“Ermənistan müharibəyə başlamaq fikrinə düşərsə, Azərbaycan heç bir yalvarışa qulaq asmayacaq” – RƏY + FOTO

Siyasət

“Ermənistan kimlərəsə arxalanıb müharibəyə başlamaq fikrinə düşərsə, bu dəfə Azərbaycan heç bir yalvarışa qulaq asmayacaq, düşmənə lazımi dərsi verəcək”.

Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanı ordusunu darmadağın etməsindən bəhs edən deputat xatırladıb ki, bununla Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edilib:

“Amma buna baxmayaraq, Ermənistan müharibədən sonrakı iki ildə dövlət sərhədimizdə mütəmadi təxribatlar törədir və təbii ki, bu təxribatların qarşısı da qətiyyətlə alınır. Azərbaycan əsgəri sərhədlərimizi gecə-gündüz qoruyur və düşmənlərimizə bir addım belə ölkəmizin ərazisinə girməsinə imkan vermir. II Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistanın taktikasını dəyişdiyini hesab edirəm. Düşünürəm ki, Ermənistan Azərbaycanla danışıqlar masasında oturaraq sülh müqaviləsinin imzalanmasından danışmaqla revanşizmə hazırlaşmaq üçün vaxt udmağa çalışır, eyni zamanda hərbi büdcəsini artırır”.

A.Badamovun sözlərinə görə, Ermənistanın Avropa İttifaqının müşahidəçi missiyasının arxasında gizlənərək özlərinin çirkin niyyətlərini həyata keçirməyə çalışdığı aydın şəkildə görünür:

“Ötən gün Daşkəsən rayonu ilə sərhəddə ağır hərbi texnikaların yığıldığı barədə xəbərlər yayılıb. Müşahidələr Ermənistanın sülhdən çox uzaq olduğunu göstərir və bu dövlətin rəhbərliyi elə bilir ki, havadarlarından dəstək almaqla Azərbaycanla müharibə apara biləcək. Lakin unutmasınlar ki, ona-buna yalvarmaqla aldıqları 5-10 texnika ilə Azərbaycan Ordusunun qarşısında heç vaxt tab gətirə bilməyəcəklər. Bu məsələdə vacib məqamlardan biri də hər iki tərəfin hərbçilərinin psixoloji vəziyyətidir, bir sözlə, hansısa ermənidə Azərbaycan əsgəri ilə döyüşməyə cəsarət də yoxdur”.

“12-13 sentyabrda havadarların şirin vədlərinə inanıb törətdikləri təxribatların nəticəsi onlar üçün çox ağır olduğu kimi, yenidən eyni hal yaşanacağı təqdirdə cavab daha ağır olacaq. Ermənistan kimlərəsə arxalanıb müharibəyə başlamaq fikrinə düşərsə, bu dəfə Azərbaycan heç bir yalvarışa qulaq asmayacaq, düşmənə lazımi dərsi verəcək. Ermənilər bunu bilməli və qulağına sırğa edərək müharibə xarakterli əməllərdən çəkinməlidirlər. Düşmən yaddan çıxarmamalıdır ki, Ali Baş Komandanın “Dəmir yumruğu” yerindədir və lazım gələn vaxtı dərhal səfərbər olunaraq düşmənin başından vurmağa hər zaman hazırdır”, – A.Badamov fikirlərini əlavə edib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir