Şamaxı yolunda qəzaya düşən futbolçuların durumu açıqlandı – YENİLƏNİB + FOTO

İdman

Xəbər verdiyimiz kimi, bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turunda “Şamaxı-2” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb.

Son məlumata əsasən, futbolçular və rəhbərlik nümayəndələri arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən, həyatını itirən yoxdur.

“Mingəçevir” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Qasımov Oxu.Az-a açıqlamasında yalnız klubun idman direktoru Zaur Qarayevin ağır xəsarət aldığını bildirib:

“Komandanı aparan nəqliyyat vasitəsi yük maşını ilə toqquşub. Buna dumanlı hava şəraiti səbəb olub. Futbolçular arasında ciddi problemi olan yoxdur. Yalnız idman direktorumuz Zaur Qarayevin vəziyyəti ciddidir. Onu təcili tibbi yardım maşını ilə Şamaxıda xəstəxanaya aparıblar. Amma durumu yaxşıdır”.

13:54

Azərbaycanda futbol klubunun avtobusu qəzaya düşüb, xəsarət alanlar var.

Peşəkar Futbol Liqasından (PFL) verilən məlumata görə, hadisə bu gün “Mingəçevir” futbol komandası I Divizionun XX turu çərçivəsində “Şamaxı-2” ilə səfər oyununa gedərkən baş verib.

Komandanı aparan avtomobil yolda qəzaya uğrayıb. Son məlumata əsasən, futbolçular və rəhbərlik heyəti arasında xəsarət alanlar olsa da, xoşbəxtlikdən həyatını itirən yoxdur.

Bu fors-major hal nəzərə alınaraq, PFL tərəfindən bu günə nəzərdə tutulan “Şamaxı-2” – “Mingəçevir” görüşü təxirə salınıb.

Faiq Tahirov