Fikirlər haçalanır: “Atalıq məzuniyyəti əvəzinə Məcəlləyə sədaqət andı salın” – RƏY + FOTO

Siyasət

“Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı məsələ aktualdır”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə, Mədəniyyət komitələrinin birgə iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.

O qeyd edib ki, artıq bununla bağlı qanunvericiliyə dəyişiklik layihəsi hazırlanır və üst qurumlarla razılaşdırılmalıdır. Layihə razılaşdırıldıqdan sonra Milli Məclisə təqdim ediləcək.

Yoldaşı doğuşa hazırlaşan kişinin atalıq məzuniyyətinə çıxması məsələsi müzakirələrə səbəb olub. Bəziləri hətta buna ehtiyac olmadığını bildiriblər.

Bəs görəsən, bu məsələ hüquqi cəhətdən hansı şəkildə tənzimlənəcək? Ümumiyyətlə, atalıq məzuniyyətinə ehtiyac varmı?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyev atalıq məzuniyyətinin əleyhinə olduğunu deyib:

“Qanunvericilikdə Ailə Məcəlləsində analıq məzuniyyəti var. Atalıq məzuniyyəti ilə bağlı isə heç bir məlumat yoxdur. Lakin bu söz son zamanlar leksikonumuzda daha çox işlədilir. Hüquqda yenilik olacaq. Hansı ölkənin təcrübəsindən istifadə edildiyini bilmirəm. İnanmıram ki, bütün Avropa ölkələrində bu olsun. Çox nadir ölkələr atalıq məzuniyyətini tətbiq edə bilər.

Atalıq məzuniyyətinə hələ ki ehtiyacımız yoxdur. Qanunların çoxluğunun özü də bir çətinlik yaradır. Bununla heç nəyə nail ola bilmərik”.

Hüquqşünas atalıq məzuniyyətinin hüquqi baxımdan hansı qanunla əsaslanacağı haqda məlumatsız olduğunu deyib:

“Məzuniyyət hüququ işçinin işə daxil olduğu, yəni əmrin verildiyi andan yaranır. İstifadəsi altı ay sonra olur. Qadınlara analıq məzuniyyəti ona görə verilir ki, hamilə olduğu ərəfədə, 9 ay o, körpəni bətnində gəzdirir. Əziyyət çəkir. Daha sonra uşaq dünyaya gəlir. Sağlamlığının bərpası üçün doğrudan da, məzuniyyətə ehtiyacı olur. Ona görə də anaya bu hüquq verilir. Kişiyə niyə verilir? Hüquqi baxımdan hansı qanunla əsaslanacağı sual doğurur. Çox maraqlıdır. Düşünürəm ki, atalıq məzuniyyəti üçün heç cür imkan yoxdur”.

Ş.Əliyev qeyd edib ki, Ailə Məcəlləsinə məzuniyyət əvəzinə sədaqət andı əlavə olunmalıdır:

“Çox istərdim ki, Ailə Məcəlləsində ailəyə sədaqət andı əlavə olunsun. Nikaha daxil olan şəxslər ailəyə sədaqət andı içməlidirlər. “Son anıma qədər ailəmə sədaqət nümayiş etdirəcəyəm” sözlərini deməlidirlər”. 

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov qeyd edib ki, atalıq məzuniyyətini ödənişli etmək istəyi səhv düşüncədir:

“Atalıq məzuniyyəti Əmək Məcəlləsində var. Qadını doğuşa gedəndə kişinin 14 gün ödənişsiz məzuniyyət hüququ var idi. İndi onu ödənişli etmək istəyirlər. Bu, səhv qərardır. Sadəcə, həmin maddənin ödənişsizini ödənişli ilə əvəz etmək istəyirlər. Xanım bir müəssisədə işləyir, kişi digərində və ya xanım ümumiyyətlə işləmir. Sual olunur ki, iş yeri kişiyə niyə 14 gün üçün pul verməlidir?

Layihəni hazırlayanlar bir qədər sovet düşüncəli adamlardır. Elə bilirlər ki, vahid xalq təsərrüfatı sistemidir. Hamı dövlət müəssisəsində çalışır. Düzgün deyil. Belə güzəştlər dövlət hesabına və yaxud da xüsusi fondlar hesabına olmalıdır. Vicdanlı sahibkar, onsuz da, yetəri qədər vergi ödəyir. Bu da yükdür”.

S.Məmmədov atalıq məzuniyyətinə ehtiyac olmadığını söyləyib:

“Atalıq məzuniyyətinə ehtiyac yoxdur. Tədqiqat aparılmalı idi ki, nə qədər insan indiyə qədər ödənişsiz məzuniyyətdən xanımları doğuşa gedəndə istifadə edib. Görünəcəkdir ki, çox az faiz. Tədqiqatını aparmadan belə qərar qəbul etməyi düşünürlər. İndi isə hamı istifadə edəcək. 14 gün evdə oturub pul alacaqlar. Hələ bir az da artıq orta əməkhaqqı ilə hesablanacaq. Əvvəl isə bundan bir-iki faiz şəxs istifadə edirdi. İndi isə hamı edəcək. Bu da işəgötürənlərin əlavə xərclərinə gətirib çıxaracaq”.

Nəzrin Vahid

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir