Bakı konfransı bitdi, görəsən, Qərbdəki anti-Azərbaycan kampaniyası necə, heç olmasa, səngiyəcəkmi?
Ana Vətən Partiyasının sədr müavini, deputat Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan COP29-a yüksək səviyyədə ev sahibliyi etməklə beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırmağı bacardı: “Rəsmi Bakı dünya ölkələrinin, xüsusilə inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu üçün bütün qüvvəsini səfərbər etdi. Nəticədə Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu. Bu, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə, xüsusilə kiçik ada dövlətlərinə iqlim dəyişmələri ilə bağlı mübarizədə hər il minimum 300 milyard dollar həcmində vəsaitin ayrılması deməkdir. BMG razılaşması COP29 çərçivəsində qəbul edilən ən önəmli qərarlardan biridir.
Ölkəmiz COP29-la planetimizin gələcəyini düşündürən taleyüklü məsələlərin həllinə öz töhfəsini verdi. Sessiyanın sonuncu günü tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi səviyyədə təşəkkür elan edilməsi, bununla yanaşı, Antoni Quttereş və Baydenin ölkəmizi təbrik etməsi Bakı platformasını ən möhtəşəm COP-lardan biri kimi tarixə həkk etdi. Lakin Azərbaycanda keçirilən COP29 tədbiri digərlərindən fərqli olaraq qərəzli və qarayaxma kampaniyaları fonunda baş tutdu. Təbii ki, bu, arzuolunmaz bir hal olmaqla yanaşı, konfransın mahiyyətindən kənar siyasi motivlərin canlandırılması idi. Azərbaycanın beynəlxalq müstəvidə qazandığı uğurları həzm edə bilməyən dövlətlər, xüsusilə erməni lobbisinin ayırdığı qrantlardan bəhrələnən siyasi dairələr COP29-dan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışdılar. Bütün bunlara baxmayaq onların bütün cəhdləri fiaskoya uğradı və ölkəmiz qarşıya qoyulan hədəflərə nail oldu. Bu, başda cənab Prezident İlham Əliyev olmaqla, Azərbaycan diplomatiyasının növbəti uğuru idi. Azərbaycana qarşı həyata keçirilən qarayaxma kampaniyalarının təkcə COP29-la əhatə olunmadığını nəzərə alsaq, hesab edirəm ki, dövlətimizin dünya siyasi arenasında nüfuzu yüksəldikcə anti-Azərbaycan qüvvələrin də fəallaşacağı istisna deyil. Bunun üçün haqq mübarizəmizə daha əzmlə davam etməliyik”.