Qəhrəmanlığın zirvəsi

Siyasət

Şuşa tarixən təhsil, maarifçilik, musiqi, mədəniyyət mərkəzi olub. Vətən müharibəsində isə həm də qəhrəmanlığın zirvəsi olub. Çox inanırıq ki, biz Şuşa tarixinin yeni mərhələsində məhz bu yolu tutacağıq.

Biz Şuşanı azad edən döyüşçülərin qəhrəmanlığına layiq cəsarətlə, tikilənləri uçurub dağıtmadan özümüzünküləşdirib yeni forma və məzmunla azərbaycanlılaşdırmalıyıq, həm də gecikmədən! Torpaq bizim olduğu üçün torpağın üstündəki mülk də xalqımıza, dövlətimizə məxsusdur! Qardaş Türkiyənin xristianların məşhur Ayasofya muzeyini məscidə çevirməsi bizə də örnək olmalıdır! Biz ermənilər kimi uçurub dağıtmaq yox, yaşatmaq yolundayıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim edilməsi mərasimində çıxışı zamanı deyib: Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq – ən müasir, ən rahat, ən gözəl. Dövlətimizin başçısı bildirib ki,  “Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, əminəm, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək”. Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar – Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir.

Dövlətimizin başçısı tutarlı mesajlarla çıxış edərək deyib ki,  bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bundan sonra bir addım da atılmamalıdır.

Prezidentin fikirlərini ürəkdən alqışlayırıq və inanırıq ki, məhz belə də olacaq.

Ceyhun Rəhimov,

Kazımabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir