Fransanın ikili standartları: Korsikada separatçı sayılan, Qarabağda niyə dəstək görür?

Siyasət

Fransanın Korsika adasında artıq iki həftədir ki, etirazlar davam edir. Buna səbəb Fransanın Arl şəhərində yerləşən həbsxanada saxlanılan korsikalı separatçı İvan Kolonnaya hücum edilməsi olub.

Hücum nəticəsində komaya düşən İ.Kolonna separatçılar üçün qəhrəman, “müstəqillik döyüşçüsü” hesab olunur. Bu səbəbdən də baş verənlər millətçilərin küçələrə çıxmasına və kəskin etirazlara, bir sıra hallarda hüquq-mühafizə orqanları ilə toqquşmalara zəmin yaradıb.

Millətçilər hesab edirlər ki, Kolonnanın yaralanmasında dövlət məsuliyyət daşıyır, çünki o adada deyil, başqa bölgədə zindanda yatır.

İki həftə davam edən kütləvi iğtişaşlarda təxminən 70 nəfər xəsarət alıb, polis etirazçılara qarşı güc tətbiq edib. Etirazçıların Fransadan əsas tələbi muxtariyyət, həmçinin Fransa həbsxanalarında saxlanılan korsikalı millətçilərin Fransanın kontinental hissəsindən adaya köçürülməsidir.

Martın 16-da Fransanın daxili işlər naziri hökumət adından Korsikaya güzəştlərə, o cümlədən muxtariyyət məsələsinə baxılacağına söz verib.

Fransa ilə hətta karantin tədbirlərinin belə “əslində gəlirlərinin əksər hissəsini turizmdən əldə edən korsikalıları diz çökdürmək” məqsədi güddüyünü düşünəcək qədər  “isti” münasibəti olan millətçilərin mübarizəsinin kökləri isə daha qədimdir.

Belə ki, Korsikanın müstəqilliyi dalğasının yeni mərhələsi 1970-ci illərdən başlanır. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsi ən aktiv rol oynayıb. Onların məqsədi Fransadan tam siyasi müstəqillik qazanmaq və ya Korsikanın muxtariyyət hüququnun genişlənməsi olub. Bundan əlavə əsas tələblərdən biri də Fransa dövləti tərəfindən “Korsika xalqı”nın (Fransa qanunlarına görə ölkənin bütün vətəndaşları fransız hesab olunur) tanınmasıdır. Bu qruplaşma 2014-cü ilə qədər Fransa ilə silahlı mübarizə aparıb və yalnız həmin vaxtdan sonra prosesdə bir qədər yumşalma qeydə alınıb.

Korsikanın müstəqilliyi ilə bağlı danışıqlar 2017-ci ilin dekabrında regional seçkilərdə millətçilərin qələbə qazanmasından sonra güclənib. Onlar Korsika dilinə Fransız dili ilə eyni statusun verilməsini siyasi məhbus hesab etdikləri siyasi fəalların azadlığa buraxılmasını istəyiblər. Paris isə bu təkliflərə etiraz edib.

Parisin ikili standartları

Diqqətçəkən məqamlardan biri də bundadır ki, korsikalı millətçilər heç də tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər. Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır…

Lakin Paris eyni dözümsüzlüyü dünyanın başqa yerlərindəki separatçılara qarşı göstərmək istəmir. Əksinə, ikili standart nümayiş etdirərək, məsələn Qarabağdakı separatçılara dəstək verir, Ermənistanın təcavüzkar siyasətinə arxa durur.

Fransa dövləti öz daxilindəki problemlərə qarşı laqeyd yanaşdığı halda diqqəti beynəlxalq arenaya cəlb etməyə çalışır. Korsikalıların hüquqlarını heçə sayan ölkə məsələ ermənilərə gəldikdə böyük canfəşanlıq göstərir.

Qısa xatırlatma:

2020-ci ilin noyabrın 18-də Fransa Senatının Rəyasətində erməni diasporunun və lobbisinin təsiri altında olan bir qrup senator tərəfindən qondarma “Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamə layihəsi təqdim olunub, noyabrın 25-də sözügedən qətnamə müzakirə edilərək qəbul olunub.

Məsələyə münasibət bildirən, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sözügedən qətnamənin Azərbaycan üçün adi kağız parçasından bir şey olmadığını bildirib:

“Dar siyasi ambisiyalar naminə qəbul olunmuş bu kağız parçası beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin kobudcasına pozulması ilə yanaşı, Fransanın istər Minsk qrupunun həmsədr ölkəsi, istərsə də BMT TŞ-nin daimi üzvü kimi məramı və obyektiv fəaliyyəti ilə bağlı ciddi suallar doğurur.

