Azərbaycan-Bolqaristan münasibətləri hərtərəfli inkişaf yolundadir

Siyasət

Azərbaycanın dünyanın aparıcı ölkələri ilə iqtisadi və siyasi əlaqələri getdikcə genişlənir. Qarşılıqlı rəsmi səfərlər isə bu əlaqələrin daha da dərinləşməsinə  böyük təkan verir. Azərbaycanın yaxından dostluq və əməkdaşlıq etdiyi ölkələrdən biri də Bolqarıstandır. Bu ölkə ilə qarşılıqlı münasibətlər 1992-ci ilin iyunundan – Bolqarıstanın Azərbaycanın müstəqilliyini tanımasından sonra  qurulub. Bolqarıstanın Azərbaycandakı səfirliyi 1999-cu ilin dekabrından, Azərbaycanın Bolqarıstandakı səfirliyi isə 2004-cü ilin aprelindən fəaliyyət göstərir.
Dövlətimizin başçısı İlham Əliyev 2005-ci ilin sentyabrında, 2009-cu ilin noyabrında və 2015-ci ilin martında Bolqarıstana bir sıra rəsmi və işgüzar səfərlər etmişdir. Sonuncu səfər enerji layihələri və qarşılıqlı sərmayələrlə bağlı müzakirələrin aparılması ilə yanaşı, Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə yadda qalmışdı.

Enerji tərəfdaşlığı Azərbaycan-Bolqarıstan münasibətlərinin təməli hesab edilir. Bu tərəfdaşlığın əsasını qoymuş “Cənub qaz dəhlizi” layihəsinə gəldikdə, Prezident
İlham Əliyev və Avropa İttifaqının ovaxtkı xarici əlaqələr və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış Məşvərət Şurasının Birgə Bəyanatında Bolqarıstan onun fundamental elementlərindən biri olaraq qeyd olunmuşdur.

Azərbaycan və Bolqarıstan əməkdaşlığı üçün digər mühüm sahəni nəqliyyat əlaqələri təşkil edir. 1998-ci ildən bəri hər iki ölkə TRACECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsinin bir hissəsidir. Son zamanlar aktuallıq qazanmış bu layihə Avropa ilə Çin arasında səmərəli əlaqənin inkişaf etdirilməsi məqsədini daşıyır. Müasir Bakı Beynəlxalq Dəniz Ticarət Limanı hazırda Xəzər dənizi regionunda tranzit imkanlarının genişləndirilməsinə böyük töhfə verir. Bu baxımdan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Bolqarıstanın Limanlar İnfrastruktur Şirkəti yükdaşımaların hər iki istiqamətdə genişləndirilməsi üçün əməkdaşlıq edir. Hər iki ölkə bir müddət fəaliyyət göstərməyən, lakin hazırda yenidən diqqət mərkəzində olan “Çin, Mərkəzi və Şərqi Avropa arasında əməkdaşlıq” forumunun vizyonunu bölüşür.

Bu günlərdə iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirmək məqsədilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasında  səfərdə olub. Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə həm təkbətək, həm də geniş tərkibdə görüşü keçirilib, Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçımız aparılan müzakirələr barədə mətbuata bəyanatında demişdir: “Bu gün biz bir layihəni də müzakirə etdik, o da “yaşıl enerji” kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda “yaşıl enerji” təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə eyni zamanda ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm”.

Bolqarıstan Prezidentinin Azərbaycana səfəri zamanı keçirdiyi yüksəksəviyyəli görüşlər, aparılan danışıqlar, fəal siyasi və iqtisadi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə dövlətlərarası əlaqələr bundan sonra daha da genişlənsin və yeni uğurlu nəticələr əldə olunsun. Bolqarıstan və Azərbaycan arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı hörmət və maraqlar əsasında qurulur.

Cavid Səmədli, Salyan rayon gənci, YAP fəalı

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir