Azərbaycanın şərti, Ermənistanın vurnuxması – TƏHLİL

Siyasət

Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin həll olunması üçün danışıqlar masasına otursun. Ermənistanın Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir.
 
Vətən müharibəsindən sonra Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmaq istiqamətində bir sıra addımlar atıb. Rəsmi Bakı sülh müqaviləsi imzalamağa hazır olmasına dair ən yüksək səviyyədə bəyanatlar verib. Lakin ötən müddət ərzində Ermənistan tərəfi buna qarşılıq verməyib. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münasibətlərin normallaşdırılması üçün növbəti dəfə rəsmi İrəvana təkliflər təqdim edib.

Mövzu ilə bağlı Kaspi qəzetinin təhlilini təqdim edirik:

İkitərəfli sülh sazişi üçün baza prinsipləri

Vasitəçilər tərəfindən Ermənistana çatdırılan bu təkliflər 5 baza prinsipindən ibarətdir. Təklif olunub ki, münasibətlərin normallaşması üçün dövlətlər bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanısın. Dövlətlər bir-birlərinə qarşı ərazi iddialarının olmadığını qarşılıqlı şəkildə təsdiq etsin və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəlik götürsün. Hər iki tərəf dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinsin. Dövlət sərhədinin delimitasiyası və demarkasiyasına başlanılsın, diplomatik münasibətlər qurulsun. Ən nəhayət, nəqliyyat və kommunikasiyalar açılsın, digər müvafiq kommunikasiyalar qurulsun, qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa başlanılsın. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, iki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilər.
 

Ermənistanın Rusiya ilə Qərb arasında vurnuxması

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin təqdim etdiyi təkliflər gündəmdə olduğu ərəfədə Fransada səfərdə olub. Rəsmi İrəvan bu təkliflərə cavabını ATƏT-in Minsk qrupuna təqdim edib. Ardınca ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan liderlərinə zəng edib. Blinken Prezident İlham Əliyevlə söhbət zamanı Cənubi Qafqaz regionunda postmünaqişə dövrünə aid məsələlər, o cümlədən Ermənistanla Azərbaycan arasında normallaşma prosesi barədə fikir mübadiləsi aparıb. Eyni zamanda regional təhlükəsizlik məsələləri müzakirə olunub. Belə bir fonda Ermənistan parlamentinin spikeri Türkiyə ilə sərhədləri açmağa hazır olduqlarını bəyan edib. Maraqlıdır, Ermənistanın Azərbaycanın sülh müqaviləsi təklifinə konstruktiv yanaşması realdırmı? Ermənistan prosesə ABŞ və Fransanı da qoşmaqla nəyi hədəfləyir? Rəsmi Yerevanın bu vurnuxmalarına Rusiyanın reaksiyası necə olacaq?

Paşinyan acınacaqlı vəziyyətə düşməkdən qorxur

Politoloq Əlimusa İbrahimov mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan tərəfi ciddi çaşqınlıq içindədir. Onun sözlərinə görə, rəsmi İrəvan həm dünya dövlətlərinin Rusiyaya qarşı getdikcə güclənən nifrəti fonunda Avropada olan himayədarların vasitəçiliyindən yararlanaraq Azərbaycan və Türkiyə ilə münasibətləri inkişaf etdirmək istəyir, həm də indiki vəziyyətdə Rusiyanı narazı sala biləcək addımlar atmaqdan ehtiyatlanır, tərəddüd edir: “Rusiya-Ukrayna münaqişəsinin Türkiyə və Azərbaycanın regionda, dünyada mövqeyinin möhkəmlənməsinə xidmət etdiyini anlayan Ermənistan acınacaqlı vəziyyətə düşməkdən qorxur. Amma Azərbaycanın israrlı şəkildə mövcud problemləri həll edərək son nəticəyə can atması qarşısında davam gətirə bilməyəcəyini də başa düşür. Baş nazir Nikol Paşinyan qarşısına qoyulan çağırışlara cavab vermək məcburiyyətində olduğunun da fərqindədir”.

Türkiyə və Azərbaycanın artan beynəlxalq nüfuzu

Politoloqun qənaətincə, Azərbaycanın təqdim etdiyi 5 maddəlik tələb Ermənistana diktə edir ki, mövcud problemlərin tezliklə həll olunması üçün danışıqlar masasına otursun: “Ermənistan Rusiya-Ukrayna müharibəsi kölgəsində gizlənə bilməyəcək. Rusiyanın məsləhətlərindən məhrum olan Paşinyan hökuməti Azərbaycanın tələbləri qarşısında çıxış yolu tapmayaraq, Avropadakı havadarlarına üz tutub. Paşinyan Fransaya səfər edir, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanın təqdim etdiyi 5 tələbin cavabını ATƏT-ə verir. Digər tərəfdən, Paşinyan Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə etmək üçün ona zəng edən Entoni Blinkenlə Azərbaycanla Ermənistan arasındakı münaqişəni müzakirə etməyə cəhd edir. Bütün bunlar ermənilərin Rusiya-Ukrayna müharibəsi nəticəsində regionda yaranmaqda olan yeni reallıqlar qarşısında qorxuya düşdüklərindən xəbər verir. Türkiyə və Azərbaycanın beynəlxalq nüfuzunun hər keçən gün artması, regionda baş verən münaqişələrin həll olunmasında Azərbaycanın ciddi oyunçu kimi ortaya çıxması erməni strateqlərini ciddi narahat edir”.

Ermənilər daha çətin şəraitlə üzləşəcəklər

Ə.İbrahimov söyləyib ki, Ermənistan Azərbaycanın sülhə doğru atdığı addımları konstruktiv qiymətləndirmək arzusunda deyil. Onun qənaətincə, Ermənistan siyasi rəhbərliyi yenə də ATƏT və ABŞ kimi ənənəvi havadarlarının yardımına bel bağlamaq istəyir: “Azərbaycan Prezidenti İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra qeyd etdiyi kimi, regionda və dünyada gedən geosiyasi proseslər yeni reallıqlar ortaya çıxarmaqdadır. Ermənilər öz istəklərindən asılı olmayaraq, bu reallıqlarla barışmaq məcburiyyətindədirlər. Onların artıq start götürmüş proseslərin istiqamətini dəyişmək cəhdləri nəticə verməyəcək. Ermənilərin Rusiya və Qərb arasında vərdiş etdiyi manevr imkanları tükənir. Əgər Ermənistan bu gün Azərbaycanın tələblərinə cavab verməsə, sabah daha çətin şəraitlə üzləşəcək”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.