Azərbaycanda İsrail ilə diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub – FOTO

Siyasət

8 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İsrail Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə AR XİN-in rəhbər heyəti, Milli Məclisin üzvləri, İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov və İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin rəhbərliyi və əməkdaşları, habelə Azərbaycanın yəhudi icmasının üzvləri iştirak edib.

Tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 7 aprel 1992-ci il tarixində iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının tariximizdə əlamətdar hadisə olduğunu bildirib. İsrailin Azərbaycan Respublikası ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biri olmasını qeyd edən nazir Ceyhun Bayramov, bunun əsl dostluq və həmrəylik nümunəsi olduğunu bildirib. Tarixən etnik-dini zənginliyi, tolerant və multikultural dəyərləri ilə seçilən Azərbaycanda heç vaxt anti-semitizmin olmadığını bildirən nazir Ceyhun Bayramov, ölkələrimiz arasında hər zaman insani dəyərlər, milli-dini tolerantlıq və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin mövcudluğunu qeyd edib. İqtisadiyyat, turizm, ticarət, enerji, təhsil və digər sahələrdə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi üçün şəraitin olduğunu bildirən nazir Ceyhun Bayramov, həmçinin bugün beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə arasında səmərəli əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd edib.

Daha sonra çıxış edən İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov 30 il ərzində Azərbaycan və İsrail arasındakı münasibətlərin inkişafında bir çox nailiyyətlərin əldə olunduğunu qeyd edib. Müxtəlif sahələr üzrə inkişaf edən çoxşahəli ikitərəfli münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edən Yoel Razvozov, Bakıda keçirdiyi görüşlərdən sonra iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün imkanların olduğunu bildirib. İsrail və Azərbaycan arasındakı münasibətlərin dostluq və qarşılıqlı anlaşmaya əsaslandığını ifadə edən Yoel Razvozov, İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılmasının iki ölkə arasında birgə iqtisadi layihələrin həyata keçirilməsi və turizm sahəsində əlaqələrin genişləndirilməsi baxımından önəmli addım olmasını vurğulayıb. Yəhudi icmasının Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşamasının İsraildə yüksək qiymətləndirildiyini qeyd edən Y. Razvozov, Azərbaycanın bu baxımdan nümunəvi ölkə olduğunu bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir