Ukrayna-Rusiya müharibəsi: ssenari və proqnozlar – TƏHLİL

Siyasət

Bütün müharibələr kimi Ukrayna ilə Rusiya arasındakı müharibənin də sonu olacaq. Yüz minlərlə insanı ev-eşiyindən edən, öldürən bu qanlı hadisələrin necə yekunlaşacağı indi hər kəsi düşündürür. Müharibədən kim qalib çıxacaq – bütün dünyanın üz döndərdiyi Rusiya, yaxud Ukrayna? Siyasətçilər və hərbi strateqlər hansı ssenariləri araşdırırlar? Onların əksəriyyəti proqnoz verməyin çətin olduğunu desə də, bəzi təxminlər var.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Qısamüddətli müharibə

Qərb və Türkiyə mediasında belə bir ssenari daha çox hallanır: Rusiya hərbi əməliyyatların sayını artırır, mülki əhali arasında itkilərin çoxalmasına əhəmiyyət vermədən Ukraynanın hər yerində artilleriya və raket hücumlarını sürətləndirir. İndiyə qədər prosesə müdaxiləsi xüsusi olaraq müşahidə edilməyən Rusiya Hərbi Hava Qüvvələri dağıdıcı hava zərbələri endirir. Böyük kiberhücumlarla kritik infrastruktur obyektləri hədəf alınır. Elektrik və kommunikasiya xətləri kəsilir. Minlərlə dinc sakin ölür. Qəhrəmancasına müqavimət göstərməsinə baxmayaraq, Kiyev bir neçə gün ərzində məğlub olur. Hökumət devrilir və Moskvanın nəzarətində olan marionet qüvvələr hakimiyyətə gəlir. Prezident Vladimir Zelenski öldürülür və ya qaçmağa məcbur edilir.

Putin qələbəsini elan edib Rusiya hərbi qüvvələrinin bir hissəsini geri çəkir, bu ölkədə Ukraynanı nəzarətdə saxlamağa yetəcək qədər qoşun saxlayır. Minlərlə insan Qərbə qaçır. Belarus kimi Ukrayna da Rusiyanın peyk dövlətinə çevrilir. Bu ssenari tam da mümkünsüz deyil, amma bir neçə faktorun dəyişməsindən – məsələn, Rusiya ordusunun üstünlüyü ələ keçirməsindən və Ukrayna ordusunun müqavimətinin qırılmasından asılıdır. Bu variantda Putin Kiyevdə rejim dəyişikliyinə nail olmaq və Ukraynanın Qərblə inteqrasiyasına son qoymaq kimi hədəflərinə çata bilər. Amma Rusiyayönümlü hökumət qeyri-legitim hesab oluna və etirazla qarşılaşa bilər. Ona görə də bu, qeyri-sabitlik və iğtişaşlarla nəticələnmə ehtimalı yüksək olan ssenaridir.

 

Müharibə uzana bilərmi?

Münaqişənin uzunmüddətli müharibəyə çevrilməsi ehtimalı daha çoxdur. Döyüş ruhunun aşağı, maddi-texniki təminatın və rəhbərliyin zəif olması səbəbindən Rusiya hərbi qüvvələri irəliləməkdə çətinlik çəkə bilər. Rusiyanın iri şəhərləri küçə-küçə döyüşərək ələ keçirməsi daha çox vaxt ala bilər, uzun sürən mühasirələr yaranar. Bu, 1990-cı illərdəki qanlı müharibə nəticəsində böyük hissəsi dağıdılmış Çeçenistanda baş verənlərə – Rusiya qoşunlarının paytaxt Qroznını ələ keçirməsi əməliyyatına bənzəyə bilər. Rusiya qoşunları Ukraynanın iri şəhərlərinə daxil olsalar belə, total nəzarət mühiti yaratmaqda çətinlik çəkə bilərlər. Bəlkə də, Rusiya nəhəng bir ölkəni nəzarət altında saxlamağa yetəcək sayda hərbi qüvvənin olmasını təmin edə bilməz. Ukraynanın silahlı qüvvələri yerli əhali tərəfindən də dəstəklənən üsyançı gücə çevrilə bilər. Qərb onlara silah-sursat göndərməyə davam edər. İllər sonra Moskvada hakimiyyət dəyişəndə Rusiya hərbçiləri əlləri qanlı və başları aşağı bir şəkildə Ukraynanı tərk edə bilərlər. 1989-cu ildə Əfqanıstanı tərk etdikləri kimi.
 

