Azərbaycan – dünya azərbaycanlılarını birləşdirən qalib dövlət

Siyasət

Dünya azərbaycanlılarının həmrəylik fəlsəfəsinin əsasında Ulu Öndər Heydər Əliyevin milli birlik ideyaları dayanır. Ümummilli Lider Heydər Əliyev deyib ki, “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”. Ulu Öndər Heydər Əliyevin bu dəyərli fikirlərinə əsasən deyə billərik ki, həmrəylik gününün təsis edilməsi dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin yaranması və inkişafı sahəsində mühüm əhəmiyyətə malik olmaqla yanaşı, müstəqil Azərbaycanın ictimai-siyasi həyatında tarixi hadisəyə çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev Dünya azərbaycanlılarının I Qurultayında “Dünyada yaşayan bütün azərbaycanlıların bir Vətəni vardır, o da Azərbaycandır” deyərək, bütün dünyada yaşayan 50 milyondan çox azərbaycanlını vahid ideya ətrafında birləşərək milli birliyə çağırıb. Qurultay dövlət başçısının dünya azərbaycanlılarını birləşdirmək ideyasının reallığa çevrilməsi üçün əsl mərhələ olub. Qurultayda milli birliyimiz, həmrəyliyimiz, xaricdə yaşayan həmvətənlərimizin diaspor şəklində formalaşması, təşkilatlanması və azərbaycançılıq ideyalarını geniş ölçüdə müdafiə etmələri üçün strateji proqram müəyyən edildi.

Ulu Öndər Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyəti ilə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Prezident İlham Əliyev xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Milli birlik və azərbaycançılıq ideyalarını layiqincə davam etdirən ölkə başçısının hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər Ümummilli Lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir.

44 günlük Vətən müharibəsi Dünya Azərbaycanlıların həmrəyliyinin təcəssümünə çevrilmişdir. II Qarabağ müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz rəhbərinin yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı. Dövlət başçısının vətənpərvərliyi xalqımızı torpaqlarımızın azadlığı uğrunda mübarizədə həmrəy etdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ilk gündən nümayiş etdirdiyi hərbi-siyasi əzmi hər bir azərbaycanlını öz rəhbərinin ətrafında daha sıx birləşdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində tarixi qələbəsi Azərbaycan dövlətinin, xalqımızın, o cümlədən də dünya azərbaycanlıllarının birlik, həmrəylik və qürur rəmzinə çevrildi. Böyük Zəfər ölkəmizin, dövlətimizin və xalqımızın tarixində yeni bir səhifə açdığı kimi, xaricdə yaşayan həmvətənlərimizin birləşdiyi diasporumuzun da fəaliyyəti üçün yeni bir başlanğıc yaratdı. Pandemiyanın yaratdığı qlobal təhlükə ilə başlayan birliyimiz və torpaqlarımızın bütövlüyü uğrunda apardığımız Vətən müharibəsi xalqımızı, diasporumuzu daha da mətinləşdirdi, birlik, həmrəylik anlayışlarını praktik olaraq reallaşdırdı.

Həm 44 günlük Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş antiterror əməliyyatları bütövlükdə, Dünya azərbaycanlılarının qələbəsidir. Çünki, bu qələbənin əldə olunmasında harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının həmrəyliyi mühüm rol oynamışdır. Ona görə ki, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Bu müqəddəs vəzifə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının milli kimliyindən irəli gələn mühüm bir məsələ idi.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş sözləri ilə desək, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – Ulu Öndər Heydər Əliyevin bu kəlamları həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilib.

 

Seymur Kərimov,

Şirvan Milli Parkının direktoru, YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir