Brüssel görüşünün nəticəsi Azərbaycanın regionda real güc sahibi olduğunun bariz nümunəsidir

Siyasət

Bu gün dünyada baş verən qiymət artımı və inflyasiya prosesi ilə yanaşı postpandemiya dövrünün yeni çağırışları dünya arxitekturasının formalaşması, o cümlədən yaranmış reallıqların nizamlanmasında yeni problemləri ortaya qoyur. Həmçinin, bu problemlərdən savayı Rusiya ilə Ukrayna arasında davam edən gərgin münasibət Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasında əlavə imkanların nəzərdən keçirilməsini vacib edir.

31 avqust 2022-ci il tarixində Avropa İttifaqı Şurası prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla Brüssel şəhərində baş tutan sayca 4-cü görüşü öz mahiyyəti ilə hər iki tərəf üçün faydalı oldu, bir daha Azərbaycana sülhə əsaslanmış mövqeyini açıq elan etmə imkanı verdi.

Bu görüş konkret olaraq əvvəlki görüşlərdə müzakirə olunmuş və əldə edilmiş razılıqların yerinə yetirilməsi baxımından, habelə qəbul olunmuş qərarların icrasının əlavə tədbirlərlə davam etdirilməsi, həmçinin bir sıra məsələlərə aydınlıq gətirilməsi üçün əhəmiyyətli idi.

Azərbaycan diplomatiyası və Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti bu dörd saatlıq üçtərəfli görüşdə də özünü uğurla göstərdi. Ermənistan tərəfinin, yəni Nikol Paşinyanın görüşün yekunlarına dair mətbuata səsləndirdiyi açıqlaması onu bildirməyə imkan verir ki, danışıqlar onlar üçün həddindən artıq gərgin keçib. Ermənistanın daha əvvəl üzərinə götürdüyü öhdəliklərin icrasını bilərəkdən ləngitməsi, eyni zamanda bu prosesin bu gün də müşahidə olunması keçiriləcək növbəti görüşlərdə qarşı tərəfin vəziyyətinin daha da mürəkkəb və acınacaqlı olacağına məntiqi işarədir.

Prezidentin danışıqlarda nümayiş etdirdiyi qətiyyətli mövqeyi Ermənistanın ölkəmizin beynəlxalq hüquqa söykənmiş sülh müqaviləsinə dair şərtlərini qəbul etməsi ilə nəticələndi. Belə ki, bir ay müddətində Xarici İşlər nazirliklərinin xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu. Bu, Azərbaycanın regionda real güc sahibi olduğunun bariz nümunəsidir. 

Həyata keçirilmiş bütün görüşlər, əldə olunmuş birgə razılaşmalar 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyanatın bütün bəndlərinin tam icrasını da bir daha vacib edir.

Azərbaycan postmüharibə dövründə sülhün əldə olunmasının ali məqsəd olduğunu nəinki təmsil olunduğu beynəlxalq təşkilatlar, eyni zamanda dəfələrlə Avropa İttifaqının rəhbərliyi qarşısında da tam aydın, sualsız ortaya qoyaraq bu istiqamətdə çoxşaxəli fəaliyyətini davam etdirməkdədir. Ermənistan tərəfi isə nə qədər bu prosesi uzatmağa çalışsa da daha çox özünə zərər verir.

Danışıqların yekununda son görüşdə əldə olunan razılaşmalar istiqamətində bəzi addımların atıldığını görməyi sevindirici hal kimi dəyərləndirən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel onu da qeyd edib ki: “Bu istiqamətdə ictimai mesaj çox əhəmiyyətlidir – bu cür həssas situasiyada digər tərəf ictimaiyyətdə danışılan hər bir sözü həqiqətən eşidir və qiymətləndirir”. 

Beləliklə, təşkil olunmuş hər bir görüşdə bütün dünya Azərbaycanı sülhsevər və ədalətə əsaslanan qərarın qəbul olunmasını daha çox istəyən tərəf olaraq qəbul edir.

Məzahir Əfəndiyev, Milli Məclisin deputatı

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir