“Təmir işləri iki həftədir başlayıb, gələn ilin oktyabrında tamamlanması gözlənilir”.
Oxu.Az xəbər verir ki, bunu “Tərtər” sol sahili magistral kanalına təşkil edilən mediatur zamanı “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Tərtər Hidroqovşağı İstismar İdarəsinin rəisi Emil Hacıyev deyib.
Onun sözlərinə görə, “Tərtər” sol sahil magistral kanalı 22,4 kilometr uzunluğundadır:
“Bu kanalın suötürmə göstəricisi saniyədə 20 kubmetrdir. Dörd rayona xidmət edir. Goranboy, Yevlax, Bərdə və Tərtərin sol sahildə yerləşən kəndlərində ümumilikdə 29 min hektar sahənin suvarılmasında mühüm rolu var”.
E.Hacıyev qeyd edib ki, kanalın mənbəyi Suqovuşan su anbarıdır:
“Tərtər” magistral kanalında bərpa işləri aparılır. Birinci Qarabağ müharibəsində Suqovuşan su anbarı işğal altında olduğuna görə kanala su verilməyib. Təmir-bərpa işləri bitdikdən sonra Suqovuşandan su veriləcək”.
Nəzrin Vahid
