Azərbaycanın xalq şairi, istiqlal, azadlıq carçısı Xəlil Rza Ulutürkün anım günüdür. Bununla əlaqədar şairin doğulduğu Salyan şəhərində yerləşən “Ata-oğul” xatirə kompleksi ziyarət olunub. Anım mərasimində Salyan rayonu İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri və şairin yaxınları iştirak edərək, abidə önünə gül-çiçək dəstələri qoyublar. Bildirilib ki, Xəlil Rzanın həyat yolu hər bir vətəndaş üçün örnək olmalıdır.
Şairin Azərbaycanın müstəqilliyi uğrunda fəaliyyətindən, poeziyasından, gələcək nəsillərə örnək ola biləcək vətənpərvərliyindən danışılıb və yaddaşlara həkk edilən şeirləri səsləndirilib. O da qeyd olunub ki, Xəlil Rza Ulutürkün oğlu Təbriz Xəlilbəyli Azərbaycanın suverenliyi uğrunda canından keçərək, şəhid olub və ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Xəlil Rza Ulutürkün vətən eşqi bir daha tədbir iştirakçılarına xatırlanıb.

