Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə aprelin 27-də “FunniFy – tələbələrin təhsildən kənar əyləncə proqramı”nın açılış mərasimi keçirilib.
Proqramın başlıca məqsədi tələbələrin idman oyunlarında əyləncəli iştirakını təşkil etmək, tələbələr üçün idman və kompüter oyunlarını, eləcə də fərdi bacarıq tələb edən oyunları fərqli və daha əyləncəli bir şəkildə təqdim etmək, tələbələrin asudə vaxtlarında sağlam həyat tərzinə üstünlük verməsini və keçirilən layihələrə cəlb olunmasını təmin etməkdir.
Respublika Olimpiya Mərkəzində baş tutan tədbir Dövlət Himninin səslənməsi və Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Açılış mərasimi gənclər və idman nazirinin müavini İndira Hacıyeva və ATGTİ-nin sədri Pərviz Mirələmlinin çıxışları ilə davam edib. Onlar öz nitqlərində cənab prezident İlham Əliyevin idmana və gənclər siyasətinə göstərdiyi xüsusi diqqət və qayğını qabardaraq, təqdim olunan proqramın əhəmiyyəti və yaxın aylar ərzində tələbə gənclərə göstəriləcək dəstək haqqında fikirlərini bölüşüblər.
Daha sonra ATGTİ-nin Təlimlərlə iş üzrə meneceri, “FunniFy” proqramının rəhbəri Eldar Qurbanov layihənin hədəflərindən danışıb, fəaliyyət planı və intensivliyi barədə ətraflı məlumat verib.
Təqdimat mərasimindən sonra tələbə gənclərin iştirakı ilə proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan müxtəlif idman oyunları nümayiş olunub.
Proqramın yaxın illər ərzində bütün Azərbaycan üzrə icra olunması planlaşdırılır.
www.102info.az
