Çavuşoğlu “Moskva”nın 101-ci ilində Lavrovla görüşdə: Baş diplomatların portfellərindən çıxanlar – TƏHLİL

Siyasət

Martın 16-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvaya yola düşərək rusiyalı həmkarı Sergey Lavrovla görüşdü.

Bilmirik səfərin zamanlaması təsadüfdür yoxsa simvolik, biz ona vurğu edirik ki, Çavuşoğlu 1921-ci ilin martın 16-da Rusiya ilə Türkiyə arasında imzalanmış Moskva müqaviləsinin 101-ci ilində Rusiyaya ayaq basdı.

Ancaq Lavrovun görüş zamanı Moskva müqaviləsini xatırlatması bizi belə düşüncələrə qərq edir ki, Çavuşoğlunun səfər tarixi həm də rəmzi məna daşıyır və Rusiya-Türkiyə münasibətlərində gərginlik olmasına rəğmən iki ölkənin əlaqələrində müsbət meyillər olduğuna işarədir.

Lavrovun açıqlaması da bunun göstəricisi sayıla bilər, onun “Rusiya ilə Türkiyə 1921-ci ilin 16 martında dostluq və qardaşlıq müqaviləsini imzaladı” deməsi qlobal güclər tərəfindən sıxışdırılan Rusiyanın yalnız Türkiyə ilə özünə təsəlli tapdığının indikatorudur. Elə görüş zamanı Lavrovun Çavuşoğlunu qucaqlamağa can atması da təklənən Moskvanın əsaslı ümid yerlərindən birinin Ankara olduğu assosiasiyasını yaradır.

Rusiya, Ukrayna müharibəsində Ankaranı öz tərəfinə çəkmək istəsə də, Ankara Kiyevə dəstək verir, müharibə tərəfinə çevrilməmək üçün isə Rusiyaya qarşı beynəlxalq sanksiyalardan da özünü kənarda tutur.

Türkiyə Rusiyanın Ukraynaya təcavüzünü bütün parametrlər üzrə yaratdığı təhlükəli oxları strateji incəliklə analiz edir, hərbi-siyasi cəhətdən Ankara üçün ən böyük təhlükə Qara dənizdə hərbi balansın Moskvanın xeyrinə dəyişməsi ehtimallarıdır.

Türkiyənin Qərblə soyuq münasibətləri olsa da, Qara dənizdəki qüvvələr tarazlığının pozulması riski Ankara-Vaşinqton əlaqələrində ortaq baxışı bərqərar edir. Üst-üstə düşən təhdidlər fonunda Ankara ilə Vaşinqtonun əməkdaşlığında yeni strateji istiqamət yarana bilər, Ukrayna müharibəsi də bunu strateji zərurət halına gətirir.

Türkiyənin mövqeyi heç də bu deyil ki, ABŞ Qara dənizdə hegemon olsun, xeyr, Ankara sadəcə hərbi tərəzidə Rusiyanın ağırlıq təşkil etməməsi üçün ABŞ amilindən də yararlanmağı hədəfləyir.

Lavrovun Türkiyə ilə Rusiya arasında Ukrayna müharibəsinə nisbətdə bəzi fikir ayrılıqlarının olduğuna diqqət çəkməsi də, böyük ehtimalla hərbi mövcudluq səviyyəsinin yüksəlmək cəhdlərinə Ankaranın sipər çəkməsi halları ilə bağlıdır.

Lavrov-Çavuşoğlu prioritet gündəmindən biri də Türkiyədə keçiriləcək 9-cu Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının proqramını və tarixlərini dəqiqləşdirmək olub. Bu, Türkiyə-Rusiya əlaqələrində problemli məsələlərin həlli baxımından önəmli platformadır, bu platformanın bəşəri müharibə risklərinin çoxaldığı zamanda baş tutması Azərbaycan üçün də müsbət haldır.

Azərbaycan demişkən, Lavrovla Çavuşoğlu görüşündə Cənubi Qafqazdakı vəziyyət və Zəngəzur dəhlizi də müzakirə xəttinin istiqamətlərindən birini təşkil edib.

– Lavrov “3+3” formatındakı regional əməkdaşlıq formatının boy atıb böyüməsi ilə bağlı bəzi təməllərin atıldığını vurğulayıb;

– Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə Rusiyanın müsbət yanaşdığını deyib.

Cənab Çavuşoğlu isə sanki Lavrova replika atırmış kimi, Ankara-İrəvan normallaşma periodunda Azərbaycanın da dəstəyini ön planda tutub.

Deməli Lavrov-Çavuşoğlu müzakirə masasında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki vəziyyət barədə də fikir mübadiləsi aparılıb və Çavuşoğlu rusiyalı həmkarına Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin cizgilərini yeni təhdidlər fonunda izah edib.

Çavuşoğlunun Lavrovla görüşü bitdikdən sonra onun Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığının baş tutması da Moskva gündəliyinin yekunlarına dair tezislərin Bakı-Ankara diplomatik trafikində yer aldığını nümayiş etdirir.

Lavrov-Çavuşoğlu görüşündən Zəngəzur dəhlizinə aid isə bu nəticəni çıxara bilərik:

Azərbaycanla İran arasında bir neçə gün öncə sənəd imzalandı, sənədin bəndlərinə əsasən, İran vasitəsilə Naxçıvana gediş-gəliş təmin olunacaq və mövcud yol Şərqi Zəngəzur bölgəsinə birləşdiriləcək. İranla münasibətlərdə yeni sfera bəzi fikirləri formalaşdırıb ki, guya Zəngəzur dəhlizinin aktuallığı itib.

Birincisi, Azərbaycan dövləti hələ belə bir mövqe sərgiləməyib, İran amili sadəcə yeni alternativdir və perspektiv üçün əlavə iqtisadi mənfəətlərdir.

İkincisi, Lavrovla Çavuşoğlunun Zəngəzur dəhlizini müzakirə etməsi də onu göstərir ki, həmin koridor gündəlikdən çıxmayıb.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.