Azərbaycanla Rusiya Qarabağdakı düyünləri açmaq üçün səylər göstərdikləri bir zamanda Fransa Prezidenti Emmanuel Makron özünü konstruktiv elementlərə ürcah edərək xal qoparmaq istəyir.
Azərbaycan və Rusiya XİN başçılarının Moskvada görüşdən sonra mətbuat önündə razılaşmaların işartılarına dair xoşməramlı mesajlar vermələri Makronu da vəcdə gətirir, o mənada ki, Fransa lideri razılaşmaları Rusiyanın əli ilə Cənubi Qafqazda maraq təsis etmək üçün uyğun fürsət kimi dəyərləndirir.
Cənab Makronun Azərbaycan Prezidenti İlham Əliyevə zəngi də Ceyhun Bayramov-Sergey Lavrov danışıqlarında əldə edilən razılaşmalar fonunda maraq oyadır.
Fransanın dünya hegemonluğunun ABŞ və Böyük Britaniya tərəfindən məhdudlaşdırılması, onun Cənubi Qafqazdakı oyunlarının bərbadlığı və bu region üzrə sarsıdıcı xal itkiləri ilə üzləşməsi Parisə ümidlərini Moskvaya bağlamaqdan başqa çarə qoymur.
Ona görə də Makron Ermənistana dayaq olmaq niyyəti ilə Rusiya mərkəzli sülhyaratma proseslərində yer almaq üçün dəridən-qabıqdan çıxır. Lakin Azərbaycanla Türkiyənin strateji müttəfiqlik maraqları Parisin məkrinin perspektivdə hansı təhlükəli konfiqurasiya üçün təməllər ata biləcəyini hesablayır.
Əlqərəz, Makron Əliyevə zəng etməklə ölkəsini Azərbaycan-Ermənistan münasibətlərində tənzimləyici kimi göstərmək marağını güdür və Bakı-Moskva xəttindəki üzdə olan və üzə çıxmayan razılaşmalar üzrə iqtisadi mənfəətlər qazanmaq istəyir.
Fransanın iqtisadi əsaslı maraqlarının və onun strateji hesablamalarının təsnifatını belə apara bilərik:
1. Fransa Azərbaycanla Rusiyanın Qarabağdakı qızıl yataqlarının hüquqi mexanizmlərə əsaslanan birgə istismarı üçün razılığa yaxın olduğundan duyuq düşərək özünü də qızıl cazibəsinə doğru itələyir;
2. Paris regiona gələrək xoşu gəlmədiyi Türkiyə ilə mübarizədə cəbhə açmağı planlaşdırır;
3. Fransa Rusiya ilə əl-ələ verərək ABŞ və Böyük Britaniyanın regiondan sıxışdırılmasında iştirakı hədəfləyir.
Makron Əliyevə zəng edərək onu nəyəsə inandırmağa çalışır, ancaq Azərbaycan lideri Fransanın tutduğu mövqenin zərərli olduğunu təkrar edir.
Liderlərin telefon danışığına dair rəsmi məlumata nəzər yetirəndə də görünür ki, onlar arasındakı müzakirələr gərgin olub və Makronun inandırmaq cəhdləri Əliyevi əsla qane etməyib.
Makron, yəqin ki, Ermənistanın mövqeyinin keşiyində dayanaraq tezislərini qeyd etdikdən sonra Əliyev Azərbaycanın səkkiz kəndinin hələ də işğal altında olduğunu xatırladıb.
Qazaxın hələ də işğalda olan yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndinin taleyi Azərbaycan-Ermənistan danışıqlarında yer alır, Əliyev Makrona çatdırır ki, Bakı işğala dair heç bir mənzərəni qəbul etmir.
İkinci bir tərəfdən, Əliyev bildirir ki, istər Qarabağda, istərsə də Şərqi Zəngəzurdan Ermənistana açılan sərhəd panoramında nə baş verməsindən asılı olmayaraq Azərbaycan digər səkkiz kənd məsələsinin aktuallığına daim vurğu edəcək.
Azərbaycan dövlət olaraq səkkiz kənd düyününün sərhədlərin delimitasiyası kontekstində hamar diplomatik müstəvidə həllinə nail olmağa çalışır, amma Ermənistan tərəfindən buna adekvat reaksiya göstərilməsə, Bakı həmin ərazilər üzrə də hərbi güc tətbiqini nümayiş etdirəcək.
Fransa isə görünür ki, indi də həmin kəndlərlə bağlı tezislər hazırlayıb, Əliyevin Makrona işğal faktını xatırlatması Parisin konsepsiyasının bələkdə boğulması deməkdir.
Aqşin Kərimov
www.demir-yumruq.az