20 oktyabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümumdünya Statistika Günü”nə həsr olunmuş “Statistikanın inkişafı – davamlı gələcəyin əsası” mövzusunda tədbir keçirilib. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Salyan Rayon Statistika İdarəsinin sədri Elnur Hüseynov, idarə, təşkilatların rəhbərləri, ziyalılar və YAP fəalları iştirak edib. Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Salyan Rayon Statistika İdarəsində davam etdirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Salyan Rayon Statistika İdarəsinin rəisi Elnur Hüseynov, Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Tariel Atamalıyev və başqaları çıxış edərək bildiriblər ki, statistika hər bir ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biridir və dövlət siyasətinin düzgün planlaşdırılmasında mühüm əhəmiyyət daşıyır. Qeyd olunub ki, ölkəmizdə müasir statistika sisteminin formalaşması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin müəyyən etdiyi bu strateji istiqamət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, statistik xidmətin keyfiyyətinin yüksəldilməsi və rəqəmsallaşması istiqamətində mühüm addımlar atılır.
Çıxışlarda statistikanın şəffaflıq, obyektivlik və etibarlılıq prinsiplərinə əsaslanmasının vacibliyi vurğulanıb, bu sahədə müasir informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətinə toxunulub. Bildirilib ki, dəqiq və dolğun statistik məlumatlar ölkənin sosial-iqtisadi inkişafının əsas təməlini təşkil edir və idarəetmənin səmərəliliyini artırır.
Natiqlər həmçinin Salyan rayonunda əldə edilən sosial-iqtisadi nailiyyətlərdən, kənd təsərrüfatı və sənaye sahəsindəki müsbət göstəricilərdən danışıblar. Qeyd edilib ki, bu uğurlar dövlət proqramlarının ardıcıl icrası, Prezident İlham Əliyevin regionların inkişafına yönəlik siyasətinin nəticəsidir.














