Bəzən insanlara statistika adi bir rəqəmlər toplusu təsiri bağışlayır. Amma bu, belə deyil. Statistik göstəricilərin arxasında dayanan milyonlarla insan əməyi var. Ümumiyyətlə, statistika bir elmdir. İnsan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan bir elm. Statistika terminindən ilk dəfə alman alimi Qotfrod Axenval istifadə edib.
Statistikanın sonrakı inkişafı isə Belçika statistiki Ketlenin adı ilə bağlıdır. Hazırda statistika termini üç mənada işlədilir. İlk növbədə statistika dedikdə adamların xüsusi praktiki fəaliyyət sahəsi başa düşülür. Hansı ki, bu fəaliyyət sosial-iqtisadi inkişaf səviyyəsini əks etdirən məlumatların toplanması, işlənməsi və təhlilinə istiqamətlənib. İkincisi, statistika təcrübəsində istifadə olunan nəzəri fikirlərin və metodların işlənməsi ilə məşğul olan elm sahəsi statistika adlandırılır. Nəhayət, bəzən müxtəlif hesabatlarda əks etdirilən, dövri mətbuatda və külliyyatlarda dərc edilən statistik məlumatlara da statistika deyilir.
Ümumdünya Statistika Günü Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 64/267 nömrəli qətnaməsinə əsasən hər 5 ildən bir qeyd edilir. BMT bu qətnaməni qəbul etməklə etibarlı statistika məlumatlarının hazırlanmasında milli statistika təşkilatlarının fundamental əhəmiyyətini təsdiq etdi. Bu bayram 100-dən çöx ölkədə, habelə BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təntənəli şəkildə qeyd edilir. Bu günün əsas ideyası dəyişməz qalır – etibarlı məlumat, peşəkarlıq və innovasiya. Bu prinsiplər dünyada sabitlik, tərəqqi və davamlı inkişafın təmin olunmasında statistikanın rolunu daha da gücləndirir.
Bu günün məqsədi müasir qloballaşma dövründə statistikanın rolunu və əhəmiyyətini bütün rəsmi statistika istehsalçılarına, statistik məlumat istifadəçiləri də daxil olmaqla, vətəndaş cəmiyyətlərinə çatdırmaqdan ibarətdir. Azərbaycanda da bu gün xüsusi qeyd edilir. Azərbaycan statistikləri üçün bu günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, bu il Azərbaycanda statistikanın təşkil olunmasının 105 ili tamam olur. Tarixə nəzər salsaq görərik ki, 1920-ci il avqust ayının 19-da Azərbaycan İnqilab Komitəsi tərəfindən dövlət statistikası haqqında ilk əsasnamə təsdiq olunub. Ölkəmizdə statistika orqanlarının bütün dövrlərdəki işi statistika orqanları qarşısında duran əsas vəzifələrin yerinə yetirilməsinə yönəldilib. Bu, hər şeydən əvvəl, ölkənin sosial-iqtisadi inkişafına dair elmi cəhətdən əsaslandırılmış statistik məlumatların vaxtında yığılması, işlənməsi və cəmiyyətin bütün təbəqələrinə çatdırılmasından ibarətdir. Bu gün Azərbaycanda beynəlxalq standartlara cavab verən statistika fəaliyyət göstərir.
Dövlət Statistika Komitəsi bir çox beynəlxalq təşkilat və ölkələrin statistika orqanları ilə əməkdaşlıq edir, məlumat mübadiləsi aparır.
Statistika sahəsində əldə olunan nailiyyətlər dövlətin və hökumətin yüksək qayğısı sayəsində mümkün olub. Ulu öndər Heydər Əliyev statistikaya yüksək qiymət verib. Azərbaycanda statistikanın inkişafında dönüş nöqtəsi məhz Ümumilli Liderimiz Heydər Əliyevin 1994-cü il 18 fevralda “Statistika haqqında” imzaladığı qanunla reallaşıb. Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin də statistika sahəsinə qayğısı və bununla bağlı qəbul etdiyi proqramlar, strateji planlar statistika sahəsinin inkişafında və daha da təkmilləşdirilməsində böyük rol oynamaqdadır. “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 14 fevral 2018-cil tarixli Sərəncam ölkə prezidentinin statistika sahəsinə diqqətinin bariz nümunəsidir. Son illər ərzində Azərbaycanda statistikaya dair 6 dövlət proqramı qəbul edib. Qəbul olunan proqramlar statistikanın inkişafına dəstək olub. Bu, bir daha statistikanın ölkəmiz üçün nə qədər önəmli olduğunun göstəricisidir. Belə ki, statistikada ölkənin dünəni, bu günü, gələcəyi müəyyən olunur və bu gün rəqəmsal inşikaf, İT, texnologiya, süni intelekt statistikanı daha çevik və əlçatan edir.
Bu ilin 24-26 sentyabr tarixlərində Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda III Beynəlxalq Statistika Forumun keçirilməsi heç də təsadüfi deyil. Bu, Azərbaycan statistikasının artıq dünyaya örnək olacaq addımı idi. Forumda prezident İlham Əliyevin iştirakçılara ünvanlandığı müraciətdə deyilir. “Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.
Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.
Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir”.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 2016-cı il 7 sentyabr tarixində “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” Fərmana uyğun olaraq, 2019-cu ilin 1-10 oktyabr tarixlərində müstəqil dövlətçilik tariximizdə sayca üçüncü dəfə əhalinin siyahıyaalınması keçirilmişdir. Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi Salyan rayonunda da əhalinin siyahıyaalınması uğurla həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 oktyabr 2023-cü il tarixli 357 nömrəli Qərarına uyğun olaraq 2025-ci il iyulun 15-dən avqustun 15-dək Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınması keçirilmişdir. Kənd təsərrüfatının siyahıyaalınması Salyan rayonunda uğurla həyata keçirilmişdir.
İdarə əməkdaşları hər bir tapşığıra xüsusi həssaqlıqla yanaşır, işini sevərək görür. Çünki hər bir statistika əməkdaşı başa düşür ki, ölkənin dünəni, bu günü, gələcəyi, rifahı onun təqdim etdiyi doğru və dolğun rəqəmlərdən bilavasitə asılıdır.
Statistika orqanlarının ən əsas vəzifəsi istifadəçilərin tələbatlarının yüksək səviyyədə keyfiyyətli məlumatlarla ödənilməsi ilə onların məmnunluğunun təmin edilməsidir. Yuxarıda qeyd edildiyi kimi statistika müasir dünyada sadəcə rəqəmlərin toplanması deyil, həm də cəmiyyətin real mənzərəsini əks etdirən güzgüsüdür. İqtisadiyyatın inkişaf templəri, əhalinin demoqrafik göstəriciləri, təhsil və səhiyyənin vəziyyəti, eləcə də sosial rifahın səviyyəsi məhz statistik məlumatlar əsasında müəyyən edilir. Bu göstəricilər olmadan gələcəyə dair düzgün strategiya qurmaq və effektiv idarəetmə həyata keçirmək mümkün deyil.
Salyan Rayon Statistika İdarəsinin rəisi: Elnur Hüseynov
