Rusiya və Ukraynadan Azərbaycana idxal edilən taxılın taleyi necə olacaq? – Deputatdan AÇIQLAMA

Siyasət

Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq Qərbi Avropa ölkələri və ABŞ Rusiyaya qarşı miqyas baxımından yaxın tarixdə görünməmiş həddə iqtisadi sanksiyalar tətbiq ediblər.

Media.Az Rusiya əleyhinə sanksiyaların Azərbaycana necə təsir edəcəyini müzakirə etmək üçün iqtisad elmləri doktoru, professor, Milli Məclisin deputatı Rüfət Quliyevlə əlaqə saxlayıb.

Ekspertin fikrincə, Qərbin tətbiq etdiyi sanksiyalar Azərbaycan da daxil olmaqla təkcə region ölkələrinə deyil, bütövlükdə bütün dünya iqtisadiyyatına zərbə vuracaq.

“Artıq 2022-ci ildə ümumi daxili məhsulun (ÜDM) ümumi həcminin planetar miqyasda azalacağı ilə bağlı məyusedici proqnozlar ortaya çıxıb. Bu, ilk növbədə neft və qaz tədarükünün pozulması ilə əlaqədardır. Elə buna görə də enerji qiymətləri qalxır. Neft və qaz ixrac edən ölkələr bundan heç də həmişə faydalanmır, ən sərfəlisi – qiymətlərin sabitliyi və fasiləsiz tədarükün olmasıdır. Bütün bu vəziyyət birbaşa biznesə təsir edir.

Eyni zamanda dünya bazarında buğdanın qiyməti qalxmağa başlayıb. Məsələ burasındadır ki, Rusiya və Ukrayna taxılı dünya bazarında ümumi ixracatın üçdəbirini təşkil edir. Bu məsələdə Ukraynaya ümid etmək mümkün olmayacaq, çünki o, taxıl tədarükçüsü kimi bu il böyük ölçüdə, hətta deyərdim, tamamilə sıradan çıxacaq. Müharibə şəraitində Ukraynanın aqrar sektoru, çətin ki, yaz əkinini həyata keçirə bilsin. Ukrayna artıq çovdarın, yulafın, şəkərin, ətin, mal-qaranın ixracını dayandırıb, buğda, qarğıdalı, toyuq, yumurta və günəbaxan yağının ixracını məhdudlaşdırıb. Avropa İttifaqı artıq rəsmi olaraq inflyasiyanı 3,5-4% səviyyəsində saxlaya bilməyəcəklərini və bu il inflyasiyanın 5,1-5,2% səviyyəsinə qədər yüksələcəyini proqnozlaşdırıb”, – mütəxəssis deyib. 

Rüfət Quliyev Azərbaycanla bağlı danışarkən isə qeyd edib ki, inflyasiyanın ölkəmizə də təsir edəcəyi qaçılmazdır.

“Azərbaycan idxalda 25%-dən çox Rusiya taxılından asılıdır. Kənd təsərrüfatına lazım olan mineral gübrələrin 30%-ə qədərini ölkəmiz Rusiyadan alır. Biz Rusiyadan xeyli miqdarda ərzaq məhsulları idxal edirik. Sanksiyalar səbəbindən təchizat problemləri ola bilər, çünki təkcə Ukrayna və Rusiya ərazisindən keçən bütün logistika və tranzit sistemləri deyil, həm də Rusiya və Belarus banklarının beynəlxalq ödəniş sistemlərindən ayrılması səbəbindən maliyyə sistemi çöküb. Beləliklə, Ukrayna məhsulsuz, Rusiya isə bəlkə də bazarsız qalacaq.

Taxıl bitkilərinin dövriyyəsi kəskin şəkildə azalır. Buna uyğun olaraq Azərbaycanda da daxil olmaqla, buğdanın qiymətində artım qaçılmazdır. Ümidverici haldır ki, Azərbaycanın ən azı 6-8 aylıq strateji ehtiyatları var, bununla da biz alternativ təchizatçılar tapana qədər özümüzü təmin edə bilərik. Düşünürəm ki, bu, təxminən iki aya qədər çəkəcək.

Azərbaycan hökuməti artıq bu məsələlərin həlli ilə məşğuldur. Öz növbəsində Rusiya Azərbaycandan mal idxal edən ölkələr sırasında ilk üçlüyə daxildir. Bu, ölkəmiz üçün böyük bazardır. Burada da artıq müəyyən problemlər müşahidə olunur, istər məhsulun daşınmasında, istərsə də ödənişlərlə bağlı”, – deyə Rüfət Quliyev vurğulayıb.

Millət vəkili həmçinin qeyd edib ki, Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və pandemiyadan əvvəlki hesablamalara görə, onlar ümumilikdə Azərbaycandakı ailələrinə ildə təxminən 1,5 milyard dollar pul göndəriblər:

“Yüksək ehtimalla Rusiyada yaşayan bir çox soydaşımız işini itirəcək və ya onların gəlirləri əhəmiyyətli dərəcədə azalacaq. Nə isə qazansalar belə, valyutanın ixracına və köçürülməsinə qoyulan məhdudiyyətlər səbəbindən beş min dollardan artıq pul köçürə bilməyəcəklər. Bütün bunlar Rusiyadan ölkəmizə dollar axınını xeyli azaldacaq.

Bilmirəm, Rusiya rublun ucuzlaşmasını necə saxlaya biləcək, çünki rəsmi mənbələrə görə, milli valyutanın ucuzlaşmasını dayandırmaq üçün ayda ən azı iki-üç milyard dollar vəsait lazımdır. İstənilən halda bu, Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlıq etmiş ölkələrə güclü təsir göstərəcək. Əminəm ki, Azərbaycan bütün çətinliklərin öhdəsindən layiqincə gələcək. Hökumətimiz hər zaman hər məsələni vaxtında hesablayır və xalqımızın rifahının qorunması üçün əlindən gələni edir”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.