Senatın bu təxribatçı addımı Fransa siyasi dairələrinin ənənəvi Ermənistan təəssübkeşliyinin təzahürüdür”.

Lakin Fransa siyasətinin ümumi mənzərəsi fonunda Ermənistana göstərilən “dəstəyi” təkcə Senat müstəvisində görmürük. Bundan əlavə siyasi arenada ermənilərə dəstəyini əsirgəməyən Fransanın prezidentliyə namizədlərinin Ermənistana səfərləri, dəstək açıqlamaları da hər birimizin xatirindədir. Onlardan biri Fransa prezidentliyinə sağ mərkəzçi “Respublikaçılar” Partiyasından namizəd Valeri Pekres isə bütün rəqiblərini “qabaqlayaraq” hətta Azərbaycanın Qarabağ ərazisinə qanunsuz səfər etməkdən də çəkinməmişdi.

Bütün bunlar isə Fransa siyasi elitasının öz maraqları naminə hətta beynəlxalq hüququ kobud şəkildə pozmaqdan çəkinmədiyini göstərən əsas amillərə çevrilir.

Sirr deyil ki, yaxınlaşan prezident seçkiləri Fransa prezidentliyinə namizədlərin hər vəchlə səs toplamaq meylini artırıb. Bu fonda isə Valeri Pekres, Erik Zemmur kimi namizədlərin Ermənistana səfərləri, hazırkı prezident Emmanuel Makronun Ermənistana “böyük” dəstəyi və bu istiqamətlərdə müxtəlif platformalarda səsləndirilmiş fikirlərin əsas hədəfi daha aydın ortaya çıxır. Fransada yaşayan minlərlə erməninin səslərini özünə cəlb etmək istəyi hətta özünü demokratiyanın bayraqdarlarından biri kimi qələmə verən bir ölkədə belə siyasətçilərin demokratiyanı tapdalamasına gətirib çıxara bilir.

Fransız siyasətçilər, ümumən Fransa dövlətinin siyasi xətti öz maraqları naminə istənilən hüquq və normaları pozmağa qadir bir görüntü yaradır. Korsikanın dinc tələblərinə verilən reaksiya ilə səs toplamaq üçün uzun illər təcavüzkar Ermənistana göz yummaq, bir çox hallarda bu susqunluğu dəstək səviyyəsinə çatdırmaq, erməni separatçılara hər vəchlə dəstək vermək məhz bu ikrah hissi doğuran mənzərənin əyani təzahürüdür.

Fransanın real mənzərəsi

Apreldə sonlanacaq seçki yarışının gedişatı onu göstərdi ki, Fransanın hazırkı hakimiyyəti və onu əvəzləmək iddiasında olan siyasi qüvvələr üçün ölkədaxili məsələləri qabartmaq və onların həllinə meyl göstərmək qəbuledilməzdir. Sadəcə ölkədəki COVID-19 məhdudiyyətlərinə qarşı aksiyaları və Fransa dövlətinin onlara verdiyi amansız, kəskin reaksiyanı xatırlamaq kifayətdir ki, Fransa dövlətinin nəyə görə beynəlxalq məsələləri “gündəmdə saxlaması”nın arxasında dayanan məqsədi anlayasan.

Sözügedən paradoksal vəziyyət növbəti dəfə Fransa siyasətinin iç üzünün ifşası baxımından önəm daşıyır. Ölkədə etirazlara şərt şəkildə müdaxilə edilir, Korsika əhalisinin dinc tələbləri birmənalı şəkildə geri çevrilir, lakin Fransa dünyada “demokratiya bayraqdarı”, “ermənilərin müdafiəçisi” imicinə bürünməyi daha məqsədəuyğun hesab edir?

Bu məqamı diqqət yetirməli olan isə ilk növbədə Fransa xalqıdır. Çünki istənilən halda öz maraqları naminə demokratiyanı tapdalamaqdan çəkinməyən siyasi elita məhz onlara liderlik iddiasındadır.

Öz məram və məqsədlərinə uyğun separatçı təsnifatı aparan, bu təsnifat zamanı insan hüquqlarını kobud şəkildə pozmaqdan çəkinməyən Fransa siyasətinin hansı amala xidmət etdiyi isə təkcə fransızlar deyil, bütün dünya üçün böyük bir sual doğurur…

Orxan Tağıyev

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir