Sumqayıt Kimya Sənaye Parkında bu il daha bir müəssisənin istifadəyə verilməsi planlaşdırılır

İqtisadiyyat

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin Polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.

İZİA-dan verilən məlumata görə, müəssisənin investisiya dəyəri 11 milyon manatdan çoxdur.

Layihə üzrə indiyədək görülən işlərə artıq 7,8 milyon manatdan artıq sərmayə qoyulub və işlərin təqribən 70 faizi tamamlanıb. 50-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə iki növdə – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə ediləcək polietilen örtüklərin – məhsul istehsalı həyata keçiriləcək.

İtaliyanın qabaqcıl texnologiyalarının tətbiq olunacağı müəssisədə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqust ayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.