-ayrı qruplarının fəaliyyətindən doğan ehtiyatlılıq və nigarançılıq aradan qaldırıldı, ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar olundu. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqda orduya inamını geri qaytardı, xalq da ordunu özünün bir parçası kimi qəbul etdi və orduya qayğı ümummilli dəyər aldı, ordu da vahid rəhbərlik altında birləşərək xalqın iradəsini əks etdirdi və erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldu. Azərbaycan Respublikasının güclü və nizam-intizamlı ordusu var. Bu ordu istənilən zaman düşmənə layiqli cavab verməyə qadirdir. 2020-ci ildə başlanan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz qeyri-adi taktika və rəşadət göstərərək bütün dünya hərb sənətini heyrətə gətirdi. Azərbaycan əsgəri Vətən qarşısında vəzifə borcunu şərəf və vicdanla yerinə yetirir, Ulu Öndərimizin ideyalarına sadiqdir, Vətənin hər bir çağırışına hər an hazırdır. Bu gün xalq ilə ordunun sağlam və monolit birliyi yaranıb. Xalq öz ordusuna inanır, onun gücünə güvənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir