2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldı. Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması, Azərbaycan xalqı üçün illərlə gözlənilən və böyük zəfərlə əldə olunan qələbənin simvoluna çevrildi. Bu hadisə, 30 ildən çox davam edən işğal dövrünün sona çatmasını rəmzi olaraq təsdiq etdi və Azərbaycan xalqı bu möhtəşəm anı böyük sevinc və qürur hissi ilə qarşıladı. Həmin tarixi günlər yaddaşlarda əbədi olaraq silinməz iz buraxdı və ədalət, nəhayət, bərqərar oldu.
Hər birimizə məlumdur ki, Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanın itirilmiş torpaqlarının geri qaytarılmasını və ərazi bütövlüyünün bərpasını bir nömrəli vəzifə kimi qarşısına qoymuşdu. Onun həm daxili, həm də beynəlxalq çıxışlarında bu müqəddəs hədəfə doğru qətiyyətlə irəlilədiyini hər kəs hiss edirdi. Hər gün Azərbaycan Bayrağının işğal altında olan torpaqlarda dalğalanacağı günün yaxınlaşması üçün səylər göstərilirdi. Və nəhayət, Prezident İlham Əliyevin rəhbərliyinin 17-ci ilində bu müqəddəs gün gəldi. 44 günlük Vətən müharibəsi nəticəsində 27 illik işğal tarixinin yerini zəfər tarixi aldı.
Prezident İlham Əliyevin illər ərzində həyata keçirdiyi siyasi, iqtisadi və hərbi islahatlar nəticəsində Azərbaycan dünya miqyasında nüfuz qazanaraq beynəlxalq aləmdə layiqli yerini tutdu. Ölkəmiz yalnız regionda deyil, daha geniş coğrafiyada təsir gücünə sahib oldu. 2023-cü ilin sentyabr ayında dövlətimiz Ermənistanın hərbi təxribatlarına cavab olaraq, birgünlük antiterror əməliyyatları ilə Xocalı, Əsgəran, Xocavənd, Xankəndi və Ağdərə şəhərlərini nəzarətə qaytardı. Bu, Azərbaycanın tarixi missiyasının başa çatması və bütün ərazilərimizdə suverenliyimizin tam bərpası demək idi. Bu, Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan zəfər dastanının möhtəşəm sonluğu idi.
Bu tarixi qələbə, asan əldə edilmədi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün güclü siyasi və hüquqi baza yaradıldı. Eyni zamanda, ölkənin iqtisadi gücü artırıldı, çünki iqtisadi müstəqillik dövlətin siyasi müstəqilliyinin əsas şərtidir. Silahlı Qüvvələr gücləndirildi və Azərbaycan ordusu dünyanın ən güclü hərbi qurumlarından birinə çevrildi. 2020-ci il Vətən müharibəsində ordumuzun 44 gün ərzində göstərdiyi qəhrəmanlıq bu gücün parlaq sübutu oldu. Xalqımız öz qanı və canı bahasına torpaqlarını geri qaytardı və Xankəndidə ucalan bayraq, bu qələbənin əbədi simvolu olaraq yaddaşlara həkk olundu. Bu zəfər təkcə Azərbaycan xalqının deyil, dünya azərbaycanlılarının da qürur mənbəyidir.
Bu tarixi qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq və gələcək nəsillər bu uğurla hər zaman fəxr edəcəklər. Azərbaycanın əzəli torpaqlarında, o cümlədən Xankəndidə, xalqımız əbədi yaşayacaq və Bayrağımız bu torpaqlarda daim qürurla dalğalanacaq.
Aysel Qəribli
Pirallahı rayon MKTB-nin əməkdaşı, YAP Pirallahı rayon təşkilatının üzvü