SSRİ-nin Azərbaycan torpaqları üzərində qurduğu regional siyasi proseslər mərhələli şəkildə Azərbaycan torpaqlarının itirilməsi ilə nəticələndi. Çar Rusiyası tərəfindən isə Türk dünyası ilə fiziki əlaqələri kəsmək məqsədilə Azərbaycan torpaqlarına köçürülən ermənilər 200 ildir xalqımıza qarşı hədsiz vəhşiliklər, genosidlər və terror aktları törətdilər. Onlar indiki Ermənistan ərazisindən Azərbaycan izlərini silmək üçün tarixi, dini, milli və mədəni abidələrimizi dağıdıb, soydaşlarımıza məxsus yaşayış məntəqələrini və kəndləri məhv etmişdilər. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
Deputat qeyd edib ki, tarixi Azərbaycan torpaqlarında qurulan Ermənistan dövlət səviyyəsində uzun illər ərzində azərbaycanlılara qarşı terror siyasətini davam etdirib. Bu siyasətin ən kəskin forması isə ötən əsrdə Qərbi azərbaycanlıların doğma yurdlarından deportasiyası və Qarabağda həyata keçirilən etnik təmizləmə olub. XX əsrdə azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası 3 əsas mərhələdə (1918-1920, 1948-1953, 1987-1991) həyata keçirilib.
“SSRİ-nin parçalanması və süqutu ərəfəsində etnik gərginliklərin və münaqişələrin artdığını nəzərə alaraq, ittifaq daxilində yaranmış xaotik vəziyyəti nəzarətə götürə bilməyən Kreml rəhbəri Mixail Qarbaçov bilərəkdən, pərdə arxasında milli zəmində qarşıdurmalara zəmin yaradırdı. Məhz bu səbəbdən 1987-1991-ci illər arasında Qərbi azərbaycanlıların öz doğma torpaqlarından zorla çıxarılması sonuncu olmaqla yanaşı, icra üsullarına və miqyasına görə ən dəhşətli köçürmə prosesi kimi tarixə düşdü. Həm də sonuncu deportasiya Ermənistanın Azərbaycana ərazi iddiaları fonunda həyata keçirilirdi. Moskvada qəbul edilən qərarların məzmunu açıq şəkildə göstərirdi ki, mərkəzi hakimiyyət baş verənlərə biganə yanaşır, törədilən cinayətləri görməzdən gəlir. Bu isə öz növbəsində Azərbaycan xalqı ilə Kreml arasında münasibətlərdə dərin çatlar yaratdı. Həmin zaman kəsiyi Azərbaycan üçün olduqca çətin idi”, – deyə G.Ağamalı vurğulayıb.
O əlavə edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bölgədə etnik münaqişələr, xaos, qeyri-sabitlik və insan hüquqlarının pozulması geniş vüsət almışdı. Soydaşlarımıza qarşı zorakılıqla həyata keçirilən deportasiyanın fundamental hüquqların pozulması kimi müzakirəsi və tədqiq edilməsi prosesi bu gün də aktuallığını saxlayır. Qərbi Azərbaycan həqiqətlərinin öyrənilməsi, tədqiqi və təbliğ olunması tarixi ədalətin bərpa edilməsi baxımından həm ölkəmizdə, həm də dünya miqyasında vacib əhəmiyyətə malikdir.