“Bu gün Prezident İlham Əliyev dünyanın ən əhəmiyyətli müzakirə platformalarında xüsusi qonaq kimi iştirak edir və onun fikirləri dünyadakı önəmli beyin mərkəzlərinin forumlarında xüsusi ilə dinlənilir, maraqla qarşılanır”.
Bu sözləri Oxu.Az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumundakı iştirakını şərh edərkən deyib.
Onun sözlərinə görə, Çernobbio Forumu dünyanın ən reytinqli beyin mərkəzi toplantılarından biridir:
“Prezident İlham Əliyevə bu forumda diqqətin göstərilməsi, eyni zamanda ölkə başçısının bu forumda dünyanı narahat edən bir sıra iqtisadi, siyasi və ekoloji məsələlərlə bağlı mövqe ortaya qoyması Azərbaycanın həm qlobal problemlər və tendensiyalarla bağlı baxışlarını dünyaya nümayiş etdirir, həm də onun Avropada təşkil olunan bu kimi əhəmiyyətli forumlarda əsas natiqlərdən biri kimi xüsusi hörmətə sahib olduğunu göstərir”.
“Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rollardan birini oynayır və qarşıdakı 3 il ərzində Azərbaycanın Avropaya qaz ixracının 20 milyard kubmetrə qədər artacağı planlaşdırılır. Həmçinin, Azərbaycan ənənəvi enerji ilə yanaşı, alterativ enerji sahəsində də həm Avropa İttifaqı, həm də İtaliya ilə əməkdaşlığını davam etdirəcək. Eləcə də ölkəmizdə noyabr ayında COP29 kimi önəmli bir tədbir keçiriləcək və bunun fonunda Prezident İlham Əliyevin bu foruma dəvət edilməsi həm Azərbaycanın, həm də liderinin yüksək beynəlxalq nüfuzunun növbəti təzahürüdür”, – deyə siyasi şərhçi vurğulayıb.
Müsahibimiz Prezidentin forumda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiya çıxışına da münasibət bildirib. O, ölkə başçısının gündəmə gətirdiyi taleyüklü məsələlərin Azərbaycanın qlobal problemlərin həllində əsas ölkələrdən biri olduğunun bariz nümunəsi kimi xarakterizə edib:
“Dövlət başçısının həm milli təhlükəsizlikdən danışarkən Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüsü diqqətə çatdırması, həm regional təhlükəsizlikdən danışarkən təkcə Qafqazda deyil, daha geniş coğrafiyada Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasının başlıca amil olduğunu bildirməsi, həm Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etməsini deməsi ilə enerji təhlükəsizliyinin Azərbaycan üçün önəmi gündəmə gətirməsi, eyni zamanda Azərbaycan-İtaliya əlaqələrinin iqtisadi, siyasi və mədəni gələcəyi ilə bağlı verdiyi mesajlar kifayət qədər mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı bununla həm Azərbaycan-İtaliya, həm də Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərini bir daha bütün dünyaya nümayiş etdirdi”.
Politoloq Aytən Qurbanova da Oxu.Az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin son illərdə müxtəlif beynəlxalq tədbirlərə xüsusi dəvət olunmuş qonaqlar qismində iştirakı daha intensiv xarakter almağa başlayıb:
“Həm təşkilatçılar, həm müxtəlif dövlət və hökumət başçıları Prezident İlham Əliyevin belə tədbirlərdə iştirakına xüsusi səy göstərir və belə tədbirlər çərçivəsində onunla ikitərəfli və çoxtərəfli formatda görüşlərin keçirilməsinə cəhd edirlər. Bu, istisnasız olaraq Azərbaycan dövlətinə və Azərbaycan dövlət başçısına olan xüsusi etimadın və rəğbətin bariz nümunəsidir”.
“Biz eyni bir nümunəni Prezident İlham Əliyevin İtaliya səfəri çərçivəsində iştirak etdiyi Çernobbio Forumuna əsas qonaq qismində dəvət olunması və verdiyi mesajlarda da görə bilərik. Çünki kifayət qədər önəmli bir forumda dövlət başçısı xüsusi qonaq qismində Azərbaycanın xarici siyasət prioritetləri və yeni hədəfləri ilə bağlı dünya ictimaiyyətini məlumatlandırdı. Eyni zamanda, qlobal sistemdə baş verən önəmli hadisələrlə bağlı Azərbaycanın mövqeyi aydın şəkildə ifadə edilmiş oldu. İstisnasız olaraq aydın və konkret şəkildə ifadə edə bilərik ki, bu tədbirlər çərçivəsində dövlət başçısının iştirakı və ona göstərilən xüsusi rəğbət və etimad birbaşa olaraq Azərbaycan dövlətinə və beynəlxalq sistemdə artan gücünə aydın münasibətin ifadəsidir”, – deyə ekspert əlavə edib.