“Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə geniş tərkibli görüşdə əvvəlki Vaşinqton administrasiyasının xarici siyasət kursunu ciddi tənqid etməsi, xüsusən Azərbaycana münasibətdə səhvlərə yol verildiyi və sərsəm siyasət yürütdüyünü bəyan etməsi ABŞ və Azərbaycan arasında xalqların və dövlətlərin maraqlarının və mənafelərinin tam şəkildə təmin olunduğu yeni keyfiyyət mərhələsinə qədəm qoyulduğunu göstərməkdədir”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Bəhruz Məhərrəmov bildirdi.
“Demokratlar hakimiyyəti dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər özünün tarixinin ən mürəkkəb dövrünü yaşamış, cənab İlham Əliyevin təbirincə desək, Bakı və Vaşinqton arasında əlaqələr tamamilə sıfırlanmış, nəticə etibarilə ABŞ-nin özünün Cənubi Qafqazdakı maraqlarına tarixin heç bir dövründə olmadığı qədər mənfi təsir göstərir. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Cənubi Qafqazdakı maraqlarının yalnız Azərbaycanla bərabərhüquqlu əməkdaşlıq şəraitində daha effektiv formada təmin olunacağını proqnozlaşdırmaq üçün uzun bir dövr lazım olmadı.

Ötən il avqustun 8-də Prezident İlham Əliyevin cənab Trampın dəvəti ilə Vaşinqtona səfəri çərçivəsində iki ölkə arasında əldə olunan razılaşma və imzalanan bəyanat uzunmüddətli boşluqdan və dövlət başçımızın təbirincə desək, sıfırlanan münasibətdən intensiv inkişaf edən səviyyəyə qədəm qoydu. Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya səfəri və cənab İlham Əliyevlə məhdud və geniştərkibli görüşlərdə, həmçinin mətbuat üçün bəyanatda ifadə etdiyi mövqeyi əslində ötən ilin avqustundan Bakı və Vaşinqton arasında başlanan marafonun məntiqi sonu və münasibətlər üçün yeni dövrün başlaması hesab edilə bilər”, – deyə o, qeyd etdi.
Müsahibimiz xüsusilə vurğuladı ki, səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanması, tərəflərin münasibətlərin əsası kimi bir-birinin suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını dəstəklədiklərini bir daha bəyan etməsi, əməkdaşlığın yalnız və yalnız qarşılıqlı hörmət, maraq və ortaq fayda doğuran sahələrdə davam etdirilməsinin zərurətinə istinad olunması münasibətlərin bütün dövründə Bakının öz arqumentlərində nə qədər haqlı olduğunu bir daha ortaya çıxardı:
“Proseslərin gedişində bir daha da şahidlik etməkdəyik ki, əhali sayı və ərazi ölçüsü ilə dünyada xüsusi bir göstəriciyə malik olmayan Azərbaycanın ən böyük üstünlüyü onun liderinin vizyonudur. Məhz bu vizyon sayəsində dünyanın bir nömrəli gücü Azərbaycanın yaratdığı reallıqlara regionun təhlükəsizliyinin formulu kimi baxır. Cənab İlham Əliyev elə bir konfiqurasiya formalaşdırıb ki, bu gün artıq okeanın o tayından Bakıya gələn və Soros ideyaları ilə Azərbaycan cəmiyyətini zəhərləməyi hədəfləyən qalstuklu missionerləri enerji, texnologiya, qida məhsulları və nəqliyyat sahələrini təmsil edən böyük investorlar əvəzləyib. Daha dəqiq desək ABŞ və Azərbaycan münasibətləri artıq özünün elə dövrünü yaşamaqdadır ki, ötən period ərzində itirilmiş zaman və buraxılmış imkanların bərpasını təmin etməyin ciddi perspektivlərini indidən proqnazlaşdırmaq mümkündür”.
