“Şuşa – Qlobal Sözün Yeni Ünvanı”

Baş səhifə

Azərbaycan son onilliklərdə öz geosiyasi mövqeyi, dayanıqlı inkişaf kursu və beynəlxalq əməkdaşlığa açıq siyasəti ilə qlobal diplomatik münasibətlər sistemində mühüm mövqe qazanmışdır. Müstəqilliyin bərpasından sonra ölkəmiz xarici siyasətini balanslı, çoxtərəfli və qarşılıqlı maraqlara əsaslanan prinsip üzərində quraraq, dünyanın aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq münasibətləri formalaşdırmışdır. Bu münasibətlər təkcə siyasi sahəni deyil, iqtisadi, mədəni, humanitar və informasiya müstəvisini də əhatə edir. Məhz bu istiqamətdə görülən məqsədyönlü işlərin nəticəsi olaraq Azərbaycan bir çox mühüm beynəlxalq tədbirlərin – o cümlədən BMT, İƏT, ATƏT, Qoşulmama Hərəkatı kimi qurumların toplantılarının, Bakı Humanitar Forumu, Qlobal Gənc Liderlər Sammiti və COP29 kimi qlobal iqlim tədbirinin ev sahibi olmuşdur. Bu cür tədbirlərin keçirilməsi Azərbaycanın sabitliyinin, təşkilati imkanlarının və beynəlxalq etimadın göstəricisidir.

Azərbaycanın bu sahədə qazandığı təcrübə və beynəlxalq nüfuz, son illərdə artıq yalnız Bakıda deyil, ölkənin digər strateji bölgələrində də beynəlxalq tədbirlərin keçirilməsi üçün zəmin yaradıb. Xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən Zəfərdən sonra azad olunmuş ərazilərdə – Şuşa, Xankəndi, Zəngilan və digər bölgələrdə regional və beynəlxalq tədbirlərin təşkili, həm simvolik, həm də praktiki əhəmiyyət daşıyır. Bu tədbirlər vasitəsilə Azərbaycan bütün dünyaya mesaj verir: işğaldan azad edilən torpaqlar nəinki sürətlə bərpa olunur, həm də beynəlxalq dialoqun, sülhün, əməkdaşlığın ünvanına çevrilir. Bu məkanlar artıq yalnız tarixi-mədəni dəyər deyil, eyni zamanda müasir dünya ilə birbaşa təmasda olan aktiv ictimai-siyasi platformalardır. Şuşa kimi mədəniyyət və tarix simvolu olan bir şəhərin qlobal forumlara ev sahibliyi etməsi bu baxımdan xüsusi önəm daşıyır. Həmçinin Xankəndidə keçirilən tədbirlər sübut edir ki, Azərbaycan bu ərazilərdə sülhün və inklüziv cəmiyyətin bərqərar olması üçün davamlı addımlar atır və beynəlxalq ictimaiyyəti də bu prosesə cəlb edir.

Bu baxımdan, Prezident İlham Əliyevin iştirakı ilə 2025-ci ilin iyulunda keçirilən III Şuşa Qlobal Media Forumu mühüm əhəmiyyətə malikdir. Artıq üçüncü dəfədir ki, bu miqyasda beynəlxalq tədbir məhz Şuşada – Azərbaycanın mədəniyyət paytaxtında baş tutur. Bu, təkcə ölkənin informasiya siyasəti sahəsində atdığı addımların deyil, həm də Qarabağın beynəlxalq platforma kimi təqdimatının göstəricisidir. Forumda dünyanın müxtəlif ölkələrindən gəlmiş nüfuzlu media nümayəndələri, jurnalistlər, ekspertlər və tədqiqatçılar informasiya sahəsində çağırışlar, dezinformasiya ilə mübarizə, rəqəmsal medianın inkişafı və informasiya təhlükəsizliyi kimi vacib mövzular ətrafında fikir mübadiləsi aparıblar. Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışında vurğuladığı kimi, Azərbaycan bu forum vasitəsilə həm öz informasiya strategiyasını paylaşır, həm də beynəlxalq media ilə əməkdaşlığını daha da gücləndirmək niyyətini ortaya qoyur. O, çıxışında qeyd etdi ki, azad edilmiş torpaqlarda aparılan quruculuq işləri yalnız infrastruktur səviyyəsində deyil, informasiya və ideoloji müstəvidə də aparılır. Bu forum həmin prosesin davamı kimi qəbul olunmalıdır.

Əlavə olaraq vurğulamaq lazımdır ki, Şuşa Qlobal Media Forumunun keçirilməsi Azərbaycanın post-münaqişə dövründə qurduğu milli informasiya strategiyasının və “yumşaq güc” diplomatiyasının mühüm hissəsinə çevrilmişdir. Forumun hər dəfə daha geniş iştirakçı heyəti və daha yüksək səviyyədə təşkili göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycan reallıqlarını daha yaxından öyrənmək və bu prosesdə tərəfdaş olmaq istəyindədir. Bu tədbir, həmçinin işğaldan azad olunmuş ərazilərdə informasiya təhlükəsizliyi, media savadlılığı və kommunikasiya imkanlarının inkişaf etdirilməsinə xidmət edir. Forum çərçivəsində aparılan müzakirələr bir daha sübut etdi ki, Azərbaycan yalnız regional sabitliyin deyil, həm də qlobal informasiya sabitliyinin təminində maraqlıdır. Şuşada bu səviyyəli tədbirlərin təşkili dünya ictimaiyyətinə bir daha bəyan edir: Azərbaycan regionda yeni mərhələyə – bərpa, inkişaf və sülh dövrünə qədəm qoymuşdur və bu proses açıq, şəffaf və beynəlxalq əməkdaşlığa əsaslanan formatda həyata keçirilir.

Elçin Kazımov,

YAP Salyan rayon təşkilatının gənc YAP fəalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir