Bu gün ölkəmiz Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. İqtisadi sahədə keçid dövrü kimi səciyyələnən çətin və mürəkkəb mərhələni geridə qoyan respublikamız üzləşdiyi bütün təhdid və təzyiqləri inamla dəf edərək müstəqillik dövrü ərzində regionda tam müstəqil və çox uğurlu siyasət yürüdür. Azərbaycan bu gün həm də regional məsələlərdə əsas söz sahiblərindən biridir – respublikanın iştirakı olmadan regionda hər hansı strateji layihənin gerçəkləşdirilməsi mümkün deyildir.
Ölkəmizdə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçı dövlətə çevirib. Bu gün isə Prezident İlham Əliyevin apardığı uğurlu enerji siyasəti nəticəsində Azərbaycan təkcə neft və qaz ixracatçısı yox, eyni zamanda, regionda elektrik enerjisi ixracatçısına çevrilir. Xüsusilə son dövrlərdə ölkəmizdə bərpaolunan enerji növlərinin istehsalı istiqamətində böyük işlər görülür. Bərpaolunan enerji mənbələrinə, əsasən də günəş, külək və su enerjisi istehsalı sahələrində beynəlxalq şirkətlərin Azərbaycana böyük marağı var. Həmçinin, Xəzər dənizinin bərpaolunan enerji istehsalı potensialı xarici investorları cəlb edir. Ölkəmiz, eyni zamanda, Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir.
Zəngin karbohidrogen ehtiyatlarına malik olan, eyni zamanda neft-qaz resurslarının işlənməsində böyük təcrübə qazanan Azərbaycan müstəqillik illərində regional və qlobal əhəmiyyət daşıyan bir sıra yeni, diversifikasiya edilmiş enerji layihələrini reallaşdırmağa nail olub. Şaxələndirilmiş uğurlu enerji siyasəti hazırkı qlobal risklər şəraitində respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirməklə yanaşı, tərəfdaş ölkələrin də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Məhz ölkəmizin şaxələndirilmiş enerji siyasəti, təşəbbüsləri, böyük fəallığı və daim xoş niyyət nümayiş etdirməsi sayəsində hazırda Xəzər hövzəsi bir sıra ölkələr, Asiya ilə Avropa arasında qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilib.
Ölkəmiz müstəqillik qazandıqdan sonra digər sahələrdə olduğu kimi enerji sahəsində də uğurlu, gələcəyə hesablanmış siyasət həyata keçirilməyə başlandı. Mövcud potensialdan düzgün istifadə, imkanların səmərəli istiqamətləndirilməsi enerji təhlükəsizliyinin təmin olunması məqsədilə atılan mühüm addımlardandır.
Ölkəmiz müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.
Enerji siyasətində ölkəmizin etibarlı tərəfdaş olması, bu istiqamətdə sıx əməkdaşlıqlar qurması, vacib tranzit imkanlarına malik olması, dünyanın aparıcı enerji şirkətləri ilə əməkdaşlıq etməsi və nəhəng enerji potensialına malik olması enerji təhlükəsizliyi məsələsində daha da uğurlu gələcəyə əminlik yaradır.
Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək modern Azərbaycan dövləti modeli formalaşıb. Siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Bu model əsasında uğurla həyata keçirilən və yeni çalarlarla zənginləşdirilən sosial-iqtisadi siyasətin nəticələri Azərbaycanın həm də beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsinə gətirib çıxarıb.
Fəxarət hissilə bildiririk ki, müqəddəs bir vəzifəni – Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə II Qarabağ savaşında qazandığımız böyük Qələbə 2020-ci ilin hüdudlarına sığmayacaq bir tarixi hadisəyə çevrilib. Bu Zəfər bizi 30 ilə yaxın addım-addım yaxınlaşdığımız inamlı, ümidli bir sonluğa çatdırıb, əsrlərdən bizə miras qalmış qürurumuzu dirçəldib. Qarabağ Azərbaycandır!
Gülər Hüseynova,
Salyan rayon Qarabağlı-1 saylı kənd tam orta məktəbin müəllimi
