Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir ŞƏRH

Siyasət

Yeni geosiyasi çağırışlar Avropa İttifaqı üçün enerji konsepsiyası məsələsini son dərəcə aktual edib. Onun əsas diqqəti enerji müstəqilliyinə nail olmaq və ya ən azı Rusiyadan enerji asılılığını mümkün qədər azaltmaqdır. Xüsusilə də davam edən Rusiya-Ukrayna müharibəsi qlobal miqyasda enerji təhlükəsizliyi böhranına səbəb olub və “Köhnə dünya”da mövcud enerji böhranını daha da dərinləşdirib.

Bu prosesdə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalara görə Rusiyadan enerji təchizatında fasilələr yaranıb. Nəzərə alsaq ki, region dövlətləri enerji baxımından xüsusilə Rusiyadan asılıdır, indiki vəziyyət daha anlaşılan olur. Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha da artıb. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikirlər və təkliflər də bunu təsdiqləyir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Emin Bağırov bildirib.

O qeyd edib ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları son dərəcə ciddi məqamlarla yadda qaldı. Avropa İttifaqının 23 ölkəsinin, bir sıra beynəlxalq təşkilatların və Avropanın maliyyə qurumları nümayəndələrinin qatıldığı bu mötəbər tədbirin məhz Bakıda keçirilməsi Azərbaycanın etibarlı, ciddi və böyük uğurlara imza atmış tərəfdaş ölkə olmasının göstəricisi idi.

Müzakirələrin əsas mövzusu Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə nəqlində davamlı artımın təmin edilməsi yollarının müzakirəsi idi. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun sözlərinə görə, 2020-ci ilin sonundan, yəni, Azərbaycanın Aİ-yə müntəzəm qaz tədarükünə başladığı vaxtdan bəri təxminən 46 faiz sabit artım müşahidə olunub. Ötən il Avropa 11 milyard kubmetrdən çox Azərbaycan qazı alıb. Amma Kadri Simsonun qeyd etdiyi kimi, 2027-ci ilə qədər bu həcmi 20 milyard kubmetrə çatdırmaq üçün mövcud qaz infrastrukturunun modernləşdirilməsi tələb olunacaq. Azərbaycan artıq Aİ ilə mühüm strateji tərəfdaşlığı həyata keçirməyə başlayıb, Avropaya qaz ixracının 46 faiz artmasını təmin edib və istehlakçı ölkələrin sayını 8-ə çatdırıb.

Rəsmi Bakı etibarlı nəqliyyat dəhlizlərinin təmin edilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarlarına ixracının şaxələndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirir. Belə bir strategiya ölkənin qlobal enerji bazarında mühüm oyunçulardan birinə çevrilməsinə imkan yaratmaqla yanaşı, həm də dünyanın mövcud enerji təhlükəsizliyinə mühüm töhfə verib. Mübaliğəsiz demək olar ki, Azərbaycan bu gün “Köhnə dünya”nın yeni enerji xəritəsini çəkir.

Əgər əvvəllər Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini həyata keçirməyə yeni başlayanda ölkənin qaz mənbələrinin şaxələndirilməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcəyinə şübhə ilə yanaşan müəyyən dairələr var idisə, bu gün vəziyyət kəskin şəkildə dəyişib. Aİ-nin qaz və neft idxalından kritik asılılığı şəraitində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizində öz rolunu artırmaq imkanı əldə edib.

Siyasi şərhçinin sözlərinə görə, Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artırıb: “Xəzər dənizinin qaz ehtiyatları Aİ-nin mərkəzi ölkələrinə yeni dəhliz vasitəsilə çatdırılacaq ki, bu da təxminən 45 milyard dollar investisiya tələb edir. Hazırda daha çox Avropa dövlətləri Azərbaycan qazının tədarükünə maraq göstərirlər. Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarındakı çıxışında bildirib ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir və onlardan altısı Avropa ölkəsidir. Hazırda Azərbaycan etibarlı enerji təchizatını təmin etməklə və tranzit infrastrukturunu inkişaf etdirməklə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Ölkəmiz beynəlxalq təşkilatlar və şirkətlərlə yanaşı, enerji sektoruna da əhəmiyyətli investisiyalar yatırır və beynəlxalq bazarlara neft, təbii qaz, neft-kimya, elektrik enerjisi ixrac edir. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson da qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün mühüm enerji müttəfiqidir.

Doğrudur, qaz istehlakının azalması Avropada iqtisadi tənəzzülə səbəb olmayıb. Ancaq belə bir manevr üçün resursların məhdud olması hamıya məlumdur. “McKinsey Energy Insights” şirkətinin Avropa qaz alıcıları arasında apardığı sorğunun nəticələrinə görə, istehsalçıların 57 faizi hasilat həcmini saxlamaqla qaz istehlakını daha da azalda bilməyəcək. Buna görə də, Avropanın lazımi enerji təchizatını təmin etmək üçün kommersiya, texnoloji və geosiyasi həllərə ehtiyacı var. Vəziyyətdən çıxış yollarından biri Azərbaycan kimi enerji istehsalçıları ölkələri ilə əməkdaşlığı daha da gücləndirməkdən ibarətdir. Azərbaycanın etibarlı tərəfdaş olması bu məsələdə münasibətlərin daha böyük uğurlar əldə etməsinə imkan yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan etibarlı tərəfdaş olduğunu artıq sübut edib: “Bizim sözümüz imzamız qədər dəyərlidir. Əminəm ki, qarşımıza qoyduğumuz bütün planlar həyata keçiriləcəkdir, çünki təkcə keçən ilin göstəriciləri bunun sübutudur”.

Emin Bağırov sonda bildirib ki, Azərbaycanın qlobal enerji bazarında əvəzolunmaz oyunçulardan biri kimi statusu ardıcıl olaraq möhkəmlənir. Cənub Qaz Dəhlizi etibarlı mənbədən təbii qazın fasiləsiz tədarükünə zəmanət verən strateji layihə kimi özünü təsdiq edib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın gələcək planları qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdən ibarətdir. Bakı ilə Brüssel energetika sahəsində münasibətləri daha da dərinləşdirməkdə qərarlıdırlar. Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun müzakirələrdən sonra “Avropa İttifaqı Azərbaycanla birlik ölkələrinə qaz tədarükünü artırmaq barədə razılığa gəlib” fikri bu reallığı təsdiqləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir