Prezident: “Bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”

Siyasət

Suqovuşan qədim Azərbaycanın tarixi yeridir. Azərbaycan xalqı bu ərazilərdə əsrlər boyu yaşayıb. Ancaq 1923-cü ildə doğma Qarabağ diyarımızda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Qarabağın gözəl, səfalı yerləri, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsi qondarma quruma daxil edilmişdi, Bu, xalqımıza qarşı növbəti ədalətsizlik, növbəti düşmənçilik idi. Çünki Qarabağ, onun tarixi Azərbaycan xalqının adı ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalı alovlandırdıqdan sonra Azərbaycan xalqına təbrikində bildirib.

Dövlətimiz başçısı deyib: “Azərbaycan xalqı Qarabağda əsrlər boyu yaşayıb. Sadəcə olaraq, siyasi məqsədlər naminə uzun illər, sovet dövründə burada qondarma Dağlıq Qarabağ Muxtar Vilayəti fəaliyyət göstərirdi. Bildiyiniz kimi, sonra ermənilər xalqımıza qarşı işğalçılıq siyasətinə əl atdılar və 30 ilə yaxın müddətdə bizim doğma Qarabağımız və Şərqi Zəngəzurun bir hissəsi ermənilərin əlində idi. Buna son qoyulmalı idi və son qoyuldu”.

Azərbaycan Prezidenti vurğulayıb ki, biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq.

“Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”, – deyə Prezident İlham Əliyev qeyd edib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir