Azərbaycanın üzləşdiyi ikili standart: “İndi deyirlər PUA-lar ümid silahıdır” – FOTO

Siyasət

“Azərbaycan 2020-ci ilin payızında Qarabağda XXI əsrin müharibəsini apardı. Bu özünü daha çox müasir silahlardan istifadədə göstərdi”.

Bunu “Report”a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri kamikadze dronlarından, “Spayk” tipli raketlərdən istifadə etməklə daha sürətli qələbəni təmin etdi: “Həmin texnikaların əsas xüsusiyyəti hədəflə birbaşa təmasda olmamaqdır. XX əsrin texnikalarında, o cümlədən tank əleyhinə və əl qumbaralarında bu, özəllik idi. Ona görə də itkilər daha çox olurdu. İndiki silahlar isə hədəfi xüsusi monitorla müşahidə edir və zərərsizləşdirir. Belə olanda, əksər hallarda hədəf onu nişan alanı görmür. Beləliklə, adekvat tədbir görmək mümkünsüz olur. Məhz bunun nəticəsi idi ki, İkinci Qarabağ savaşında Azərbaycan minimum itki verdi”.

Ehtiyatda olan polkovnik deyib ki, beynəlxalq normalarla hər bir ölkənin malik ola biləcəyi hərbi texnikanın kvotası müəyyənləşib. Onun sözlərinə görə, rəsmi İrəvan hər zaman həmin normaları pozub: “Qarabağdakı erməni tanklarının sayı Ermənistan üçün müəyyələşdirilən limitdən 3 dəfə çox idi. Yəni düşmən tankı kifayət qədər idi. Lakin Azərbaycan ordusu tank əleyhinə texnikalar vasitəsilə onları darmadağın etdi”.

Ş.Ramaldanov, həmçinin deyib ki, dünya dövlətlərinin İkinci Qarabağ müharibəsinə və Ukraynada davam edən savaşa münasibəti eyni deyildi: “Bildiyiniz kimi, Azərbaycanın şanlı Zəfərini təmin edən əsas amillərdən biri də PUA-lar idi. O vaxt dünya dövlətləri bunu Türkiyənin “cinayət silahı” adlandırırdılar. İndi isə deyirlər ki, PUA-lar ümid silahıdır. Bu, ikili standartların ən bariz nümunələrindəndir”.

Qeyd edək ki, ABŞ-ın “Vaşinqton Post” qəzeti və “Vice.com” saytı Rusiya ilə Ukrayna arasında davam edən savaş barədə məqalələr dərc edib. Həmin materiallarda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsindən bəhs olunub. Bildirilib ki, Azərbaycanın Ermənistanın tankları da daxil olmaqla ağır texnikasını effektiv surətdə məhv etməsi taktikası dünya hərb tarixində yenilik idi. Ordumuzun “Bayraktar”, kamikadze dronları və “Spayk” raketlərindən istifadə etməsi müasir müharibənin təzahürü kimi qiymətləndirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.