Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin 25 illik vaxt aralığı ilə böyük inam və qürurla söylədiklərindən gətirdiyimiz bu nümunələrdən də göründüyü kimi, Azərbaycan xalqı milli hədəflərinə doğru qət etdiyi birqərinəlik çətin, sınaq və məsuliyyətlərlə dolu uzun yolu Zəfər zirvəsinə yetirib. Üçrəngli, ay-ulduzlu bayrağını Qarabağ və Şərqi Zəngəzurun ən uca zirvələrində, Şuşada, Xocalıda, Xankəndidə dalğalandıraraq milli mücadiləsini məntiqi sonluğuna çatdırıb.
Bu gün Qarabağ və Şərqi Zəngəzur dünyada misli bərabərinə rastlanmayan quruculuq meydanına çevrilib. Bir yanda yollar çəkilir, körpülər salınır, hava limanları tikilib istifadəyə verilir. Bir yanda da müasir yaşayış məskənləri salınır, qayıdış karvanları ilə yurdlarına dönən keçmiş məcburi köçkünlərimiz isti od-ocaqlarına qovuşdurulur. O torpaqlarda doğulan körpələrin hayqırtıları bir daha dünyaya “Qarabağ Azərbaycandır!” ismarışı verir.
Bütün bunlar isə Azərbaycan xalqının, dövlətinin dahi xilaskarı Ulu Öndər Heydər Əliyevin vaxtilə cani-könüldən dilədiyi Qarabağ, Şərqi Zəngəzur arzularının çin olduğu müqəddəs məqamdır.
Vaxtilə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə əldə olunan bu milli qalibiyyətlərə yetməyimizə qədər isə xeyli mübarizələr aparmalı, çətinliklərlə savaşmalı olmuşduq. İllər boyu Azərbaycan torpaqlarına ərazi iddiası ilə çıxış edən ermənilər 1980-ci illərin sonunda mənfur niyyətlərini gerçəkləşdirməyə, azərbaycanlılara qarşı deportasiyaya, qətliama, soyqırımına başladılar. Çünki Azərbaycanın milli maraqlarını qətiyyətlə, böyük səylə qoruyan sədd – Ulu Öndər Heydər Əliyev məkrli yollarla hakimiyyətdən uzaqlaşdırılmış, bununla da ərazilərimizə göz dikən ermənilərin, separatçıların əl-qolu açılmış, Qarabağda at oynatmağa başlamışdılar.
1987-ci ildə Heydər Əliyevin siyasi hakimiyyətdən getməsi ilə Azərbayan xalqının faciələri başladı, olmazın müsibətlərlə rastlaşdıq. Bu fürsətdən istifadə edən erməni millətçiləri sovet iqtidarının mərkəzi idarəetmə orqanlarında olan himayədarlarının köməyi ilə Qarabağı Azərbaycandan qoparmaq üçün mənfur iddialarını qaldırdılar. Gerçəklikdir ki, əgər o zaman Ulu Öndər hakimiyyətdə olsaydı, düşmənlərimiz buna qətiyyən cürət edə bilməzdilər. Amma Azərbaycanda antimilli qüvvələrin, siyasi səriştəsizlərin hakimiyyətdə olması erməni millətçilərini daha da azğınlaşdırdı və xalqımız soyqırımlarına, işğala məruz qaldı.
Bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən, əraziləri qəsb olunan Azərbaycan parçalanma, dövlət olaraq yoxolma qarşısında qaldı. Həmin ümidsiz günlərdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəmizdə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın qurtuluşu oldu. Ulu Öndər Heydər Əliyev 1994-cü ildə atəşkəs razılaşmasına nail oldu. Hakimiyyətdə olduğu 10 il ərzində titan siyasətçi Qarabağ probleminin siyasi gündəlikdən düşməsinə imkan vermədi. Etdiyi bütün xarici səfərlərdə, çıxış etdiyi bütün mötəbər tribunalarda Azərbaycanın üzləşdiyi işğalı, qaçqın və məcburi köçkün problemlərini dünyaya çatdırdı.
Heydər Əliyev bütün nitqlərində, çıxışlarında hər zaman bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini bildirirdi. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı altında aparılan uğurlu Horadiz əməliyyatı sayəsində torpaqlarımızın bir qisminin işğaldan azad olunması və Böyük qayıdışa illər əvvəl uğurlu start verilməsi ilə düşmən tapdağında olan digər ərazilərimizin də azadlığının və insanlarımızın dədə-baba yurdlarına qayıdışının tezliklə gerçəkləşdiriləcəyinin ilk müjdəsi verildi.
Ötən 20 il ərzində Heydər Əliyev siyasi yolunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı hərtərəfli inkişaf mərhələsnə yüksəltdi, dünyanın sayılıb-seçilən ölkəsinə çevirdi. Xüsusilə ordu quruculuğunda mühüm irəliləyişlər əldə edildi, Silahlı Qüvvələrimizin arsenalı müasir silah və sursatlarla, hərbi texnika ilə zənginləşdirildi, peşəkar hərbi kadrların yetişdirilməsinə xüsusi önəm verildi. Eyni zamanda gənclərimizin vətənpərvər ruhda böyüməsi milli məqsəd kimi qarşıya qoyuldu.
2016-cı ilin aprelində rəşadətli Azərbaycan Ordusu Ermənistan tərəfinin növbəti təxribatından sonra Lələtəpə yüksəkliyini azad edərək tezliklə işğal altndakı torpaqlarımızın hamısının azad olunacağına böyük inam yaratdı. 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun çıxdığı haqq yürüşü cəmi 44 günə Zəfərlə nəticələndi, bayrağımız vətən qibləmiz Şuşada dalğalandırıldı. Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi olaraq 2023-cü ilin payızında suverenliyimizin tam bərpası, Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması parlaq Zəfərimizin üçüncü ildönümünə ən böyük töhfə, həm də Ulu Öndər Heydər Əliyevin 100 illiyinə möhtəşəm ərmağan oldu. “Dəmir yumruq” Qarabağda separatizmin kökünü kəsdi, sərsəm “Miatsum” ideyası tarixin zibilliyinə gömüldü.
“Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub”, – deyə oktyabrın 15-də Xankəndidə bayrağımızı ucaldan zaman Prezident İlham Əliyev bir daha vurğuladı ki, Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün burada olmaq böyük rəmzi məna daşıyır. Milli mənafelərimizin təmini istiqamətində ardıcıl qələbələr qazanan Qalib Lider İlham Əliyev 2020-ci il Şuşa, 2023-cü il Xankəndi zəfərləri ilə həm də bir oğul kimi ata vəsiyyətini layiqincə yerinə yetirdi.
Reyhanə Axundova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı