Paşinyan gözləntilərin əksinə, Köçəryan-Sarkisyan dəst-xəttini davam etdirirdi ŞƏRH

Siyasət

Ermənistanda 2018-ci ildə başlayan etiraz aksiyaları yekunda hakimiyyət dəyişikliyi ilə nəticələndi. XX əsrin sonlarında əlləri minlərlə azərbaycanlının qanına batmış, torpaqlarımızda işğal və sistematik təmizləmə həyata keçirmiş Köçəryan-Sarkisyan rejimi devrildi və onları qərbpərəst, özünü dialoqdan yana siyasətçi kimi tanıdan Nikol Paşinyan əvəzlədi. Ermənistanda reallaşmış hakimiyyət dəyişikliyindən sonra biz rəsmi İrəvandan gələcək müsbət reaksiyaya cavab verməyə hazır idik. Bununla yanaşı, yeni hökumətin danışıqlar prosesində ciddi şəkildə iştirak edəcəyinə yönəlik müəyyən qədər ümidlərimiz də var idi. Lakin yeni baş nazir Nikol Paşinyan və ətrafı gözləntilərin əksinə, ənənəvi ritorika ilə çıxış edərək sələfləri Robert Köçəryan və Serj Sarkisyanın dəst-xəttini davam etdirdi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən qısa bir müddət sonra baş nazir və digər Ermənistan rəsmiləri bilərəkdən danışıqlar prosesinə əngəllər yaratdı, yeni işğal planlarını gündəmə gətirdilər. 2019-cu ildə Şuşa şəhərində “Qarabağ Ermənistandır və nöqtə” deyən N.Paşinyanın ardınca ölkənin sabiq müdafiə naziri David Tonayanın da “Yeni müharibə və yeni ərazilər” tezisli çıxış səsləndirməsi bardağı daşıran son damla oldu. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanla açıq şəkildə təhdid dili ilə danışmağa başladı. Lakin Nikol Paşinyan və komandasının unutduğu bir məqam var idi ki, Cənubi Qafqazda son sözü Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan deyir. Müzəffər Ali Baş Komandanın qarşı tərəfin hədsiz çıxışlarına qarşılıq “Valday” konfransında “Qarabağ Azərbaycandır və nida” fikrini səsləndirməsi isə prosesin hansı istiqamətdə nəticələnəcəyinin təsdiqi idi.

“Artıq hər iki ölkə arasında danışıqlar prosesi dayanmışdı və Ermənistan rəhbərliyinin Azərbaycanofob, təxribat xarakterli bəyanatları İrəvanın növbəti hərbi əməliyyatlara hazırlaşdığına işarə idi. Nəticədə sentyabrın 27-də işğalçı Ermənistan ordusu cəbhənin bütün istiqamətlərindən silahlı qüvvələrimizin mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutdu. Artıq bu, Vətən müharibəsinin başlanğıcı, Qələbəmizin ilk notları idi. Azərbaycan Ordusu BMT-nin 51-ci maddəsini rəhbər tutaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistan və separatçı rejimə qarşı “Dəmir yumruq” əməliyyatına başladı. Silahlı Qüvvələrimizin əzmkarlığı və peşəkarlığı qarşısında aciz qalan erməni ordusu Ağdam, Ağcabədi, Beyləqan, Tərtər, Goranboy, Füzuli kimi şəhərlərimizi və cəbhə xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir, Bərdə və bir çox yaşayış yerlərimizi atəşə tutdu. Birinci Qarabağ müharibəsində dinc əhaliyə qarşı genosidlər törədən Ermənistan bu dəfə Gəncə və Bərdə şəhərini raket atəşinə tutmaqla mülki insanların öldürülməsinə səbəb oldu. Mülki əhali və hərbi statuslu şəxslər arasında fərq qoyulmasına dair beynəlxalq hüququn prinsiplərinə riayət edən Azərbaycan sivilləri hədəfə almaq kimi hərbi cinayətlərə oxşar formada cavab vermədi. 1990-1994-cü il Birinci Qarabağ müharibəsi zamanı “ASALA” terror təşkilatının fəaliyyətindən geniş şəkildə istifadə edən Ermənistan eyni ssenarini 44 günlük savaşda təkrarladı. “ASALA” və digər terror qruplaşmalarının fəaliyyəti faktlarla öz təsdiqini tapdı. Lakin heç bir qüvvə Azərbaycan Ordusunun qarşısında tab gətirə bilmədi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi və ondan sonrakı antiterror tədbirləri ilə torpaqlarımızda erməni separatizminin kökünü kəsdi. Ölkəmiz 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi və ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin (822, 853, 874, 884) icrası tarixdə ilk dəfə olaraq işğala məruz qalmış dövlət tərəfindən təmin edildi”, – deyə G.Ağamalı vurğulayıb.

Deputat əlavə edib ki, artıq münaqişə bitib və Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibatı ərazi vahidi yoxdur. 2021-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Qarabağ və Şərqi-Zəngəzur iqtisadi rayonları yaradıldı. İndi ölkəmizin qarşısında duran əsas prioritet məsələ məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılmasıdır. Məhz bu səbəbdən dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Azərbaycan müasir şəhərsalma üsulları əsasında “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarını tətbiq edərək yeni kəndlər və şəhərlər inşa edir, Böyük Qayıdış Proqramı uğurla davametdirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir