Ənənələrə sadiqliyin doğurduğu ənənə: İlham Əliyevin Qarabağda Novruz təbrikinin ötürdüyü mesajlar – TƏHLİL

Siyasət

“İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır.

İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik. Bu gün mən Novruz tonqalını burada – Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində xalqımıza Novruz bayramı münasibətilə təbrikində səsləndirib. Dövlət başçısı elə təbrik sözlərindəcə səfərinin daşıdığı tarixi əhəmiyyəti və rəmzi mənanı ortaya qoyub.

Dövlət başçısı ötən il Şuşadan etdiyi bayram təbrikini bu dəfə Suqovuşanda etməklə bu anlamlı təşəbbüsü bir ənənəyə çevirib. Bununla həm Azərbaycan xalqına, həm də bütün dünyaya Qarabağın bizim üçün daşıdığı önəm bir daha xatırladılıb. Azərbaycan xalqının 30 il müddətində məhrum olduğu torpaqlarının yalnız onun əsl sahiblərinin əlində cənnətə çevriləcəyini bütün dünyaya nümayiş etdirib. Dövlət başçısı qeyd edib ki, bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Yəni Azərbaycan dövləti bu ərazilərdə sadəcə tarixi ədaləti bərpa etməklə kifayətlənməyib, həm də dinc həyatın Qarabağa qayıtması üçün əlindən gələni edir.

İlham Əliyev çıxışından bəlli olur ki, hazırda dövlətimizin qarşısında duran əsas vəzifə keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır. Ermənilərin viran qoyduğu, dağıdıb xarabalığa çevirdiyi yaşayış məskənlərini bərpa etmək, bu ərazilərə dinc həyatın qayıtmasını təmin etmək və bununla da təcavüzkar Ermənistanın siyasətinin ağır nəticələrini bölgənin əsas söz sahibi olan Azərbaycanın aradan qaldırdığını dosta-düşmənə göstərmək…

Dövlət başçısı təbriki ilə eyni zamanda ölkəmizlə təcavüzkar Ermənistan arasındakı kəskin fərqləri aydın şəkildə ortaya qoyub. Azərbaycanın məqsədinin bu torpaqları vətəndaşları üçün rifah içində yaşanacaq məskənə çevirmək olduğunu göstərib, 30 illik işğala son qoyan Azərbaycanın tarixi ədalətin bərpasından sonra yeganə məqsədinin dinc inkişaf olduğunu növbəti dəfə elan edib.

Xatırladaq ki, Suqovuşan qəsəbəsi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib. 2020-ci ilin oktyabrında dövlət başçısının sərəncamı ilə tarixi adı bərpa edilərək Suqovuşan adlandırılıb. Dövlət başçısı Suqovuşanın azad edilməsi ilə bağlı çıxışında bütün Azərbaycan xalqının bu tarixi hadisəni qeyd etdiyini, bir-birini təbrik etdiyini, göz yaşlarını saxlaya bilmədiyini vurğulayıb:

“Bu, sevinc göz yaşlarıdır. 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir”.

Prezidentin həmin dövr üçün verdiyi mesajlar da ənənəvi olaraq birmənalı və qəti olub: Azərbaycan ədalətsizliyə son qoymağa qərarlıdır, nəyin bahasına olursa olsun Qarabağ azad edilməli, Azərbaycan xalqının başına gətirilmiş bəlarının hesabı sorulmalı, məğlubiyyətin gözyaşlarını, qürur və sevinc hissi əvəz etməlidir.

44 günlük müharibə həqiqətən Prezident İlham Əliyevin dediyi kimi gözyaşlarımızın səbəbini dəyişdi. Azərbaycan xalqı 30 il sonra öz övladlarının döyüş meydanında düşməndən aldığı qisasın şahidi oldu və bu dəfə gözyaşları ilə əsarətdən qurtulan Vətən torpaqlarının sevincə şərik oldu.

Bu gün isə artıq həmin sevinc gözyaşları yerini daha bir mötəbər təşəbbüsə – Azərbaycanın Qarabağda hərtərəfli yenidənqurma və bərpa işlərinə verib. Bu işdə hər zaman olduğu kimi Azərbaycan xalqı və dövləti mütləq vəhdət nümayiş etdirərək viran qoyulmuş torpaqlarımızın sürətlə yenidən inşasına köklənib.

Hələ işğaldan azad olunan Suqovuşana ilk səfərində də dövlət başçısı burada ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlandığını və hər iki stansiyanın işlək vəziyyətə gətirildiyini bildirmişdi:

“Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür”.

Bəli, Azərbaycan uzun illər tarixi ədaləti bərpa etməyə hazırlaşdığı kimi, dövlət başçısının liderliyində həyata keçirilən siyasət, həm də gələcəkdə böyük abadlıq və yenidənqurma işlərinə ehtiyacın zəruriliyindən də xəbərdar idi. Məhz həmin illərdə yürüdülən düzgün siyasətin nəticəsində Azərbaycan demək olar ki, müharibədən sonra bir dəqiqə belə vaxt itirmədən öz torpaqlarında quruculuq işlərinə start verə bildi. Ölkədə yaradılmış infrastruktur, iqtisadiyyatın çoxşaxəli inkişafı, hər il yeniləri açılan müxtəlif müəssisələrin müxtəlif təyinatlı məhsullar istehsal etməsi kimi amillər bu işdə mühüm rol oynadı.

Ənənələrə sadiqliyin doğurduğu ənənə

Azərbaycan Prezidenti İlham Əliyevin Novruz bayramını Qarabağda qeyd etməyi ənənə halına gətirməsi həm də Ulu öndər Heydər Əliyevin ideallarına bağlılığın əyani təzahürüdür. Yəqin ki, hər birimiz Heydər Əliyevin hələ işğalın davam etdiyi dövrdə Novruz bayramı münasibətilə etdiyi çıxışı, Şuşada, Laçında, Kəlbəcərdə və digər ərazilərimizdə Novruz bayramını keçirəcəyimizi deməsi hər birimizin xatirindədir. Bu çıxış və Qarabağın mütləq azad ediləcəyinə inam Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətinin və xalqının tarixi ədalətin bərpasına olan inamını da özündə əks etdirirdi. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə bu arzuları və inamı reallığa çevirdi. Prezident İlham Əliyev ümummilli liderin və bütün Azərbaycan xalqının arzusunu reallığa çevirən rəhbər kimi tarixə düşdü və bu gün Qarabağda Novruz bayramının məhz ölkə başçısının şəxsində qeyd olunması Azərbaycan xalqı üçün dərin anlam ifadə edən bir zəfər təntənəsinə çevrildi.

Suqovuşanın gələcəyi inşa olunur

Dövlət başçısının Suqovuşan səfəri həmçinin burada görülən işlərin Azərbaycan xalqına çatdırılması baxımından da böyük önəm kəsb edir. Dövlət başçısı səfər çərçivəsində Suqovuşanda çəkilmiş müasir izolyasiyalı və mühafizəli kabel xəttinin təqdimatında iştirak edib, qəsəbədəki fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub.

“Azərişıq” ASC tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xəttinin təqdimatı olub. Qeyd olunub ki, sözügedən xətlər ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həll hesab olunur. Yeni tətbiq olunan şəbəkələrin saxlanma xərcləri 100 faizdən 30 faizə, illik mal-material sərfi 100 faizdən 25 faizə endirilib.

Azərbaycan Prezidenti İlham Əliyev bütövlükdə gələcəkdə ölkəmizin bütün yerlərində bu sistemə keçməyin zəruriliyini qeyd edib. Bununla da Prezident İlham Əliyev Azərbaycan dövlətinin daha sərfəli və keyfiyyətli texnologiyalardan istifadə etməklə ölkəmizin bütün ərazilərində yenidənqurma işlərini davam etdirəcəyinin mesajını verib.

Dövlət başçısı həmçinin Suqovuşanda fərdi evdə aparılmış təmir-bərpa işləri ilə tanış olub. Evdə görülmüş işlər Azərbaycan dövlətinin dinc həyatın geri dönəcəyi Qarabağda əhalinin yaşayış səviyyəsinə, vətəndaşların sosial-məişət şəraitinin maksimum yüksək olmasına nə dərəcədə qayğı göstərdiyini əyani şəkildə ortaya qoyub.

