Qubadlı şəhərinin işğaldan azad edilməsindən dörd il ötür. Ölkəmizin cənub qərbində yerləşən Qubadlı rayonunun işğaldan azad olunması böyük Qələbəni daha da yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsinin ən əhəmiyyətli və strateji hərbi uğurlarından bir də Qubadlının azad edilməsi hesab edilir.
Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Prezident İlham Əliyevin 2023-cü ilin iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi təntənəli şəkildə qeyd edilir.
Həmçinin, 2020-ci il noyabrın 26-da Prezident İlham Əliyevin Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu bu medalla təltif edilmişdir.
Qeyd edək ki, Qubadlının 1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal olunması tariximizin ən acı səhifələrindən biri idi. Rayon erməni işğalında olduğu zaman digər ərazilərimiz kimi böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə daşıyıb aparıb. Ərazidə ekoloji terror həyata keçirib. Bununla da xalqımıza külli miqdarda maddi-mənəvi ziyan vurulub.
Qubadlının işğaldan azad olunması, həm də Ermənistanın hərbi cinayətlərinin üstünü açdı. Məlum oldu ki, ermənilər burada müdafiə istehkamları və hərbi baza qurublar. Eyni zamanda, xaricdən gələn ermənilər üçün Xanlıq kəndində qəsəbə salmışdılar. Burada qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada yerləşdirmişdilər.
İşğala qədər Qubadlı əhalisi əsasən, üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olurdu. Qubadlı şəhərinin azad olunmasından dərhal sonra burada genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılmağa başlanıb. Bu şəhərin iqtisadi inkişafı üçün böyük perspektivlər açılıb. Azərbaycan hökuməti və yerli təşkilatlar tərəfindən şəhərin infrastrukturu yenilənir, yeni yollar, məktəblər və sosial obyektlər inşa edilir. Məqsəd şəhərin əvvəlki iqtisadi və mədəni əhəmiyyətini bərpa etmək, əhalini yenidən Qubadlıya cəlb etməkdir.
Qubadlı şəhəri həm coğrafi mövqeyi, həm də tarixi baxımdan mühüm əhəmiyyətə malikdir və Azərbaycan dövləti bu bölgənin bərpasını prioritet hesab edir. Yenidənqurma işləri çərçivəsində şəhərdə infrastruktur layihələri həyata keçirilir, o cümlədən yolların, su, elektrik və qaz təchizatı sistemlərinin bərpası və müasirləşdirilməsi aparılır. Həmçinin, Qubadlıda yeni yaşayış binalarının tikintisi, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin yaradılması planlaşdırılır. Bərpa prosesində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi nəzərdə tutulub, bu da texnoloji həllərin və dayanıqlı inkişaf prinsiplərinin prioritet olacağını göstərir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Qubadlıya səfər edərək, burada gedən bərpa işləri ilə tanış olub və layihələrin icra müddətləri ilə bağlı məlumatlar alıb. Dövlətin əsas məqsədi şəhərin tamamilə bərpa edilməsi və sakinlərin geri qayıtması üçün uyğun şəraitin yaradılmasıdır.
Bütün bunlar onu deməyə əsas verir ki, tezliklə Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Bununla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi, eyni zamanda infrastruktur layihələrin uğurla icra olunması, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gətirəcək.
Asiyə Əliyeva,
Salyan rayon Qardili kənd tam orta məktəbin müəllimi, YAP fəalı