Azərbaycan etibarlı enerji tərəfdaşıdır

Xüsusi Xəbər

 “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində ilk qlobal enerji perspektivləri, “yaşıl enerji”yə keçidin maliyyələşdirilməsi, qaz təchizatı məsələləri, Xəzər regionunda kəşfiyyat və hasilat imkanlarının xəritəsi və bir sıra digər aktual məsələlər nümayiş olunmuşdur. Azərbaycanın Avropaya qaz ixracını artırmaq potensialı var. “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından indiyədək 168 milyard kubmetr qaz hasil edilib. Bu layihələr çərçivəsində 163 milyard dollardan artıq gəlir əldə olunub. Bu günədək AÇG neft-qaz yataqları blokunda və “Şahdəniz” qaz-kondensat yatağında 555 milyon ton neft hasil edilib. İndiyədək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə 29 milyard kubmetr Azərbaycan təbii qazı nəql olunub. Bunun 6,8 milyard kubmetri bu il nəql edilib. Bu ilin yekununda TANAP-la 16 milyard kubmetr qazın ötürülməsi nəzərdə tutulub.
 Dövlət başçısı cənab İlham Əliyevin  rəsmi açılış mərasimindəki çıxışı böyük maraq doğurub. Prezident bütün dünyaya bəyan edib ki, bizim strategiyamız qısa və ya orta müddətli deyil, uzunmüddətli hədəfləri nəzərdə tutur. Qısa müddət ərzində görülmüş işlər Azərbaycanın iqtisadi potensialından xəbər verir. Neft və qaz ixracatını genişləndirmək üçün daha böyük potensial var. Dünyanın demək olar ki, əksər ölkələri ilə sıx tərəfdaşlıq əlaqələri vardır. Prezident keçən vaxt ərzində Cənub Qaz Dəhlizinin reallaşdırılması istiqamətində əldə edilmiş uğurlara və qarşıda dayanan vəzifələrə xüsusi diqqət ayırdı. Çünki Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır.
  Maraqlı amillərdən biri də budur ki, enerji istehsalının bərpa olunan mənbələr hesabına artırılması ilə təbii qaz sərfiyyatı azaldıla və beləliklə, qənaət edilən qaz xarici bazarlara ixrac oluna bilər. Azərbaycanın ev sahibliyi etdiyi Bakı Enerji Həftəsində bərpa olunan enerji sərgisi xüsusi diqqət çəkir. Bərpa olunan enerji sahəsində pilot layihələr, yaşıl enerji zonası, dəniz külək enerjisi potensialı, yaşıl hidrogen, habelə ixrac məsələlərini özündə birləşdirən sərgidə Almaniya, Rumıniya və Rusiya ən son təkliflərin yer aldığı milli pavilyonlarla iştirak edir. Bakı Enerji Həftəsində bərpa olunan enerji mənbələrinə xüsusi maraq göstərilməsi Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” ilə təmin edilməsi üçün investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanlarını genişləndirmək əminliyi yaradır.
  Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə “yaşıl enerji” zonası, eləcə də “ağıllı kənd” layihələrinin reallaşdırılması istiqamətlərində ilk addımlar Vətən müharibəsinin parlaq qələbəmizlə başa çatmasından dərhal sonra atılıb. İyunun 4-də Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq. Bu cür müqavilələrin imzalanması investorlar tərəfindən gözlənilən addımdır. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunda böyük potensialı mövcuddur. Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycanla enerji sahəsində əməkdaşlığa daim xüsusi maraq göstərilir və ölkəmizin mövqeyi ilə daha çox hesablaşırlar. Bütün bu amillərin vəhdəti ölkəmiz üçün çox gözəl bir imkanlar yaradır.

İlqar Həsənov, Göytəpə şəhər bələdiyyəsinin sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir