Potensial inkişafa töhfə verən Azərbaycan-Konqo əməkdaşlığı

Siyasət

4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ölkə tarixində ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib. Konqo Prezidentinin bu səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Konqo Fransa müstəmləkəçiliyindən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın neokolonializmə qarşı siyasətini yüksək qiymətləndirir. 

Onu da qeyd etmək lazımdır ki, həm tarixi, həm də çağdaş dünyanın tələbləri baxımından Azərbaycanın Afrika ölkələri ilə qarşıqlıqlı faydalı əməkdaşlıq əlaqələri mövcuddur. 30 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi uğurların Afrika ölkələrinin də marağına səbəb olduğunu deyə bilərik. İndi qarşılıqlı əməkdaşlığın üfüqlərini genişləndirməyin vaxtıdır.

Konqo Prezidentinin səfəri Azərbaycanın beynəlxalq siyasətdə tutduğu mövqe və əldə etdiyi nailiyyətlərin daha da irəlilədilməsi kontekstinə əlavə dəyər verir. Çünki Konqo liderinin səfəri zamanı imzalanan sənədlər, o cümlədən “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə” iki ölkənin münasibətlərinin parlaq gələcəyini ortaya qoyur.

Məhz bu gün Konqonun Prezidentinin səfəri, keçirilən görüşlər gələcəkdə ölkəmizin Afrika ölkələri ilə münasibətlərini intensivləşdirəcəkdir. Təbii ki, bu əlaqələrin içərisində xüsusilə ticarət əlaqələrinin inkişafı olduqca vacibdir və bu gün dövlət başçılarının birgə görüşü zamanı Prezident İlham Əliyev Konqoya investisiya qoyulmasının mümkünlüyü məsələsinə toxunmuşdur. Xüsusilə də, qeyd olunan sahələrin içəsində, kənd təsərrüfatı, bərpaolunan enerji, energetika, mədənçilik kimi mühüm xüsusatlar yer alacaqdır. Əlaqələrin inkişafında yeni dövrün yaşanması qeyd olunmuş vaxtilə sovet dövründə Konqodan olan tələbələr Azərbaycanda neft sahəsində təhsil alması kimi mühüm məsələlər qeyd olunmuş və dövlət başçısının tapşırığına əsasən bu ənənələrin bərpa olunması məqsədilə müvafiq göstərişlər verilib.

Prezidentlərin birgə bəyanatından da göründüyü kimi, Azərbaycanla Konqonun münasibətlərində pozitiv səhifə yaradan əsas platforma Qoşulmama Hərəkatının prioritetləri ətrafında sıx birləşmək olub. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə tutduğu mövqe və onun koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda humanitar yardımları təbii ki, Konqonun da diqqətindən yayınmayıb.

Bildiyimiz kimi Azərbaycan noyabr ayında mötəbər beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) – ev sahibliyi edəcək. Azərbaycan burada Konqo ilə də əməkdaşlıq qurmaqda maraqlıdır və bunu Prezident İlham Əliyevin mətbuata birgə bəyanat zamanı bu sitatında görə bilirik:

“Mən bu gün cənab Prezidenti COP29 tədbirində iştirak etmək üçün dəvət etmişəm və nümayəndə heyətlərinin üzvlərinə də göstəriş verildi ki, bu məsələ ilə bağlı da ciddi əməkdaşlıq yaradılsın. Azərbaycan COP29-un prezidenti kimi bu tədbirə çox ciddi hazırlaşır və burada Konqo ilə ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq etmək hesab edirəm ki, məqsədəmüvafiq ola bilər”.

Cavab nitqində Azərbaycanla Konqo arasında əlaqələrdə tarixi anlar yaşandığını deyən Deni Sassu-Nqesso ünvanladığı bütün sorğulara müsbət cavab verdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi. Konqonun istər BMT, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə Azərbaycanla birlikdə mübarizə aparacağını əminliklə qeyd edən ali qonaq ölkəmizin iqlim dəyişiklikləri sahəsində oynayacağı rolu, eləcə də Bakının COP29-a yüksək səviyyədə davam edən hazırlıq işlərini də alqışladığını bildirdi.

Bir sözlə, bu gün Azərbaycanın xoşməramlı çağırışları planetin bütün qitələrində eşidilir və geniş əks-səda verir. Fransa kimi avropalı müstəmləkəçilərin əlindən zülm çəkmiş, əsarətdə yaşamış Afrika ölkələrinin Bakının bununla bağlı sağlam və xoşməramlı siyasətini dəstəkləməsi tam təbiidir. Artıq Azərbaycanı özünə dost ölkə seçmiş Konqo bu sırada birincilərdəndir.

Aytən Ağalarova,

Salyan rayon Arbatan kənd tam orta məktəbin direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir