“Ermənistanın KTMT orbitindən ayrılmasına imkan verilməyəcək, Paşinyan isə…” – RƏY + FOTO

Siyasət

“Nikol Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdən, daha dəqiq desəm, onun hakimiyyətə yolunu açan kütləvi aksiyalardan başlayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Azərbaycanla qarşı-qarşıya gətirməyə çalışıb. 2020-ci ilin iyulunda Azərbaycanla dövlət sərhədində həyata keçirilən təxribatın məqsədi də prosesi siyasi ritorikadan hərbi müstəviyə keçirmək idi”.

Bu sözləri Oxu.Az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib. O qeyd edib ki, Paşinyan sadəcə olaraq ermənilərə Rusiya və onun dominant rol oynadığı KTMT-nin Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında olmadığını təlqin etməyə çalışırdı: 

“Şübhəsiz ki, Nikol Paşinyan KTMT üzvü olan digər dövlətlərin Azərbaycanla çox yaxından əməkdaşlıq etdiyini, strateji tərəfdaşlıq münasibətlərinə malik olduqlarını, bu xüsusda da sözügedən hərbi-siyasi ittifaqı Azərbaycanla hərbi qarşıdurmaya sövq edə bilməyəcəyini çox yaxşı başa düşürdü və onun başlıca hədəfi nəticəsini bildiyi bir prosesdən KTMT-nin Ermənistan cəmiyyətində nüfuzdan düşməsi üçün yararlanmaqdan ibarət idi. Yəni Paşinyan ermənilərə təlqin etmək istəyirdi ki, Rusiya və onun dominant rol oynadığı KTMT Ermənistanın təhlükəsizliyinə təminat vermək iqtidarında deyillər və bu baxımdan da yönünü digər istiqamətə, onu hakimiyyətə gətirən qüvvələrə, Soros və onu idarə edən qütbə doğru çevirməlidir.

Paşinyanın 2018-ci ildə, hakimiyyətə gəldikdən dərhal sonra KTMT-nin baş katibi Yuri Xaçaturovla bağlı atdığı addımlar, 2021-ci ildə isə Azərbaycan-Ermənistan sərhədinə KTMT qoşunlarının yerləşdirilməsi təşəbbüsünü təkidlə irəli sürməsi də şantaj xarakterli addımlar idi və Nikolun qarşısına qoyulan vəzifələrin icrasına xidmət edirdi”.

Ekspert vurğulayıb ki, həm Rusiya, həm də KTMT üzvü olan ölkələr Nikol Paşinyanın məqsədinin nədən ibarət olduğunu yaxşı anlayırlar və bu baxımdan da Ermənistanın KTMT-nin orbitindən ayrılmasına imkan verməyəcəklər:

“Ermənistan isə KTMT-dən layiq olduğu cavabı alanadək sözügedən təşkilatı gözdən salmağa, Rusiya və KTMT əleyhinə daha çox etirazçıları cəlb etməyə çalışacaq. Prosesin hələlik “soyuq müharibə” şəraitində davam edəcəyini düşünürəm”.

Sayad Həsənli

www.demir-yumruq.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir