Putinin “KTMT-yə gəlin” TƏKLİFİ: Moskva istədiyini ala bilməyəcək – TƏHLİL

Siyasət

Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi statusda təmsil olunması təklifini səsləndirib.

Putin bu ideyasını KTMT-nin Moskvada keçirilən sammitində irəli sürüb, bununla da MDB ölkələrinin hamısını KTMT tərəfə dartmaq planını dilə gətirib.

MDB ölkələrindən altısı (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan) KTMT üzvüdür, amma bu hərbi təşkilat cəlbedici platformaya çevrilə bilməyib və Rusiyanın iradəsi altında formal hal alıb.

Hərçənd ki, KTMT 2022-ci ilin yanvarında Qazaxıstana qoşun yeridəndə texniki olaraq kollektiv müdafiə prinsiplərinə dair nümunəni ortaya qoymuşdu, mahiyyətdə isə bu, daha çox Rusiyanın ambisiyalı siyasətini göstərirdi.

Bəs MDB-yə üzv ölkələrdən hansı KTMT-də təmsil oluna bilər?

Qısa xatırlatma verək ki, bir zamanlar Azərbaycan, Gürcüstan, Özbəkistan da KTMT üzvü olub, sonradan isə bu təşkilatdan qopublar – 1999-cu ildə. Özbəkistan 2006-cı ildə yenidən KTMT-yə üzv olsa da, 2012-ci ildə təşkilatı tərk edib.

Kreml KTMT-ni NATO-ya alternativ olaraq formalaşdırmaq istəsə də, Rusiyanın kollektiv siyasi iradədən kənara çıxaraq təşkilatda öz maraqlarını diktə etməsi qurumun fəaliyyətini inhisara alır.

Amma hər necə olursa-olsun, Moskva beynəlxalq siyasi təcridə cavab addımı kimi KTMT sıralarının genişlənməsini hədəfləyir.

Azərbaycana dəfələrlə bu barədə dəvətlər və müraciətlər göndərilsə də, Bakı Rusiya ilə Qərb arasında tutduğu tarazlayıcı siyasətinə sadiqlik nümayiş etdirir. Hazırda KTMT-nin Azərbaycan üçün cəlbediciliyi yoxdur, bu təşkilat Bakının hərbi-siyasi və diplomatik maraqlarına adekvat cavab vermir.

Özbəkistan da KTMT-yə qoşulmayacağını əvvəllər bəyan edib, yəni Moskvadan gələn təkliflərə “nöqtə” qoyaraq özünün mövqeyini ortaya qoyub.

Türkmənistan da Moskva ilə məsafəli davranır, ölkə qapalı olsa da, enerji maraqları və Rusiyanın postsovet məkanı üzərində yaratdığı təzyiq dalğası Aşqabadın Qərbə tərəf getmək istədiyini göstərir. Hərçənd ki, Türkmənistanda xarici aləmə, eləcə də Qərbə şübhəli yanaşmalar mövcuddur.

Rusiyanın MDB üzvlərindən yalnız birini – Moldovanı – KTMT-yə çəkmək üçün güclü rıçaqları var, Dnestryanı münaqişə və Rusiya-Ukrayna müharibəsinin həmin konflikti alovlandırmaq ehtimalları Kişinyovu Moskvanın yanında zəif edir.

Bundan sonra Moskva Putinin təklifinin davamı olaraq MDB-nin KTMT-yə üzv olmayan ölkələrinə müxtəlif kanallar vasitəsilə “dəvətnamələr” göndərəcək. Rusiya müşahidəçi statusundan sonra həmin ölkələrin hərbi blokda üzvlüyünü təmin etməyi hədəfləyir.

Bununla belə, KTMT ailəsinə yeni üzvlərin gəlməsi isə inandırıcı görünmür. KTMT-nin öz daxilində Qırğızıstanla Tacikistanın sərhəd problemi var, bu problemin ara-sıra hərbi toqquşmalarla müşayiət edilməsi qurumun, onsuz da, yerin dibinə enən nüfuzunu zədələyir.

Aqşin Kərimov

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir