Narkotik maddənin təsiri altında avtomobili idarə edən taksi sürücüsü saxlanılıb.
Bu barədə Oxu.Az-a DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, İdarənin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dünən “Toyota Prius” markalı, 99-RT-704 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə taksi fəaliyyəti göstərən Vüqar Süleymanzadə stasionar postda saxlanılıb.
Sənədlərin yoxlanılması zamanı taksi sürücüsünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Vüqar Süleymanzadənin narkotik maddə olan marixuana qəbul etməsi müəyyən olunub və o, narkotik istifadəçisi olduğunu etiraf edib.
Özü ilə yanaşı, taksi xidməti göstərdiyi müştərilərinin də həyatını təhlükəyə atan Vüqar Süleymanzadə barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Könül Cəfərli
www.102info.az