Müharibə Avropaya uzanır?

Bu döyüşlərin Ukrayna sərhədlərindən kənara çıxması ehtimalı da var? BBC növbəti ssenari ilə bağlı yazır ki, Rusiya Qərbin Ukraynaya silah verməsini müdaxilə kimi qiymətləndirib qisas almaq istəsə, NATO üzvü olan Baltik ölkələrinə qoşun yeritməklə təhdid edə bilər. Bu isə NATO ilə müharibə riskinin yaranmasına gətirib çıxarar. Amma Putin bu planı hakimiyyətdə qalmağın yeganə yolu hesab edərsə, belə bir riskə gedə bilər. Məsələn, Ukraynanın artıq uduzmaqda olduğunu görərsə, gərginliyi daha da artırmaq istəyə bilər. Ekspertlərin çoxu nüvə silahlarının işə salınmayacağını düşünsə də, Rusiyanın hərbi doktrinası buna icazə verir.

Diplomatik həll

Bütün baş verənlərə rəğmən, müharibəni diplomatik yolla durdurmaq mümkün olarmı? Əlbəttə, dialoq davam edir. Diplomatlar Moskvanın ovqatını öyrənməyə davam edirlər. Rusiya və Ukrayna rəsmiləri Belarus sərhədində görüşürlər. Ciddi nəticələr əldə olunmasa da, Putinin bu prosesi davam etdirməsi, atəşkəs ehtimalını mümkün saydığını göstərir. Burda əsas məsələ Qərb diplomatlarının Rusiya üçün məqbul olan təkliflər verib-verməyəcəyidir. Onlar deyirlər ki, Rusiya lideri sanksiyaların götürülməsi üçün ondan nələr gözlənildiyini bilməlidir. Müharibədə Rusiyanın mövqeyi zəifləyər.

 

Prosesə Çinin təsiri ola bilər?

Çin Moskvaya siyasi razılaşma ilə bağlı təzyiq edər, gərginlik azalmayacağı təqdirdə Rusiyadan neft və qaz almayacağını bildirər. Bundan sonra Putin çıxış yolu axtarmağa başlayar. Ukrayna rəsmiləri ölkənin dağılmasını və insan tələfatını nəzərə alaraq müharibənin bitməsi üçün siyasi razılaşmaya üstünlük verərlər. Məsələn, Donbasın bir hissəsinin müstəqilliyini və Krımın Rusiya tərəfindən ilhaqını qəbul edərlər. Buna cavab olaraq Putin Ukraynanın Qərbə inteqrasiyasına etirazdan vaz keçər. İndi bütün bunlar inandırıcı görünməyə bilər. Amma qanlı döyüşləri durdura biləcək mümkün ssenarilərdən biri də budur. Beləliklə, bunlar bir-birinə zidd ssenarilər deyil, müxtəlif elementlərin bir araya gəlməsi fərqli nəticələr verə bilər. Amma bu müharibə necə bitir-bitsin, bir nəticəsi artıq ortadadır – dünya artıq köhnə dünya deyil. Köhnə status-kvoya qayıtmaq mümkün olmayacaq. Rusiyanın digər ölkələrlə münasibəti fərqli şəkil alacaq. Avropanın təhlükəsizlik siyasəti dəyişəcək. Beynəlxalq qaydalara uyğun, liberal nizamın qurulmasını vacib edən səbəb unudulmayacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.