İran silahlı qüvvələri Azərbaycanla sərhəddə, Arazboyunda hərbi təlimlər keçirir.
İranın öz sərhədləri daxilində təlimlər keçirməsi onun təbii haqqıdır, lakin bunu Azərbaycana qarşı hədələrin müşayiət etməsi Tehranın mətləblərindən xəbər verir.
“Qüdrətli İran” adlı hərbi məşqlərin məqsədi və verdiyi mesajları İslam Respublikasının təhlükəsizlik qayğılarından çox, onun əlindən çıxan qeyri-leqal rıçaqlara görə verdiyi hiddətli reaksiya kimi qiymətləndirmək olar.
İranın iqtisadi imperiyası, böyük hərbi-siyasi gücü SEPAH-ın leksikonunu yenidən itiləyərək “hücuma” keçməsi fonunda məsələyə işıq tutmağa çalışaq.
SEPAH quru qoşunlarının koordinasiya mərkəzinin müdir müavini Əliəkbər Purcəmşidian İranın Araz bölgəsindəki təlimi ilə bağlı “Aşura” birləşməsinin komandirləri ilə keçirdiyi görüşündə deyib:
“Sionist rejimin bölgədə olması ciddi təhlükədir. Region dövlətlərinin silahlı qüvvələri ilə hər hansı yaxın əməkdaşlıq olarsa, bu region diplomatiyası və təhlükəsizliyi üçün yeni çağırışlar yarada bilər. Buna əhəmiyyətsiz yanaşmaq olmaz”.
İran daxilində tüğyan edən qanlı iğtişaşlar dalğasının böyüməsindən diqqəti yayındırmaq üçün sərhəddə özünün uydurduğu “təhlükələr”ə vurğu etməkdə maraqlıdır, lakin Azərbaycanın bəsirət gözü açıqdır deyə, Tehranın niyyətlərini gözəl duyur.
İrandakı genişmiqyaslı mitinqlərin sürətlə digər əyalətlərə yayılması Tehrana qarşı etnik kürd, ərəb və bəluc kartlarının oynanılması risklərini gücləndirir, təhlükəsizlik qüvvələrinin 96 bəlucu öldürməsi informasiyalarının yayılması isə vəziyyətin rəngini tündləşdirir.
Etirazları canlandıra biləcək digər hərəkətverici qüvvə təhsil ocaqlarıdır. İranın güc qüvvələrinin liseyləri, universitetləri hədəfə alması ölkənin hakimiyyət kulislərindəki yaranan qorxu aktının təzahürü kimi qiymətləndirilə bilər.
Digər tərəfdən, İranda mövcud idarəetmə quruluşunun davam etməsini istəyən radikal hərbi-siyasi-dini dairələr hesablayır ki, etirazlar təbiətcə inqilabi xarakter daşıyır və rejimin təməlini dağıtmaq həddinə qədər inkişaf edəcək.
Bütün bu olanların üstünə xarici təhdid müşküllərini də gəlsək, İranın hansı çətinliklərlə üzləşdiyinin ümumi cizgilərini sezmək çətin olmaz.
İranın teokratik idarəetmə sistemi isə daxildəki agentura şəbəkəsinin qollarını az qala Arazboyu ilə əlaqələndirmək cəhdlərinə girişir. Ona görə də, Azərbaycanın Ermənistan qarşısında qoyduğu sərhəd şərtlərini özünün təhlükəsizlik narahatlıqlarını ehtiva edən epitetlərlə bəzəməyə çalışır.
Hərçənd ki, Ermənistanın Azərbaycan torpaqlarını işğalda saxladığı 30 il müddətində İranın səsi ucadan çıxmaq əvəzinə batmışdı.
Onun səs telləri Azərbaycanın Ermənistan qarşısındakı haqlı tələbləri, şərtləri və diktələri ilə açılmağa başladıqda isə, Bakı ilə Tehran arasındakı münasibətlər aşkar gərginlik fazasına keçdi.
İran qeyri-leqal gəlir mənbələrinin birindən məhrum olmasını müxtəlif yarlıqlar altında gizlətməyə çalışsa da, o, itirilmiş pul kisəsini hərbi-siyasi təhdidlərlə kompensasiya etmək istəyir ki, bu da Ermənistana havadarlıqla müşayiət edilir.
İran işğal müddətində Qarabağ zonasını özünün mütəşəkkil cinayətkarlıq zəncirinin bir həlqəsinə çevirmişdi, Azərbaycanın yaratdığı yeni reallıqlar isə Tehrana qarşı qlobal və regional əməkdaşlığın institusionallaşdırılmasında əlavə marşrut açdı.
İranın Azərbaycanla Zəngilan, Cəbrayıl istiqamətindəki sərhədlərini qanunsuz silahlı birləşmələr deyil, Azərbaycan sərhədçiləri mühafizə edir. Bəs Tehran niyə narahat olub az qala bunu qeyri-qanuni bir addım hesab edir?!
İranın “sərhədin dəyişməsi qəbuledilməzdir” hayqırışları fonunda təlim keçirməsinin qayəsini izah etmək üçün hərbi məşqlərin proqramına baxmaq kifayətdir:
– Helikopterlə manevr və paraşüt əməliyyatları,
– Gecə hücum əməliyyatları,
– Helikopterlə döyüş əməliyyatları,
– Döyüş və kamikadze dronları ilə əməliyyatlar,
– Araz çayı üzərində körpü salınması, rabitə yollarının ələ keçirilməsi və nəzarət, yüksəkliklərin ələ keçirilməsi və hücum zamanı məhv edilməsi.
İranın təhdidlərinin yedəyindəki təlimlər Tehranın Azərbaycana olan real münasibətin indikatorudur. Qonşu ölkə güclü Azərbaycan görmək istəmir və bu qısqanclıqlarını özünün yaratdığı ideoloji şəbəkə vasitəsi ilə də dilə gətirir.
Azərbaycanda başına İranın ideoloji papağını, əyninə İranın ayətullah əbasını geyinib Tehranın dili ilə danışan kəsim mövcuddur və onlara görə Tehran aydan arı, sudan durudur və hətta süddən çıxmış ağ qaşıqdır.
Dediklərimizdən yola çıxaraq verə biləcəyimiz proqnozları aşağıdakı kimi təsnifatlandıra bilərik:
1. Böyük bir ehtimalla, Azərbaycan da İranla sərhəddə hərbi təlimlər keçirəcək. Bu, Türkiyə ilə birgə təlimlər də ola bilər.
2. Azərbaycan-İran münasibətlərinin siyasi aspektləri getdikcə gərginləşəcək, lakin iki ölkənin iqtisadi əməkdaşlıq platformasına xələl gəlməyəcək.
3. Azərbaycanın hüquq-mühafizə orqanları İranın ölkədəki hücrələrinə qarşı əməliyyatlar keçirib onları ifşa edəcək yeni dəlillər ortaya qoyacaq.
Aqşin Kərimov
www.demir-yumruq.az