Ölkələr malik olduqları təbii sərvətlərə görə mühakimə olunmamalıdırlar

Siyasət

Azərbaycan artıq dünya birliyində sabitlik məkanı imicini qazanıb. Məhz buna görə də nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter almasının da əsas səbəbi təhlükəsizliyin təmin olunması və insidentsiz başa çatmasıdır. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də reytinqli tədbirlərin keçirilməsinə qucaq açıb. Belə tədbirlərin iştirakçıları özlərini Azərbaycanda çox rahat hiss edirlər. Prezident İlham Əliyev yaxın vaxtlarda Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibəsində də bunu xüsusi vurğulayıb.

Bildiyimiz kimi bu ilin sonunda ölkəmizdə daha bir mühüm əhəmiyyətli tədbirin – COP29-un keçirilməsi qərara alınıb. Bu tədbirin respublikamızda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Hazırda bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri görülür və təmiz ətraf mühitin formalaşması istiqamətində əhəmiyyətli işlər görülür. Dövlət başçısı telekanala müsahibəsində də COP29 kimi mühüm bir tədbir barədə suallara aydınlıq gətirərək qeyd etdi ki, konfrans zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss edəcəyi bir mühit yaradılacaq. Əslində Prezidentin bu bəyanatı dünyanın nüfuzlu “Euronews” telekanalı vasitəsilə dünya birliyinə ünvanlanmış təhlükəsizlik zəmanəti olduqca vacib mesaj idi. Belə ki, həmrəylik və əməkdaşlıq platforması olan COP29-un Azərbaycanda keçirilməsi 2024-cü ilin ən mühüm hadisəsi olacaq. Biz də ev sahibi ölkə olaraq həmin tədbirdə daha çox nümayəndənin iştirakında maraqlıyıq.

Cənab Prezident müsahibədə COP29-la bağlı gözləntilərini də bəyan etdi və bildirdi ki, iqlim dəyişmələri məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə necə hərəkət etməli olduğumuzu müəyyənləşdirmək, həmrəyliyi, ortaq məsuliyyəti gücləndirmək üçün atılacaq addımları müzakirə etmək və iqlim dəyişmələri məsələləri ilə bağlı inamsızlığı aradan qaldırmağın yollarını tapmaq prioritet vəzifələrdir.

Həqiqətən də bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaq kimi böyük təcrübəmiz var və Azərbaycan təkcə bu Hərəkata üzv olan 120 ölkə ilə deyil, Avropa İttifaqına üzv olan ölkələrlə də fəal şəkildə işləyir. Prezidentin də dediyi kimi, ölkəmizin Avropa İttifaqına üzv olan doqquz dövlətlə strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Odur ki, Azərbaycan Platforması COP29 üçün həqiqətən də qarşıda duran vəzifələri müzakirə etmək üçün unikal məkandır.

Prezident İlham Əliyev müsahibəsində təbii sərvətləri olan neft ölkələrinin haqsız yerə tənqidlərə tuş gəlməsinə də münasibət bildirdi və dedi ki, bəzi ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməməli, nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidirlər. Həqiqətən də bu gün bəzi ölkələr var ki, onlar təbii sərvətlərinə görə mühakimə olunurlar. Bunu da o ölkələr edirlər ki, nefti olmasa da əslində ekologiya üçün daha çox ziyan vuran zavodları, istehsal müəssisələri var. Cənab Prezident də haqlı olaraq indi ittihamları bir kənara atıb əsas diqqəti yaşıl dünya üçün atılacaq addımlara yönəltməyin vacib olduğunu və bunun gələcək nəsillər üçün ən gözəl miras olacağını bildirdi.

Xalidə Sadıqova,

Salyan şəhər 2 saylı uşaq bağçasının müdiri, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir