Qərb LGBT-yə görə Gürcüstana qarşı çıxış edir – Malxaz Qulaşvili ilə MÜSAHİBƏ

Siyasət

Amerika Birləşmiş Ştatları ilə Avropa institutlarının Gürcüstanla münasibətləri son həftələrdə nəzərəçarpacaq dərəcədə pisləşib. Buna səbəb Gürcüstanda hazırlanan LGBT təbliğatını qadağan edən “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsi olub. Sözügedən qanun layihəsinin qəbulunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası təklif edib.

ABŞ Dövlət Departamenti qanun layihəsi ilə bağlı narahatlığını ifadə edib. Bundan əlavə, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç gürcü siyasətçilərini “LGBT-fobiya və digər ayrı-seçkilik ritorikasını qətiyyətlə pisləməyə” çağırıb. Gürcüstanın qərbyönlü müxalifətinin bir hissəsi də LGBT təbliğatının qadağan edilməsinə qarşı çıxıb.

Siyasi elmlər doktoru, politoloq, “Georgian Times” media holdinqinin rəhbəri Malxaz Qulaşvili Oxu.Az-a müsahibəsində qeyd edib ki, Gürcüstan ictimaiyyəti qeyri-ənənəvi münasibətlərə, xüsusən də onların fəal şəkildə təbliğinə qarşıdır:

– Biz ənənəvi dəyərlərin tərəfdarıyıq, başqa cür ola da bilməz, çünki biz inanclı insanlarıq. Gürcü xalqı qeyri-ənənəvi münasibətlərə, yad dəyərləri, adət-ənənələri, həyat tərzini cəmiyyətimizə daxil etmək istəyən bu aqressiv dairələrə qarşı olub və bundan sonra da belə olacaq. Biz öz konstitusiyamızı müdafiə edirik, orada yazılıb ki, nikah qadınla kişi arasında bağlanır. “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının təşəbbüsünü ancaq alqışlamaq olar. LGBT təbliğatı qadağan edilməlidir, çünki bu, artıq təhsil ocaqlarına və məktəblərə sirayət edir. Bir çox xarici fondlar Gürcüstanda LGBT ideologiyasını təbliğ etmək və cəmiyyətimizə tanıtmaq üçün bu yöndə aparılan işləri fəal şəkildə maliyyələşdirirlər.

“Gürcü arzusu” təbii olaraq cəmiyyətimizin əksəriyyətinin keçirdiyi hissləri başa düşür. Ona görə də LGBT təbliğatını qadağan edən qanun qəbul olunacaq. Amma bu sənədin qəbuluna qarşı çıxanlar isə sadəcə olaraq hamıya kim olduqlarını nümayiş etdirmiş olacaqlar. Qanun layihəsinin səsverməsi hamıya kimin kim olduğunu göstərəcək. Biz artıq gördük ki, xaricdən maliyyə alan bir neçə müxalifət partiyası “LGBT memorandumu” adlanan sənəd imzalayıb. Elə həmin qüvvələr hay-küy salacaqlar ki, guya bizdə insan haqları pozulur. Amma axı heç kimin hüququ pozulmur. Heç kim heç kimin yatağına girmir, kim nə istəyirsə, onu da etsin, məni bu ifadəyə görə bağışlayın. Amma biz qeyri-ənənəvi dəyərlərin təbliğinin qəti əleyhinəyik. Biz gürcü və ümumbəşəri ənənəvi dəyərlərin tərəfdarıyıq. Yenə deyirəm: yad həyat tərzinin bizə tətbiq edilməsinə, uşaqlar arasında təbliğ olunmasına imkan verməyəcəyik. Bu olmayacaq.

Yeri gəlmişkən, burada ölkənin təhlükəsizliyi məsələsi də var. LGBT ideologiyasına müsbət yanaşan insanlar həssas olurlar. Onların təmkinsizliyi (mən bunu belə adlandıracağam) xarici kəşfiyyat xidməti orqanlarının tilovuna düşməyə imkan yaradır.

– Bəs Tbilisi LGBT məsələsinə görə Qərblə münasibətlərin pisləşə biləcəyindən narahat deyilmi?

– Həmin ABŞ əvvəllər də fərqli bəyanatlar verib. Bizdə ABŞ səfiri Kelli Deqnan var idi, o, hökumətə qarşı çox aqressiv çıxış etdi və LGBT məsələsini qaldırdı. Lakin gürcü xalqının öz dərin ənənələri və qədim tarixi var. Bizim üçün belə şeylər yolverilməzdir. Biz suveren ölkəyik və öz qərarlarımızı özümüz verəcəyik. Əgər amerikalılar Gürcüstanda heç 10% dəstək belə qazanmayan müxalifətə arxalanaraq vəziyyəti pozmağa çalışarlarsa, o zaman böyük səhvə yol vermiş olarlar.

Gürcüstanın hazırkı hakimiyyəti dövlətin və xalqın maraqlarına cavab verən xarici və daxili siyasətin təməli üzərində qurulub. Biz düz yoldayıq, adət-ənənələrimizə hörmətlə yanaşırıq. Ölkəmizdə yaşayan xalqlar, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılar LGBT təbliğatının qadağan olunmasını tam dəstəkləyirlər. İnsanlar kişi və ya qadın olaraq doğulur, evlilik kişi ilə qadın arasında bağlanır. Bizim dinlərimiz – pravoslav xristianlıq və islam da bundan danışır. Təkrar etməkdən yorulmayacağam: bizə xas olmayanı bizim üzərimizə yükləməyə ehtiyac yoxdur. Onlar öz ölkələrində istədiklərini həyata keçirə və təbliğ edə bilərlər, amma burada yox.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir