ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana rəsmi səfəri və Prezident İlham Əliyevlə keçirdiyi görüş iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Yüksək səviyyəli danışıqlar, imzalanan sənədlər və verilən mesajlar göstərdi ki, Bakı ilə Vaşinqton arasında əməkdaşlıq artıq keyfiyyətcə fərqli, daha sistemli və strateji məzmun daşıyan mərhələyə daxil olub.
Görüş zamanı Strateji Tərəfdaşlıq haqqında Xartiyanın imzalanması xüsusi əhəmiyyət daşıdı. Bu sənəd son altı ay ərzində intensiv diplomatik və institusional hazırlıq prosesinin nəticəsi kimi ortaya çıxdı. Altı ay əvvəl Vaşinqtonda Prezident Donald Tramp ilə keçirilmiş görüş və işçi qrupunun yaradılması barədə qərar iki ölkə münasibətlərində yeni səhifə açmışdı. İmzalanan Xartiya isə həmin prosesin məntiqi davamı olaraq əməkdaşlığın institusional əsaslarını möhkəmləndirdi. Prezident İlham Əliyev görüş zamanı bildirib: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir.” Bu ifadə münasibətlərin səviyyəsini və Azərbaycanın bu əməkdaşlığa verdiyi siyasi önəmi aydın şəkildə göstərir.
Danışıqlar zamanı Cənubi Qafqazda sülh prosesinə xüsusi diqqət yetirilib. ABŞ administrasiyasının, xüsusilə Prezident Donald Trampın vasitəçiliyi və iştirakı ilə ötən ilin avqustunda Ermənistan və Azərbaycan arasında Ağ Evdə sülh sazişinin paraflanması region üçün mühüm hadisə olmuşdur. Prezident İlham Əliyev həmin prosesə görə ABŞ rəhbərliyinə minnətdarlığını ifadə edib.
Altı ay ərzində regionda nisbi sabitliyin qorunması və tərəflərin sülh şəraitində yaşamağa başlaması yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Azərbaycan tərəfindən Ermənistana gedən yüklərin tranziti üzrə məhdudiyyətlərin aradan qaldırılması, eləcə də neft məhsullarının təchizatına başlanması iqtisadi əməkdaşlıq mühitinin formalaşmasına real zəmin yaradıb. Bu addımlar sülhün yalnız siyasi bəyanatlarla deyil, praktik mexanizmlərlə möhkəmləndirildiyini göstərir.
Tramp-Vens administrasiyasının təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – TRIPP layihəsi regionun gələcək iqtisadi arxitekturasında mühüm yer tutur. Bu marşrut Azərbaycanın əsas ərazisi ilə Naxçıvanı birləşdirməklə yanaşı, Azərbaycan, Ermənistan və digər qonşu ölkələr vasitəsilə Asiya ilə Avropanı birləşdirən etibarlı və təhlükəsiz daşımalar dəhlizi kimi nəzərdə tutulur. TRIPP layihəsi yalnız nəqliyyat infrastrukturu deyil, həm də regionda qarşılıqlı asılılıq və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından strateji platformadır. Bu təşəbbüs Cənubi Qafqazın rəqabət meydanından əməkdaşlıq məkanına çevrilməsi istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilir.
İmzalanmış Xartiyada təhlükəsizlik və antiterror əməkdaşlığı xüsusi yer tutur. Azərbaycan uzun illərdir beynəlxalq təhlükəsizlik təşəbbüslərində fəal iştirak edən etibarlı tərəfdaş kimi tanınır. Bu kontekstdə müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi və müdafiə məhsullarının satışı istiqamətində yeni mərhələnin başlanması ikitərəfli əlaqələrə əlavə strateji çalar verir.
Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində oynadığı rol da xüsusi vurğulanıb. Bu gün Azərbaycan 16 ölkənin, o cümlədən 11 NATO üzvünün enerji təhlükəsizliyinə töhfə verir. Bu fakt ölkəmizin qlobal enerji xəritəsində mühüm aktor olduğunu bir daha təsdiqləyir.
Görüşün mühüm istiqamətlərindən biri də iqtisadi sərmayələr və yüksək texnologiyalar sahəsində əməkdaşlıq olub. Xüsusilə süni intellekt (AI) mərkəzlərinin yaradılması və rəqəmsal infrastrukturun inkişafı ikitərəfli gündəliyin prioritet mövzularından biri kimi qeyd edilib. Amerikanın aparıcı texnologiya şirkətləri ilə qurulan tərəfdaşlıq Azərbaycanın rəqəmsal transformasiya prosesini sürətləndirə bilər. Süni intellekt texnologiyalarının tətbiqi dövlət idarəçiliyi, təhlükəsizlik, enerji, nəqliyyat və sənaye sahələrində səmərəliliyin artırılmasına imkan verəcək. Rəqəmsal infrastrukturun modernləşdirilməsi isə Azərbaycanın regionda innovasiya və texnoloji inkişaf mərkəzlərindən birinə çevrilməsi üçün yeni perspektivlər açır. Bu istiqamət yalnız iqtisadi artım deyil, həm də bilik iqtisadiyyatına keçid baxımından strateji əhəmiyyət daşıyır.
Beləliklə, ABŞ-ın Vitse-prezidentinin Azərbaycana səfəri, imzalanan Strateji Tərəfdaşlıq Xartiyası və aparılan müzakirələr iki ölkə arasında münasibətlərin sistemli və institusional əsasda yeni mərhələyə daxil olduğunu göstərir. Siyasi dialoq, sülh təşəbbüsləri, regional bağlantılar, təhlükəsizlik əməkdaşlığı və yüksək texnologiyalar sahəsində açılan yeni istiqamətlər qarşılıqlı etimada söykənən tərəfdaşlığın geniş perspektivlərə malik olduğunu nümayiş etdirir. Bu dinamika ABŞ–Azərbaycan münasibətlərinin yaxın illərdə daha da dərinləşəcəyini göstərən əsas amillərdən biridir.
Tariel Atamalıyev,
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP fəalı
