2026-cı il fevralın 4-də Prezident cənab İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu.
Prezident İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi təkcə şəxsi liderliyin tanınması deyil, həm də Azərbaycanın Cənubi Qafqazda və Avrasiya məkanında sülh, sabitlik və əməkdaşlıq təşəbbüslərinin beynəlxalq səviyyədə tanınmasıdır. Bu mükafatın geosiyasi əhəmiyyəti böyükdür: o, regionda uzun illər davam etmiş münaqişə və gərginliyi arxada qoyaraq, dayanıqlı sülhün və etimada əsaslanan əməkdaşlıq modelinin yaradıldığını təsdiqləyir.
Cənab Prezident çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini qeyd etdi. Bu yanaşma Azərbaycanın regionlararası əməkdaşlıqda liderlərin tarixi roluna verdiyi önəmin göstəricisidir. Dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyənin atasının siyasi kursunu uğurla davam etdirdiyini, BƏƏ-nin milli köklərə sadiq qalmaqla müasir və ahəngdar cəmiyyət modeli yaratdığını vurğuladı. Bu modelin sülh və inkişaf axtarışında olan ölkələr üçün nümunə xarakteri daşıdığı xüsusi qeyd edildi.
Cənubi Qafqaz həmişə fərqli güclərin toqquşduğu bir məkan olub.Bu bölgədə sabitlik və əməkdaşlıq yaratmaq sadəcə diplomatiya tələb etmir; müdriklik, uzaqgörənlik və cəsarət tələb edir. Prezident İlham Əliyev bütün mürəkkəb geosiyasi proseslərə baxmayaraq, regionu “sülh adası”na çevirmək və ölkələrarası qarşılıqlı etimadı bərpa etmək siyasətini uğurla həyata keçirdi.Mükafatın verilməsi, bir tərəfdən, bu çətin və riskli proseslərin nəticəsi, digər tərəfdən isə Azərbaycan diplomatiyasının qlobal səhnədə nüfuzunun rəmzidir.
Cənab prezident İlham Əliyevin çıxışın əsas siyasi ağırlıq mərkəzini Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh təşkil etdi. Prezident cənab İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, Azərbaycan 30 ildən artıq davam edən müharibə dövründən sonra artıq altı aydır sülh şəraitində yaşayır və bu, müstəqillik tarixində yeni bir mərhələdir. Xüsusi vurğulanan məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü oldu. Cənab Prezident həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə etdi. 2025-ci il avqustun 8-də baş tutmuş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə üç onillik davam edən münaqişəyə son qoyulduğu xüsusi qeyd olundu. Postmünaqişə dövründə atılan praktiki addımlar isə sülhün real məzmunla doldurulduğunu nümayiş etdirir. Azərbaycan tərəfindən Ermənistanla yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda etimadın bərpasına yönəlmiş strateji qərarlardır. Prezidentin ermənistanlı həmkarı ilə Əbu-Dabidə keçirilən görüşü gələcək əməkdaşlıq gündəliyinin formalaşdığını göstərir. Prezident cənab İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradə və beynəlxalq ictimaiyyətin konstruktiv dəstəyidir. Azərbaycanın təcrübəsi bu baxımdan hələ də müharibə şəraitində olan ölkələr üçün real yol xəritəsi kimi çıxış edə bilər.
Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi, sülh siyasətinin uğurla tətbiqi və Azərbaycanın beynəlxalq nüfuzunun artması deməkdir. Bu hadisə həm regionda, həm də qlobal miqyasda dayanıqlı əməkdaşlıq, sabitlik və təhlükəsizliyin mümkün olduğunu göstərir. Azərbaycan artıq yalnız Cənubi Qafqazda deyil, Avrasiya və dünyada sülh və əməkdaşlığın təşəbbüskarı kimi tanınır. Bu mükafat həm də mesajdır: müdrik və cəsarətli liderliyin nəticəsində sülh mümkündür.
Ramil Bayramov,
Salyan rayon Mədəniyyət Mərkəzinin direktoru, YAP fəalı