Suqovuşan qəsəbəsindəki tam orta məktəbin binasının əsaslı təmiri ilə bağlı göstəriş verən dövlət başçısı həmçinin təhsilə verilən önəmin səviyyəsini göstərib. Suqovuşan, Qarabağ və Şərqi Zəngəzurun digər ərazilərindəki müvafiq layihələr yalnız vətəndaşların keyfiyyətli təhsil almasına yönəlib və sözsüz ki, ölkəmizdə elmin inkişafına zəmin yaradacaqdır.

Suqovuşanın milli kimliyi özünə qaytarılır

Erməni vandalizmi işğal dövründə bölgənin Azərbaycan irsini məhv etməyə çalışıb. Dini abidələrimiz təhqir olunub, tarixi abidələrimiz xarabalığa çevrilib, yer üzündən silinib. İşğala son qoyulduqdan sonra isə Azərbaycan dövləti tərəfindən bu ərazilərə tarixi-milli kimliyinin qaytarılması işlərinə xüsusi önəm verilir. Elə məhz bu baxımından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni tikiləcək məscidin təməlini qoyması böyük önəm daşıyır.  

Heydər Əliyev Fondunun rəhbərliyində işğaldan azad olunmuş ərazilərimizdə milli-mədəni irsimizin, dini məbədlərimizin bərpası ilə bağlı genişmiqyaslı işlər aparılır. Ermənilərin tarixdən silməyə çalışdığı izlər bərpa olunur, tarixi və mədəni abidələrimiz əvvəlki əzəməti və möhtəşəmliyi ilə yenidən qurulur, hər birimizin və gələcək nəsillərin iftixar mənbəyi olmaq üçün bərpa edilir.

“Dəmir yumruğ”un kölgəsi hər yerdə

Azərbaycan Prezidenti İlham Əliyev Suqovuşanda eyni zamanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışını da edib.

Hərbi hissədə yaradılmış şərait onu göstərir ki, dövlətimiz tərəfindən ordumuzun şəxsi heyətinin şəraitinin yaxşılaşdırılması üçün bütün tədbirlər görülür. Müasir tələblərə cavab verən infrastrukturun formalaşdırıldığı, müasir silah və təchizatla təmin olunmuş hərbi hissələr ölkəmizin hərbi potensialının yüksək səviyyəsini əks etdirir. Eyni zamanda işğaldan azad olunmuş ərazilərdəki yeni hərbi hissələr düşmənə ölümcül zərbə vuran “Dəmir yumruğ”un hər zaman yerində olduğunu, Azərbaycan ordusunun mövcud nailiyyətlərlə kifayətlənmədiyini və daim inkişafa kökləndiyini ortaya qoyur.

İşğaldan azad edilmiş ərazilərin turizm potensialı da dövlətin ciddi diqqəti altındadır. Suqovuşanda turizm kompleksinin təməlinin atılması, bu istiqamətlər üzrə görülməsi nəzərdə tutulan işlərin başlanğıc mərhələsi kimi xarakterizə oluna bilər.

Turizmlə yanaşı dövlətimiz üçün idman sahəsi də xüsusi maraq kəsb edir. Suqovuşanda avarçəkmə üzrə ilk təlim-məşq toplantısının rəsmi açılışı – işğaldan azad olunan ərazilərdə ilk idman tədbiri kimi tarixə düşüb.

Azərbaycanda aparılan uğurlu siyasi xətt məhz uzun illərdir ölkəmizin idman ölkəsinə çevrilməsinə və turizm sahəsində əhəmiyyətli nailiyyətlərə nail olunmasına zəmin yaradıb. Dövlət başçısının Suqovuşan və regiona digər səfərləri, həmçinin atılan addımlar, planlaşdırılan layihələr bu uğurlu strategiyanın qarşıdakı illərdə Qarabağ və Şərqi Zəngəzurda da layiqincə tətbiq olunacağının elanı baxımından önəm kəsb edir.

Ümumən dövlət başçısının Suqovuşan səfərinin mahiyyəti, tarixi əhəmiyyəti və özündə ehtiva etdiyi mesajlar yığcam olaraq yenə məhz elə Prezident İlham Əliyevin çıxışındakı bu sözlərdə öz əksini tapır:

“Budur bugünkü Azərbaycanın reallıqları. Bugünkü güclü Azərbaycan bütün bu işləri görməyə qadirdir. Siyasi iradə var, iqtisadi güc var, xalqımızın səfərbərliyi var, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir. Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq”.

Orxan Tağıyev

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir